Keçid linkləri

Siyasətin, elə tarixin də qəribə ironiyası var imiş. Dünya böyük tiranlardan, müstəbidlərdən xilas olandan sonra, bəlkə də, çoxunun ağlına gəlməzdi ki, kiçik millətlər böyük millətlərin, kiçik diktatorlar isə böyük diktatorların və tiranların artıq imtina etdikləri yolu təkrar getməyə cəhd edəcəklər. Qarovul, təntənə, böyük qəbul, tərif – əcəba, nə baş verib? Heç nə. Sən demə, İlham Əliyev Həştərxana və yaxud da Ukraynaya səfər edib. Dünyanın çox böyük siyasətçiləri, dövlət xadimləri, hətta Nobel mükafatı laureatları olub, amma görünür, onların heç biri Heydər Əliyev qədər uzaqgörən olmayıb, hərçənd olsaydılar, özlərindən sonra oğullarını siyasi varis qoyub gedərdilər. Oğul da hara getsəydi, orada atasının adına heykəl və yaxud da mərkəz açdırardı. Dünya siyasətində Heydər Əliyevin rolu nə olub? Bəlkə də, pambıqçılığın inkişafında onun hansısa xidmətləri olub, amma böyük siyasət adlanan bir fenomen belə bir imza tanımır.
Qərbdən fərqli olaraq bura Şərqdir, burada təmtərağı, zinəti və təəssüf ki, sülalələri sevirlər. Buralarda insanlar hələ də «Sən kimsən?» soruşmaqdan daha çox «Sən kimin oğlusan?» və yaxud da «Sən kimlərdənsən?» soruşmağı sevirlər


Tale hətta E. Şevarnadzeyə də böyük siyasəti yaxından duymaq və onda iştirak etmək şansı qismət etdi – Əfqanıstandan sovet qoşunlarının çıxarılması, Almaniyanın birləşməsi, böyük imperiyanın de-monntacı zamanı o, böyük siyasətin mərkəzində olmuşdu. Bəlkə də, bu, taleyin işidir, ancaq Heydər Əliyevin belə bir imkanı olmamışdı.

Moskvada olduğu zaman təhsil islahatları ilə bağlı artıq ulduzu sönmüş və təhsildən başqa hər şey yadına düşən bir imperiyanın proqramını təqdim etmək və bir də qəzaya uğramış gəmi ilə bağlı təhqiqat komissiyasına başçılıq etmək – onun fəaliyyəti məhz bu aspektdən yadda qalıb. Təsadüfi deyil ki, öz ölkəsi ona fərqli münasibət bəsləsə də, Şevarnadze hələ də xaricdə anılır və yad edilir. Amma nə Gürcüstanda, nə də başqa bir ölkədə ona nə abidə qoyulub, nə də onunla bağlı hər hansı muzey açılıb. Amma Heydər Əliyevin abidələri, muzeyləri artıq diplomatik protokolun ayrılmaz hissəsinə çevrilib, nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, çox güman ki, belə davam edəcək. Bunun təkcə övlad sevgisinin nəticəsi olduğunu güman etmək sadəlövhlük olardı. Bu yolla İlham Əliyev həm də öz hakimiyyətini möhkəmləndirir, siyasətdə heç də təsadüfi adam olmadığını, geniş əlaqələrə, imkanlara və hətta tarixə malik olduğunu sübut etmək istəyir, çünki siyasət adamlarının özlərini daha çox sadə nəslə bağlamağa və sadə insanlar sırasından çıxdığını nümayiş etdirməyə cəhd edən Qərbdən fərqli olaraq bura Şərqdir, burada təmtərağı, zinəti və təəssüf ki, sülalələri sevirlər. Buralarda insanlar hələ də «Sən kimsən?» soruşmaqdan daha çox «Sən kimin oğlusan?» və yaxud da «Sən kimlərdənsən?» soruşmağı sevirlər.

İDARƏ ETMƏYƏ ÖZ ÖLKƏN, YAŞAMAĞA QÜRBƏT ELLƏR


MDB diktatorları bütün digərlərindən fərqlənir. Bunları birləşdirən ən böyük xüsusiyyət odur ki, onların əksəriyyəti Moskvadan gələn zəngin nə demək olduğunu öz həyatlarında hiss ediblər və yaxud da bunu yaxından duymaq «şərəfinə» nail olublar. Diqqət edin. MDB diktatorları arasında bircə nəfər belə olsun Qərb yönümlü diktator yoxdur. Onların hamısı təkcə Moskvadakı siyasi ab-havaya diqqət və həssaslıqla yanaşırlar, bu səbəbdən bunların hamısını «Kremlin ərköyün övladları» adlandırmaq olar. Amma onlar Qərbə də biganə deyillər. Müalicə olunmaqdan, təhsil almaqdan, pul yerləşdirmək və sərvət toplamaqdan, yaşamaqdan, mülk – sərvət almaqdan, hətta səfər etməkdən söhbət düşəndə Qərbə üstünlük verirlər. Necə deyərlər, yaşamaq üçün qürbət ellər, idarə etmək üçün isə öz ölkən, öz xalqın! Bunlar öz ölkələrinə «şəxsi firma», xalqlarına isə bir «material» kimi baxırlar, özlərinin acıları bunları narahat etmir, amma uzaq şimalda pinqvinlərin aqibətindən və sayının azalmasından bərk narahat olurlar – S.Türkmənbaşı kimi!.. Söz ondan düşmüşkən. S.Türkmənbaşının maliyyə işlərinə baxan adam o, hələ canını tapşırmamışdan Türkmənistanı tərk etmişdi. Bu isə artıq nə tarixin və nə də siyasətin deyil, elə taleyin ironiyasıdır, bəli, məhz taleyi ironiyasıdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG