Keçid linkləri

Təcili xəbərlər

Bütün bəlaların səbəbi neftdirmi?


Maştağa
Maştağa
İnsanın psixologiyası elədir ki, çox nadir hallarda nəyinsə günahını özündə görür. Elə cəmiyyətlər də belədir...

Mən bu yaxınlarda keçmiş sovetlərin iki respublikası haqqında fikirləşirdim, Qırğızıstan və Belarus haqda. Birincidə hökumətin başçısı yenə keçmiş baş nazir oldu, çünki parlament seçkisini elə keçmiş prezidentin tərəfdarları udmuşdular. Prezidenti istefaya getməyə və ölkəni tərk etməyə məcbur etmiş qırğızlar arxayınlaşdılar, onlar seçkidə fəal iştirak etmədilər və zənn etdilər ki, artıq bütün işləri görüblər, rahatca oturmaq olar, amma belə olmadı...

Belarusda isə vəziyyət bir qədər də qəliz oldu, belaruslular nə köhnə prezidenti yola salmaq üçün birləşdilər, nə bir blokda cəmləşdilər, nə də seçkidə bir fəallıq nümayiş etdirdilər – seçicilərin fəallığını nümayiş etdirmək üçün təqdim olunan rəqəm aşkar saxtakarlıqdan cavab verir, çünki seçicilərin ən fəal olduğu ölkələrdə belə bu qədər fəallıq müşahidə olunmur, 90 və bundan artıq rəqəmlərə ancaq avtoritar rejimlərdə təsadüf olunur.

Nəsə bütün keçmiş sovet respublikalarını birləşdirən elə bir keyfiyyət var ki, oxşarlığı ilə diqqəti cəlb edir – burada hər şey geosiyasi amillərlə və bir də təbii resurslarla, ən əsası da enerji daşıyıcıları ilə, neft və qazla şərtləndirilir. Belarus müxalifəti zənn edirdi ki, Rusiya A.Lukaşenkoya ehtiyac duymur və bütün ümidlər də bununla bağlı idi. Düzdür, Rusiyanın siyasətində belə bir çalar hiss olunurdu, amma ruslar hələ ki Lukaşenkonu başqa birisilə əvəz etmək niyyətində
Bu ölkədə jurnalistlərin dostu yoxdur, jurnalistlər özlərini kiminsə dostu elan edirlər, çünki jurnalistlərin əsl dostu onlar arasında elə bir fərq qoymazdı, hamıya eyni münasibət bəsləyərdi
deyillər, çünki Belarus prezidenti indi onların görmək istədiyi işi hətta rusların özündən də yaxşı görür. Ruslar nə istəyirlər? Onların istəyi budur ki, Belarus Avropa ölkələri ilə elə bir əlaqə qurmasın. Bunu da Lukaşenko çox gözəl yerinə yetirir. Ruslara başqa nə lazımdır ki? Belarusun bir özəlliyi də başqa bir məsələyə aydınlıq gətirmək imkanıdır. Belarus neft ölkəsi deyil. Düzdür, Rusiya öz qazının təxminən 20 faizini onun ərazisindən nəql edir, amma bu ölkənin enerji daşıyıcılarına elə bir ciddi aidiyyəti yoxdur. Amma Belarusda diktaturadır. Belə bir vəziyyət isə Azərbaycandakı və Mərkəzi Asiyadakı rejimlərin təbiətinə tamam başqa bir rakursdan baxmağa təhrik edir. Buna cəhd edəndə isə görürsən ki, neft heç də bütün bəlaların səbəbi deyil. Düzdür, neftlə zəngin Şərq ölkələrinin heç birində normal demokratik rejim yoxdur. Amma bunun səbəbini təkcə neft ilə bağlamaq nə qədər düzgündür? Bəlkə, səbəb coğrafi mövqedir? Və yaxud elə Şərq anlayışındadır? Ya da günah elə insanların özündədir? Çox təəssüf ki, hələ bu xüsusda bir sorğu keçirilməyib. Hər halda belə bir sorğu ilə tanış olmaq və onu araşdırmaq çox maraqlı olardı. Amma hiss edirsən ki, belə bir sorğu keçirilsəydi, heç kim günahı özümüzdə görməyəcəkdi və daha çox kənar amillərə diqqət çəkəcəkdi. Amma bu ölkədə baş verənlər...

JURNALİSTLƏR KİMİN DOSTUDUR?

Bu il jurnalistlərin dostu İlham Əliyev elan olundu. Çox maraqlıdır. Bloqqerlər təzəcə həbsdən azad olunub, Eynulla Fətullayev isə hələ də həbsdədir. Bunun da səbəbi neftdirmi? Bu ölkədə jurnalistlərin dostu yoxdur, jurnalistlər özlərini kiminsə dostu elan edirlər, çünki jurnalistlərin əsl dostu onlar arasında elə bir fərq qoymazdı, hamıya eyni münasibət bəsləyərdi. Hər şeydən əvvəl isə bir peşə həmrəyliyi deyilən anlayış da var. Bu ölkədə hətta buna da əməl olunmur. Sonra da bütün səbəbləri neftdə arayırıq, hər şeyin kökünü neftdə görürük.

SEÇİCİLƏR KİMİN DOSTUDUR?

Bir çoxunun «bəraəti» var – mən seçkidə iştirak etməmişəm... Amma bunun bir cavabı var: sən iştirak etməmisən, sənin əvəzinə bülleten atıblar və sən də bununla sakitcə barışmısan, seçki məntəqələrinin qarşısında etiraz edib sözünü deməmisən. Belarusla bağlı bir detal yadıma düşdü. Bəlkə də, bizim müşahidəçilər yeganə müşahidəçilər idi ki, Belarusda seçkinin çox normal və demokratik keçdiyini dedilər. Bizim ölkəmiz A. Lukaşenkonu ilk tərifləyən və ilk təbrik edən ölkələrdən oldu. Səbəb yenə də neftdirmi? Bəlkə, bütün problemlərin kökü elə özümüzdədir? Bir ziyalı çox maraqlı bir fikir demişdi. O demişdi ki, bu ölkədə bir həftə yaşayan kimi kiməsə yaltaqlanmaq keçir ürəyindən, elə hey istəyirsən ki, kiməsə yaltaqlanasan... Bəli, səbəb budur – tərif yağdırmaq və tərif eşitmək, bunun üçün biz hər şeyə hazırıq, hər şeyə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG