Keçid linkləri

Təcili xəbərlər

ATƏT kimin tapşırığını yerinə yetirir?


Qəribədir. Cəmiyyətdəki müxtəlif sosial qrupların təbəqələrin öz düşüncə tərzi və təfəkkürü olur. Bir dəfə elə söhbət zamanı YAP-çı deputatlardan biri müxtəlif beynəlxalq təşkilatları sadaladı və onların rəyinin öz partiyası və onun təmsil etdiyi hakimiyyət üçün elə bir əhəmiyyət kəsb etmədiyini dedi. Mən ondan hansı təşkilatların rəyinin bu hakimiyyət üçün əhəmiyyət kəsb etdiyini soruşanda o, ATƏT-in, BMT–nin, AŞ-nın, AB-nin və NATO-nun adını çəkdi. İndi mən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son açıqlamasını eşidəndə bir qədər qəribə hisslər keçirirəm. Baş məmurun sözündən belə məlum oldu ki, ATƏT-in seçkiyə qiymət verən müşahidəçi missiyası öz qiymətini hansısa «tapşırığ»ın təsiri altında verib.

Bəlli olduğu kimi hazırda ATƏT-ə Qazaxıstan sədrlik edir. Doğrudanmı, Qazaxıstanın Azərbaycanla bağlı hansısa özəl maraqları var? Azərbaycan Çin, Rusiya, və hətta İran və Şimali Koreya kimi dünya siyasəti üçün xüsusi maraq kəsb edən ölkələrdən biri olsaydı, bəlkə də, belə bir gümanlara düşmək əsaslı olardı, ancaq Azərbaycan tək YAP-ın təbliğat çarxlarında «Cənubi Qafqazın lideri dövləti» adlanır, dünya siyasəti üçün hansısa xüsusi əlamətə malik deyil. Bəs onda problem nədədir?
«Ölkədə böyük işlər görülüb, bunlar mətbuatda öz əksini tapmalıdır», «son seçkilər ölkədə demokratiyanın təntənəsi kimi qəbul olunmalıdır». Qəliblər özünü dərhal hiss etdirir:« tapmalıdır», «qəbul olunmalıdır»! Bunun özü totalitar düşüncə tərzinin göstəricisidir. Demokrat heç vaxt belə qəliblərlə danışmır


AÇIQ SİYASƏT VƏ GİZLİ SÖVDƏLƏŞMƏ NƏZƏRİYYƏSİ


Siyasət xüsusi davranış və düşüncə tərzi yaradır. Əgər demokratik dövlətlər özlərini başqa dövlətlərlə və dünya ilə vəhdətdə təsəvvür edirlərsə, qeyri – demokratik dövlətlər əksinə, gec –tez özlərinə qapanırlar. Demokratlar üçün siyasət açıqdır, demokratikdir, o, heç bir məkr – filan olmadan formalaşır, amma qeyri – demokratlara görə isə siyasət daim hansısa «gizli mətbəx»də yaranır. Və buradan xüsusi düşüncə tərzi, ritorika meydana çıxır. Ölkənin problemlərini çözmək, öz insanlarının və başqalarının rəğbətini qazanmaq əvəzinə başlayırlar Nostradamusun sentruionlarında YAP hakimiyyəti ilə bağlı xüsusi işarələr axtarmağa, ya da ekstrasenslərin proqnozlarına diqqət verməyə. Problemin çözümü budur. 18 ildir ki, Azərbaycan ATƏT-in və BMT –nin üzvüdür. Bu illər artıq müəyyən nəticələr hasil etmək üçün yetərlidir. Əgər BMT –də böyük dövlətlərin təsiri ara – bir hiss olunursa bunu ATƏT haqqında demək çətindir. Həm də Azərbaycanda keçirilən parlament seçkisi dünya üçün fövqəlmaraq kəsb etmədiyindən burada hansısa gizli mətləbin mövcud olduğunu güman etmək əsassızdır – təkcə Avropada ildə belə bir neçə dəfə belə seçkilər keçirilir və onlar o qədər adiləşib ki, siyasətçiləri ancaq seçki nəticəsində formalaşacaq hökumətlərin siyasəti maraqlandırır.

SEÇKİLƏRİN ENTROPİYASI


İstənilən ölkədə parlament seçkisində qalib və bir də müxalif partiyalar olur. Deyirlər, filan partiya səslərin böyük hissəsini qazandı, müxalifət partiyası isə azlıqda qaldı. Gəlin son seçkilərin nəticələrini qarşımıza qoyub diqqətlə fikirləşək. YAP-ın opponenti, rəqib partiyası hansıdır? Belə partiya yoxdur, bütün partiyalar parlamentdə bir mandatla təmsil olunublar, əsas müxalifət bloku isə heç bir səs almayıb. Bu sxemə baxan istənilən politoloq və ya da sosioloq onun süni olduğunu deyər. Bilirsiniz, cəmiyyətdə, elə təbiətdə də adətən az entoropiya tələb edən hallar gerçəkləşir və süni sxemlər bir qayda olaraq olmur. Xüsusi enerji olmadan kristal quruluş formalaşmadığı kimi, xüsusi səy olmadan tək partiyalı parlament də formalaşmır. İnsanları necə proqramlaşdırmaq olar ki, onlar bütün səslərini bir partiyaya versin və digər partiyalardan ancaq bir nəfəri seçmiş olsun? Təcrübədə belə nəticə almaq qeyri – mümkündür. Ona görə də R. Mehdiyev nə qədər desə ki, son seçkini ölkədə demokratiyanın təntənəsi kimi qəbul etmək lazımdır, bu, heç vaxt olmayacaq, çünki əsl seçkilərin nəticəsində süni sxemlər yaranmır və kristallaşmış totalitar siyasi strukturlara təsadüf olunmur.

İNSTRUKSİYALARIN DİLİ


Əvvəllər, sovetlər vaxtında partiya instruktorları olurdu, onlar tövsiyələr hazırlayırdılar. Belə bir iş prosesində xüsusi danışıq, yazı üslubu yaranır və hətta dil formalaşırdı. Prezident Administrasiyasının rəhbərinin bir neçə frazasına diqqət yetirin: «ölkədə böyük işlər görülüb, bunlar mətbuatda öz əksini tapmalıdır», «son seçkilər ölkədə demokratiyanın təntənəsi kimi qəbul olunmalıdır». Qəliblər özünü dərhal hiss etdirir:« tapmalıdır», «qəbul olunmalıdır»! Bunun özü totalitar düşüncə tərzinin göstəricisidir. Demokrat heç vaxt belə qəliblərlə danışmır... Bundan sonra ATƏT –i və ya başqasını qınamağa dəyərmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG