Keçid linkləri

Təcili xəbərlər

Ayı siyasiləşəndə


Azərbaycan jurnalistikasının qədim prinsipi var- söz vaxtına çəkər. Azad Avropa Radiosunun Bolqarıstan xidmətinin veteran jurnalisti vaxtilə mənə danışırdı ki, kommunist dönəmində Bolqarıstan lideri Todor Jivkov meşəyə ayı ovuna gedir.

Jivkov bütün günü meşəni ələk-vələk eləsə də, qabağına ayı çıxmır. Axşam dilxor qayıdır, yanındakılara deyir ki, sabah axtarışını davam etdirəcək və gedir yatmağa.

Jivkovun köməkçiləri gecə ilə yerlilərdən soruşurlar ki, buralarda ayı varmı? Cavab alırlar ki, neçə illərdir, bu yerlərdə ayı görən olmayıb.
Onda Jivkovun köməkçiləri qərara gəlirlər ayını paytaxt Sofiyadan gətizdirsinlər.

Zəng edirlər paytaxta Mərkəzi Komitəyə. Ordan da Sofiya zooparkının direktoruna zəng olunur ki, təcili bir ayı versin.

Ayını gecə ilə yola salırlar Jivkov ova çıxdığı yerə. Səhərə yaxın ayını buraxırlar meşəyə...

...Səhər tezdən bir yerli kənd sakini velosipedlə qonşu kəndə gedirmiş. Meşənin içindən keçən yolda qabağına birdən Sofiyadan gələn ayı çıxır. Yazıq ömründə ayı görmədiyindən qorxusundan velosipedi qoyub, qaçır.

Ayı da sən demə, əvvəllər sirk ayısı olubmuş (sirk ayılarını qocalanda zooparka verirlər).
Kəndlinin qoyub-qaçdığı velosipedə minib, cığırla sürməyə başlayır...

...O biri tərəfdə, Jivkov tezdən durub, yenidən çıxır ayı ovuna.
İndi təsəvvür edin. Bolqarıstan lideri Jivkov əlində tüfəng, ayı axtarır. Bir də görür qabaqdan ayı gəlir, meşədə velosiped sürə-sürə...

Jivkov elə bilib, onu qara basır...

Absurd, yəqin ki, sonun əlamətidir, sonun özü hələ görünməsə də.
Sonrası nə oldu?
Hamısı dağıldı.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG