Keçid linkləri

Təcili xəbərlər

1969


Səttar Bəhlulzadə
Səttar Bəhlulzadə
İki-üç gün öncə rəssam Sakit Məmmədovun yeni sərgisinin açılacağı xəbərini eşidib sevindim. Çoxdandır ki, onu “Can Bakı” proqramına çağırmaq keçirdi könlümdən. Maraqlı bir rəssam olmaqla yanaşı Sakit bəy həm də öz saytı olan yeganə rəssamımızdır. Bundan yaxşı qonaq hardan tapacaqdım?

Əvvəl bir sərgiyə baxaram, özüylə də tanış olaram, sonra nə zaman vaxtı olsa, verilişə dəvət edərəm-deyə fikirləşdim.

SƏRGİ HARDA OLACAQ?


Təbii ki, ağlıma gələn növbəti sual bu oldu. Sərginin keçiriləcəyi yerin adı qəribəydi: Qalereya-1969. Bu nə sərgi salonudur-dedim? Yəqin təzə açılıb.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə zəng çaldım. Məşğul idi. Arada bir unutdum. Başım “Can Bakı”nın çərşənbə günü efirə gedəcək canlı yayımına qarışdı.

Eybi yox, açılışdan sonra gedib baxaram-dedim. Və canlı yayımdan çıxar-çıxmaz şok xəbər eşitdim:

SƏTTAR BƏHLULZADƏ ADINA SƏRGİ SALONUNUN ADINI DƏYİŞİBLƏR!
1969 Qalereyası


Nə? Ola bilməz! Ötən il onun yüz illik yubileyini UNESKO səviyyəsində qeyd etdilər. Bu il adını Sərgi salonundan çıxarırlar?

Radiomuzun “Kontekst” proqramında gedən süjet hər şeyi aydınlaşdırdı. Salon təmirdən sonra özəlləşdirilmişdi. Yeni sahib də ona təzə adqoydu etmişdi--1969.

Aha, indi anladım. Bu, Heydər Əliyevin hakimiyyətə gəliş ilidir…

1969?

Lap Corc Oruelin dünya şöhrətli “1984” romanının adına bənzədi.

Əziz oxucum, “1984” romanı barədə söhbət gələn həftələrdə olacaq. Bilməyənlərə bildirim ki, totalitarizmi yıxıb-sürüyən bu roman artıq dilimizə çevrilib. Yaxınlarda kitab şəklində də çıxacaq. Parlament seçkilərindən sonra bu tərcümə barədə olacaq “1984” başlıqlı yazımı gözləyin.

Hələliksə, hədəfimiz başqa tarixdir—1969-dur…

MƏMUR TARİXİ QABAQLAYIB!

Görünür, salonu özəlləşdirən şəxs ad üstündə çox baş sındırıb və nəhayət, istədiyini tapıb.

Onu təbrik etməyə dəyər!

Bu şəxs hər kimdirsə, özü də bilmədən, tarixi qabaqlayıb.

Gələcəkdə mütləq yazılacaq bir romanını adını indidən özününküləşdirib, öz diliylə desə, özəlləşdirib!.

BU ROMAN MÜTLƏQ YAZILACAQ!

Əmin olun, “1969” romanı mütləq yazılacaq. Onun müəllifi bu sətirləri oxuyan sizlər də ola bilərsiniz, hətta sizdən doğulacaqlar, yaranacaqlar da…

Tarixdə heç bir şey örtülü, gizli qalmır. Bax, elə dünən 80 il öncə Səməd bəy Mehmandarovun “Təzə bəy” hamamında xəzinədar işlədiyini öyrənmədikmi? Sizcə niyə ölümünə bir il qalmış 75 yaşlı bu şöhrətli general hamamda işləməyə razı olmuşdu?

Çünki indiki kimi o dövrdə də 100 manatlıq pensiya ilə dolanmaq olmurdu.

Səməd bəy də hər gün İstiqlaliyyət küçəsindəki mənzilindən çıxıb yuxarı qalxır, sonra sağa dönüb “Təzə bəy” hamamındakı işinin başına yollanırdı…

Sol tərəfə - hərbi nazir olduğu məkana gedən yol on il öncə bağlanmışdı…

SƏTTAR KİMİ SEVİLƏN RƏSSAM GÖRMƏDİM…


Səttar Bəhlulzadə bu ölkənin, bu Vətənin ən sevimli oğlu idi.

Uşaq kimiydi. Onu bu özəlliyinə görə lap çox istəyirdilər. Bütün həyatını--ölənəcən Azərbaycanı qarış-qarış gəzdi. Onun gözəlliklərini kətana köçürdü.

Mən Qogen kimi baş götürüb ilham və natura dalınca Taitiyə getmərəm – dedi Doğma xalqın həyatı, Vətən torpağıi mənim ilham qaynağımdır - söylədi.

İnsafən, xalq da onu sevdi. Onun haqqında hazırladığım canlı verilişlərin birində bunun bir daha şahidi oldum. Rəssamı bircə dəfə görən adi adamlar zəng çalıb kövrələ-kövrələ qarşılaşdıqlarının tarixçəsini danışırdılar.

Verilişə dəvət etdiyim sənətşünas bənzərsiz rəssamın ona atalıq qayğısından danışır, doluxsunur, oğluna Səttar adı verdiyini qürurla söyləyirdi.

Nə deyirsiniz-deyin, mən Azərbaycanda Səttar kimi sevilən bir rəssam görmədim.

ƏSRİ ŞÖHRƏTLƏNDİRƏN RƏSSAM?


Düz oxudunuz. Bu sözlər Səttar Bəhlulzadə haqqında deyilib. Heydər Əliyevin fikridir. İndi necə deyib o cür yazacam:

“Səttar Bəhlulzadə öz yaradıcılığı ilə XX əsri şöhrətləndirdi”.

Gözəl deyib! Onun sənətə, sənətkarlara olan qayğısı, sevgisi haqqında ağızdolusu danışırlar.

Hökmdarlar öz zamanlarında sənətkarsız ötüşməyiblər.

Hətta Mustafa Kamal Paşa “hökmdar olmaq olar, sənətkar gərək doğulsun” söyləyib.

Amma Əlahəzrət Zamanın çıxardığı bu danılmaz həqiqəti o salonu özəlləşdirən şəxs qulaqardına vurub.

Yarınmağın yeni formasını axtarıb tapıb.

Lap “Roma Papasından da çox…” məsəlində olduğu kimi.

Uşaq kimi saf bir qəlbi vurub sındırıb.

Zaman qiymətini versin!

Amin!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG