Keçid linkləri

Təcili xəbərlər

Xarici təhsillilər Azərbaycandan niyə qaçırlar?


Xaricdə təhsil alanların Azərbaycanda işləməsi, duruş gətirməsi çox çətindir
Xaricdə təhsil alanların Azərbaycanda işləməsi, duruş gətirməsi çox çətindir
«Bizim qarşımızda duran problemlərdən biri budur: necə edək ki, xaricdə elmi dərəcə almış insanları Azərbaycana qaytaraq».

Təhsil naziri Misir Mərdanov dekabrın 20-də belə deyib.

Nazirin qənaətincə, yaxşı olardı ki, xaricdə təhsil almış azərbaycanlılar vətənə qayıtsın və əldə edilmiş təcrübəni yerli ali məktəblərdə gələcək nəsillərə ötürsün.

«İŞ YERİNDƏKİ İDEOLOJİ BASQI DA MANE OLUR»

«21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin dediyinə görə, məzunların Azərbaycana qayıtmaması səbəbsiz deyil:

«Əvvəla, iş tapmamaqla bağlıdır. İkincisi, mühitlə. Üçüncüsü, əməkhaqqı ilə bağlıdır. Məzunlar Avropa ölkələrində daha yüksək maaş alırlar. Eyni zamanda, güzəştləri, mənzil təminatı olur, onlara normal iş şəraiti yaradılır».

Amma ekspertə görə, məzunları Azərbaycandan qaçaq salan başlıca səbəblərdən biri də iş yerlərindəki ideoloji basqıyla bağlıdır:

«Bizim idarələr siyasiləşib. Bir partiyanın təsiri bütün tədris müəssisələrində, idarələrdə görünür. Bir də ən mühüm məsələ azadlıq məsələsidir. Bu da sərbəstlik görmüş, yüksək təhsil görmüş şəxslərin xarakterinə yad məsələdir. Ona görə qayıtmırlar. Hətta Türkiyədə təhsil alanların 80 faizi geri qayıtmır, ya da Avropaya gedirlər».

«OLA BİLSİN KİMSƏ YALTAQLANMAĞIMI İSTƏYİRDİ»

ABŞ-ın Mariland Universitetinin məzunu Şəhla Əliquliyevanın dedikləri Etibar Əliyevin fikirlərindən fərqlənmir. Onun sözlərinə görə də xaricdə təhsil alanların Azərbaycanda işləməsi, duruş gətirməsi çox çətindir. Çünki təklif olunan əməkhaqqı, üstəlik də iş yerindəki şərait və mühit gözləntiləri doğrultmur:

Etibar Əliyev
«Məzunlar açıq-aşkar görürlər ki, Azərbaycana qayıtmaq sərf etmir. Onlar qabiliyyətlərini başqa ölkədə daha baha sata bilərlər. Bir də iş mühiti. Mən böyük məmnuniyyətlə hökumət layihələrində iştirak edərdim. Amma hökumətin maaşı aşağıdır və orda qərar qəbul etmək mexanizmi Avropada oxumuş məzunların gözləntilərindən köklü fərqlənir. Bu, Azərbaycanın xeyrinə deyil. Kimsə nazirlikdə işləyirsə bilməlidir ki, nazirlik yox, nazir əhəmiyyətlidir. Bir nəfər qərar verir və o birilər də icra edir».

Şəhla Quliyeva öz iş təcrübəsindən də danışır:

«Mən üç il Prezident yanında Akademiyada beynəlxalq şöbənin müdiri işləmişəm. Ola bilsin kimsə gözləyirdi ki, ona yaltaqlanım. Amma kiməsə yaltaqlanmadım. İlk fürsətdəcə qaçdım. Maaşın azlığından, boş-boş işlərə çox vaxt sərf olunmasından. Başda oturanlar boş-boş işlərə, yığıncaqlara vaxt itirir, lazımi layihələrisə uzaq tutur».

«ŞƏRTİ ŞUMDA KƏSMƏK LAZIMDIR»

«21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevə görə, xaricdə oxumuş məzunların Azərbaycana qayıtması çox faydalı olardı. Gəlib təcrübələrini və biliklərini bölüşərdilər. Buna görə də əvvəlcədən şərti şumda kəsmək lazımdır. Xaricə göndərilənlərlə müqavilə bağlanmalıdır. Məsələn, Rusiyada olduğu kimi:

«Müqavilə bağlanır ki, dövlət hesabına oxuduruq. Amma əvəzində 7-10 il işləməlisən. İşləmirsənsə, pulu geri qaytar. Elə universitet var ki, təhsil haqqı 20 min dollardır».

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, hazırda xaricdə 10 min tələbə təhsil alır. Onların mini dövlət hesabına oxuyur. Əvvəlki vaxtlardan fərqli olaraq artıq onlar qarşısında təhsili başa vurduqdan sonra mütləq Azərbaycana qayıtmaq tələbi qoyulmur.
XS
SM
MD
LG