Keçid linkləri

Təcili xəbərlər

Öz parlamentlərini necə qurdular?


Müxalifətə bir yer belə vermədilər. Nə müxalifətin güclü kampaniya apardığı dairələrdə, nə müxalifət namizədlərinin özünü «sakit» apardığı dairələrdə, nə güclü iqtidar namizədlərinin təmsil olunduğu dairələrdə, nə də zəif iqtidar nümayəndələrinin təmsil olunduğu dairələrdə.

İQTİDARIN YENİ ERASI


İsa Qəmbərin dairəsindən «Lider» telekanalının jurnalisti Etibar Hüseynov çıxdı qutudan, Əli Kərimlinin dairəsində Fərəc Quliyevi qalib elan etdilər.

Fuad Qəhrəmanlının namizəd olduğu dairə söyüş təntənəsinin meydanı oldu – buradakı millətin vəkili titulunu Hüseynbala Mirələmov qazandı.

Başqa maraqlı dairə nəticələri də var: Pənah Hüseynin Asim Mollazadəyə, Rauf Arifoğlunun isə heç kimin tanımadığı Sədaqət Vəliyevaya məğlub olduğunu elan etdilər.
“Sənin müharibə və şərəfsizlik arasında edəcək bir seçimin var idi. Şərəfsizliyi seçdin, müharibəni aldın”


Bu seçkilərlə Azərbaycan hökuməti müxalifətin rəsmi siyasətdən tam sıxışdırılıb çıxarıldığı bir eraya başlanğıc verdi.

ÖZ PARLAMENTLƏRİNİ NECƏ QURDULAR?

Yumşaq müxalifəti belə yaxın buraxmaq istəmədilər, öz parlamentlərini yaratdılar. Zatən, çoxdan buna hazırlaşırdılar. İndi isə buna imkan əldə etdilər.

Müxalifətin sərbəst toplaşmaq azadlığını ləğv edəndən sonra, azad mətbuatın təmsilçilərini həbsə atandan, biri haqqında isə televiziya kanalı ilə porno-material yayandan sonra, müxalifət namizədlərinin böyük əksəriyyətinin qeydiyyatından imtina edib AXCP-Müsavat blokunu seçkilərə cəmi 39-40 namizədlə buraxandan sonra buna nail oldular.

İnsafən, Azərbaycanın demokratik qüvvələri onlar üçün cızılmış oyun sərhədləri daxilində demokratiya uğrunda var-gücləri ilə mübarizə apardılar. Və uduzdular.

Təbii ki, seçkidə məğlub elan edilən müxalifət namizədləri əslində qələbə səsləri topladıqlarını iddia edə bilərlər və bəlkə, bunu hətta dəlillərlə sübut da edə bilərlər.

İQTİDARIN SEÇİMİ...


Lakin yekunda İsa Qəmbərin «yaxından, uzaqdan seçki ilə əlaqəsi olmayan» Əli Kərimlinin və Arif Hacılının isə «böyük rüsvayçılıq» adlandırdıqları bu siyasi prosesin sonunda müxalifət parlamentdə təmsilçilik əldə edə bilmədi. Lenindən sitat gətirməyi sevmirəm, amma müxalifətin bir addım geri durduğu bu mübarizədə iqtidar bir addım irəli atır və proses tərəflərdən birinin siyasi səhnədən silinməsinədək davam edəcək. İndi müxalifət «Azadlıq», «Yeni Müsavat» qəzetlərinin mövcudluğunu qorumaq uğrunda savaşmaq sərhədlərinə qədər kiçildilib. Növbəti iqtidar-müxalifət mübarizənin sərhədləri məhz bu nöqtəyə gəlib dirənib.

Seçkidə ən maraqlı məqam isə keçmiş müxalifətçilər, sonradan isə iqtidarda təmsil olunub iş-güc sahibi olmaq naminə öz siyasi mövqeyini dəyişənlərin başına gələnlər idi. Təbii ki, bu zümrədən olan siyasilərin bəzilərinə parlamentdə yer verildi. Əksəriyyəti isə kənarda qaldı. Yəqin xeyli təəccübləniblər. Bəlkə, mübarizədən imtina etməyin əvəzində əldə etdikləri nəticədən peşmandırlar da. Bəlkə də. Amma gərək ki, peşman olmasınlar. 1939-da Hitler Almaniyası Nevil Çemberlenə verdiyi vədləri pozaraq Polşaya hücum edəndə Uinston Çörçil Çemberlenə onun 1938-də imzaladığı Münhen sazişini xatırladaraq demişdi:

«Sənin müharibə və şərəfsizlik arasında edəcək bir seçimin var idi. Şərəfsizliyi seçdin, müharibəni aldın».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG