Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanı Qərbə bağlayan tellər


Səngaçal terminalı
Səngaçal terminalı
Belə görünür ki, Azərbaycan özünü Qərbə “dəmirlərlə”, özü də uzun müddətə bağlamağa qərar verib. Əgər əvvəllər onu Qərbə 2 neft kəməri (Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan) bağlayırdısa, bundan sonra bura yeni qaz kəmərləri şəbəkəsi də əlavə olunacaq.

Uzun müddət həm ölkə daxilində, həm də ölkə xaricində daim müzakirə obyekti olan “görəsən Azərbaycanın əsas qazı hara gedəcək” sualı artıq öz aktuallığını itirir. Ona görə ki, Azərbaycan özünün etdiyi strateji seçimi artıq ictimaiyyətə açıqlamaq qərarına gəlib - əsas qaz həcmləri Qərb istiqamətində ixrac ediləcək.

Mənə maraqlı gələn bu oldu ki, rəsmi Bakının mövqeyini faktiki olaraq “bp-Azerbaijan” şirkətinin prezidenti Rəşid Cavanşir dilə gətirdi və bu açıqlama bir qrup türk jurnalistinin Azərbaycan səfəri zamanı verildi. Bu o zaman edildi ki, ATƏT-in zirvə toplantısına qatılmaq üçün dövlət başçıları artıq Astanaya toplaşırdılar.

AZƏRBAYCANIN YENİ QAZ KƏMƏRİ


“Şahdəniz” yatağının irimiqyaslı işlənməsinin ümumi konsepsiyası ondan ibarətdir ki, ildə 24 mlrd kubmetr qazın hasil edilib ixracı üçün zəruri işlər görülsün. Hazırda ildə 8 mlrd kubmetr qaz çıxarıb onu sabit şəkildə Türkiyəyə ixrac etmək imkanımız var. Amma yaxın gələcəkdə (2017-ci ildən etibarən) daha 16 mlrd kubmetr çıxarıb ixrac etmək lazımdır.

Rəsmi Bakı artan qaz həcmlərinin sabit ixracını təmin etmək üçün Azərbaycan ərazisində yeni qaz kəmərinin çəkilməsinə razılıq verib. Bu qaz kəmərinin uzunluğu 400 km olacaq və Cənubi Qafqaz Qaz kəmərinin (onu adətən Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri adlandırırlar) Azərbaycan hissəsinə paralel çəkiləcək.

Rəşid Cavanşirin verdiyi məlumatlara əsasən, BTƏ-un buraxılış qabiliyyətinin artırılması üçün Gürcüstan ərazisində əlavə iki güclü nasos-kompressor stansiyası (NKS) tikmək lazımdır. “Gürcüstanda relyef çox mürəkkəbdir, ona görə yeni boru çəkməkdənsə, NKS tikmək kommersiya cəhətdən sərfəlidir”, - deyə “bp-Azerbaijan”ın prezidenti izah edib. Yeni ixrac infrastrukturunun ərsəyə gəlməsi üçün ilkin olaraq $3 mlrd investisiya tələb olunur.

Haşiyə:

“Şahdəniz” yatağı
Cənubi Qafqaz qaz kəmərinə (SCP) KİV-də Bakı-Tbilisi-Ərzurum deyilir. O, 2004-2006-cü illərdə “Şahdəniz”in “Mərhələ 1” layihəsi çərçivəsində tikilib. SCP Azərbaycanın əsas neft ixracı kəməri BTC ilə yanaşı çəkilib. Hər iki boru kəmərini Livan-Yunanıstan servis şirkəti CCIC tikib. Səngəçaldan Gürcüstan-Türkiyə sərhəddinə kimi (680 km) xərclər $1,1 mlrd oldu. “BOTAŞ” şirkəti Gürcüstan-Türkiyə sərhəddindən Ərzurumda qazpaylayıcı məntəqəyə kimi (280 km) qaz kəməri çəkilişi xərclərini öz üzərinə götürdü. Hazırda SCP-nin buraxılış qabiliyyəti ildə 8,2 mlrd kubmetrdir.

NƏYƏ LAZIMDIR YENİ QAZ KƏMƏRİ?

Məlumdur ki, BTƏ tikiləndə 25 mlrd kubmetrədək qaz nəqli üçün nəzərdə tutulmuşdu. Hazırda BTƏ-nun buraxıcılıq gücü bunun 1/3-i qədər olsa da, boru kəməri layihələndirilərkən və tikilərkən hər şey nəzərə alınıb. Buna nail olmaq üçün, sadəcə, NKS-ın gücünü və sayını artırmaq lazımdır. Onda yeni qaz kəmərinin çəkilişi niyə gündəmə gəlib?

Əvvəla, SCP boyunca Azərbaycan ərazisi ilə yeni kəmərin çəkilişi zərurət olanda fiziki ixrac həcmini 35 mlrd m3-a çatdırmağa imkan verəcək.

İkincisi, gələcəkdə istisna deyil ki, “Şahdəniz”də “Mərhələ-3” layihəsi olsun. Axı “Mərhələ-1” çərçivəsində 180 mlrd m3, “Mərhələ-2” çərçivəsində 350 mlrd m3 qaz ixracı nəzərdə tutulur. İndi sübut edilib ki, “Şahdəniz”in ehtiyatı 1,2 trln m3-dir. Demək, tamamilə mümkündür ki, 10-15 ildən sonra “Şahdəniz” genişlənəcək. Onda ixrac üçün yeni infrastruktura ehtiyac yaranacaq.

Üçüncüsü, məlumdur ki, “Azəri-Çıraq-Günəşli”nin dərin qatlarında ən azı 200 mlrd m3 (ARDNŞ-ə görə, 300 mlrd m3) qaz var. Onların dünya bazarına çıxarılması 2020-ci ildən sonra baş tutmalıdır.

Dördüncüsü, bu yaxınlarda yeni “Ümid” yatağının kəşfi (200 mlrd m3), eləcə də ARDNŞ-in bu yataq yaxınlığında yeni kəşfiyyat işlərinə başlamaq niyyəti (o cümlədən, “Babək”) Azərbaycan qazının ixrac həcmini artırmağa imkan verir.

Beşincisi, 2011-ci ildən başlayaraq Xəzərin Azərbaycan sektorunda xarici şirkətlər (Fransanın “Total” şirkəti “Abşeron” strukturunda, Almaniya RWE-si “Naxçıvan”da, Britaniya BP-si “Şəfəq/Asiman”da) kəşfiyyata başlayacaq.

Güman olunan ehtiyatların 6500 metrdən dərində olduğunu nəzərə alsaq, qaz tapılması ehtimalı böyükdür.

Bütün bu proqnozları toplayanda belə bir nəticəyə gəlmək olar ki, orta perspektivdə (10-15 ildən sonra) Azərbaycana qaz ixracı üçün yeni qaz kəməri lazım olacaq və bu qazın bəlkə də 90%-nin Qərb istiqamətində ixrac olunmasına ehtiyac yaranacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG