Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda niyə kitab oxumurlar?


Bakıda gənclərin kitab oxuma aksiyası, 24 Aprel 2010
Bakıda gənclərin kitab oxuma aksiyası, 24 Aprel 2010
Çox qəribədir. Heç kim kitab oxumadığını özü, könüllü etiraf etmək istəmir.

Amma son bir ayda, son bir ildə hansı kitabı oxuduğunu soruşanda məlum olur ki, böyük əksəriyyətin mütaliə dairəsi elə məktəb proqramı çərçivəsi ilə məhdudlaşır.

Üstəlik, onlar etiraf etsələr də, etməsələr də, ölkədəki mütaliə prosesini bir neçə parametr üzrə tədqiq etmək mümkündür.

Təbii ki, məlum sorğular da az göstərici deyil.

Amma elə sorğularsız da, mütaliə prosesini xarakterizə edən bir neçə detala diqqət yetirməklə, müəyyən qənaət əldə etmək mümkündür.

Söz yox ki, belə analiz bir sıra detalları, məsələn, əvvəlki dövrlərdə və indi mütaliə zövqünü araşdırmağa imkan vermir.

Amma bunu da tədqiq etmək cəhdləri olub. Məsələn, bir müddət bundan əvvəl keçirilən rəy sorğusu nəticəsində məlum olmuşdu ki, əhali arasında dini ədəbiyyata maraq artıb.

Sovet dövründə bu istiqamətdə, yəni dini ədəbiyyatın mütaliəsi ilə bağlı boşluq vardı, o vaxt dini ədəbiyyat dərc olunmurdu, yaxud xüsusi icazəsi olan adamlara bu ədəbiyyatdan istifadə etməyə imkan verilirdi.

İndi bununla bağlı bir sərbəstlik var, hətta bu sərbəstlikdən bir az sui–istifadə cəhdləri də müşahidə olunur – dini kitablar adı altında çox zövqsüz nəşrlər insanlara təqdim olunur. Digər bir detal da var.

Adətən metrolardakı köşklər ancaq dərsliklərin satışı ilə məşğul olurlar, amma bu köşklərin hamısında detektiv ədəbiyyatına rast gəlmək olur, təbii, bu da marağın bir göstəricisi hesab oluna bilər.

Amma bir sual açıq qalır: bəs əsl bədii ədəbiyyata ölkədə maraq hansı səviyyədədir?
Yazıçılar Birliyinin üzvlərinin sayı ədəbi jurnalların tirajından beş dəfə çoxdur. Belə çıxır ki, yazıçı adlanan zümrə özlərinin və biri – birinin yazdıqlarını hətta özləri oxumurlar


JURNALLARIN TİRAJI AYB-NİN ÜZVLƏRİNİN SAYINDAN 5 DƏFƏ AZDIR


Bəli, bu, çox maraqlı göstəricidir – Yazıçılar Birliyinin üzvlərinin sayı ədəbi jurnalların tirajından beş dəfə çoxdur.

Buradan belə nəticə alınır ki, yazıçı adlanan zümrə özlərinin və biri – birinin yazdıqlarını hətta özləri oxumurlar.

Peşəkar ədəbiyyat adamları arasında ədəbiyyata maraq bu səviyyədədirsə, onda daha başqaları haqda nə demək olar? İnsanların böyük əksəriyyətinin artıq ədəbi nəşrlərin dərc olunub – olunmasından xəbəri belə yoxdur.

Amma vaxtilə belə deyildi – «Azərbaycan» və «Ulduz» ən sevilən nəşrlərdən idi, «Ədəbiyyat və incəsənət», «Qobustan» daim izlənirdi. Hətta Moskvada nəşr olunan «Literaturnaya qazeta» çoxlarının sevimli qəzeti idi.

90-cı illərin əvvəli idi. Avtobus gözləyirdim, əlimdə də «Literaturnaya qazeta» vardı. Bir qoca rus qadını mən yaxınlaşıb «Olar qəzetə baxım?

Bu, mənim ən sevimli qəzetimdir» - dedi. Mən qəzeti ona bağışlayıb avtobusa mindim. Bilirsiniz, bunu niyə görə xatırladım? İnsanların ədəbi nəşrlərə marağını göstərmək üçün...

ÜÇ MİLYONLUQ ŞƏHƏRDƏ SƏKKİZ KİTAB MAĞAZASI


Bəli, bu boyda şəhərdə vur –tut səkkiz kitab mağazası var ki, onların ünvanı da heç çoxlarına məlum deyil.

Yenə də bir detal yadıma düşdü. Universitetin yaxınlığında kiçik bir kababxana və onun yanında da bir kitab mağazası var idi – söhbət 80 –ci illərin əvvəlindən gedir.

İndi oralarda kitab mağazası yoxdur, amma kababxana bir az da genişlənib, gözəl təmir olunub...

Başqa ölkələrdə kitabların ən çox satıldığı yer ali məktəblərin yaxınlığı olur, burada isə tamam başqa mənzərə...

BƏS GƏNCLƏR NƏ OXUYUR?


Bu da maraqlı sualdır, yaşlılar oxumursa, deməli gənclərlə maraqlanmaq və onların nə oxuduğunu öyrənmək lazımdır.

Gənclərin də maraq dairəsi bir o qədər də heyrətləndirmək iqtidarında deyil.

Birinci yerdə dərsliklər və təbii, dərs ləvazimatları gəlir. Məktəbliləri də bura əlavə etsək dərsliklərin satışı kitab biznesində ən gəlirli sahədir. Əgər maraq dairəsindən söhbət gedirsə, bu sferada ən çox maraq kəsb edən xarici dillər və kompüterdir.

Gənclər ilə bağlı bir detalı da qeyd etmək yerinə düşər. Repetitorların getdikcə artan təsiri gəncləri müstəqil mütaliədən ayırır, onların müstəqil şəkildə işləmək və öyrənmək qabiliyyətini heçə endirir.

Hələ bununla bağlı bir həyəcan hiss olunmur, amma bunun təsiri özünü bir neçə ildən sonra göstərəcək, o vaxt məlum olacaq ki, mexaniki əzbərçiliklə məşğul olan tələbələr heç də yaxşı mütəxəssis ola bilmirlər.

KOMPÜTER KİTABI ƏVƏZ EDƏ BİLƏRMİ?


İndi əsl internet bumu yaşanır. Hətta internetin rolunu bir qədər şişirtmək cəhdi hiss olunur. Amma bunlar heç də reallığı əks etdirmir.

Əvvəllər də müxtəlif elm sahələri, ədəbiyyatla bağlı məlumat kitabları, ensiklopediyalar dərc olunurdu.

Amma heç kim elmləri və elə ədəbiyyatı da bu məlumat və sorğu kitabları əsasında öyrənmirdi, bu, heç mümkün də deyildi, çünki belə vəsaitlər ancaq səthi təsəvvür verə bilirdi.

İnternet haqda da eyni sözləri demək mümkündür – internet də sorğu kitabı kimidir, ən yaxşı halda sadəcə məlumat verir...

Həmçinin
Seymur Baycan: Mən necə özümü "Zaparojes" kimi hiss etməyim ki...

Nərmin Kamal: Oxucular bizi ətə dəyişmişdilər

Ən son yazılan

XS
SM
MD
LG