Keçid linkləri

Təcili xəbərlər

«Şah-dəniz»in pulu gəldi


Azərbaycan tərəfinə ödənilmiş ilk tranşın (hissənin) dəyəri 500 mln dollar təşkil edib.
Azərbaycan tərəfinə ödənilmiş ilk tranşın (hissənin) dəyəri 500 mln dollar təşkil edib.
Nəhayət ki, «Şah-dəniz» müqaviləsinin «Mərhələ-1» layihəsi çərçivəsində ixrac edilən təbii qazın yeni qiymətlərlə hesablanmış pulu gəlməyə başladı. Nəhayət ki, 2 il aparılan Azərbaycan-Türkiyə danışıqlarının yekunu olaraq dekabrın 20-də «Mərhələ-1» layihəsi üzrə BOTAŞ dövlət şirkəti aldığı qazın dəyərinə görə yaranmış borcunun bir hissəsini ödəyib.

İLK TRANŞ 500 MLN, HƏLƏ 900 MLN-U DA GƏLƏCƏK

Azərbaycan tərəfinə ödənilmiş ilk tranşın (hissənin) dəyəri 500 mln dollar təşkil edib. BOTAŞ dövlət şirkəti ilin sonuna qədər elə bu həcmdə ikinci tranşı da ödəməyə hazırlaşır və gələn ilin əvvəlində borc üçüncü tranşla tamam silinməlidir. Üçüncü tranşın məbləği 400 mln-a yaxın bir vəsait olacaq.

«Mərhələ-1» layihəsi üzrə Azərbaycanla Türkiyə arasında kommersiya sazişi 2001-ci ilin martında imzalanmışdı. O zaman Azərbaycan qazının qiymətinin neftə və mazuta bağlanmış formula ilə hesablanması razılaşdırılsa da, maksimum qiymət kimi 120 dollar götürülmüşdü. Həmin dövrdə güman edilirdi ki, artıq 2004-cü ildən Azərbaycan qazını Türkiyəyə çatdırmaq mümkün olacaqdır. Ancaq sonrakı proseslər onu göstərdi ki, Azərbaycan qazının stabil olaraq Türkiyə bazarına çıxarılması yalnız 2007-ci il iyulun 3-də baş verdi. Bu o zaman idi ki, artıq dünya bazarında neftin və neft məhsullarının, o cümlədən mazutun qiyməti 2001-ci ildəki qiymətlərlə müqayisədə 300%-dən çox bahalaşmışdı. Təbii ki, Azərbaycan tərəfini və eyni zamanda «Şah-dəniz» layihəsi iştirakçılarını bu qiymətlə qaz ixracı qane edə bilməzdi, çünki təkcə «Mərhələ-1» çərçivəsində kapital qoyuluşu 5 mlrd dollardan artıq idi və ilkin dövrdə qazın 1000 kubmetrinin xərci təqribən 70 dollara çatırdı. Digər tərəfdən, Türkiyə tərəfi 2008-ci ildən müqavilə şərtlərinə görə, ildə 6,3 mlrd kubmetrdən az olmayaraq qaz almağa borclu olduğu halda,
Azərbaycan qazının stabil olaraq Türkiyə bazarına çıxarılması yalnız 2007-ci il iyulun 3-də baş verdi
Azərbaycandan heç 5 mlrd kubmetr qaz idxal edə bilmədi. Son 2 ildə də həcmlər elə 5 mlrd kubmetrdən bir qədər artıq həcmlər üzərində cəmləşmişdi. İllik istismar xərclərini də nəzərə alsaq, bu qiymətlə «Mərhələ-1»-də qazanc əldə edilməsi müşkül bir məsələyə çevrilirdi.

İŞİ ÇƏTİNƏ SALAN NƏ İDİ?

Məsələni mürəkkəbləşdirən bir amil də onunla bağlı idi ki, «Şah-dəniz» layihəsinin kommersiya məsələləri üzrə operatoru – Norveçin «Statoil» şirkəti bu danışıqları apararaq məsələni həll etmək gücündə olmadı. Buna görə də məsələyə Azərbaycan Dövlət Neft Şirkəti müdaxilə etməli oldu və məsuliyyəti öz üzərinə götürərək, Türkiyə tərəfi ilə uzunmüddətli danışıqlara girişdi. Bunun ilk razılaşması bu oldu ki, Türkiyə tərəfi hökumət səviyyəsində «Mərhələ-1» çərçivəsində 2008-ci il aprelin 15-dən sonra aldığı qaz həcmlərinin qiymətinin yeni formula ilə hesablanmasına razılıq verdi. Əsas mürəkkəb dövr də elə bundan sonra başladı – necə deyərlər «hərə yorğanı öz tərəfinə daha çox çəkmək» istəyirdi. Mənim bildiyimə görə, son 18 ayda 19 raund danışıqlar olmuşdu tərəflər arasında. Və nəhayət 2010-cu ilin 7 iyununda Azərbaycan prezidentinin İstanbula səfəri zamanı tərəflər arasında qaz razılaşmasına dair paket sənədlər imzalandı. Bununla da, «Mərhələ-1»-in qiymət anlayışı məsələsi həll olundu. Nəticədə, Türkiyə tərəfi 2007-ci ilin iyulundan 2010-cu ilin iyununadək aldığı qazın qiymətinə əlavə olaraq təqribən $1,4 mlrd ödəməyə razı oldu.

Bu isə Azərbaycan qazının gələcək həcmlərinin Qərb istiqamətində axması üçün çox münbit şərait yaranmasına bir işarədir. Ona görə ki, bu istiqamətdə gedəcək qazın qiyməti artıq Rusiyaya satılan qazın (1000 kubmetri $240) qiymətindən üstündür və Qərbdən gələn təkliflər də Azərbaycan qazı uğrunda bir rəqabətin gedəcəyindən xəbər verir.

«WIKILEAKS»Ə İNANAQ, YOXSA GÖRDÜYÜMÜZƏ?

Azərbaycan tərəfi Türkiyəyə «əliboş» getmir
Yadınızdadırmı, cəmi 10-15 gün əvvəl ölkə daxili və xaricində «Wikileaks»ə istinadən çap olunan materiallardın bir mövzusu da rəsmi Bakı ilə Ankara arasında olan gərginliyə həsr edilmişdi. Bəzi KİV-lər bunu elə səpkidə təqdim edirdilər ki, sanki Azərbaycan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum ixrac boru kəmərlərini öz hesabına qazıyıb çıxaracaq və Rusiya, ya da İran üzərindən salmağa çalışacaq.

Ancaq indi biz tamam başqa mənzərəni seyr edirik: dekabrın 23-də İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak etmək üçün Azərbaycan prezidenti Türkiyəyə səfər edir və bu ölkənin dövlət başçısı və baş naziri tərəfindən hörmətlə qəbul edilir. Azərbaycan tərəfi də Türkiyəyə «əliboş» getmir. Dekabrın 21-də Milli Məclis Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair Şuranın yaradılmasına dair birgə deklarasiyanı ratifikasiya edir. Və yerli mətbuatda əsas mövzu iki türk dövlətinin bir-birinə hərbi yardım etməsinə dair hüquqi bazanın yaranması olur.

Mənim diqqətimi isə daha əvvəl bir fakt çəkmişdi. Noyabrın 30-da «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bir qrup yerli və türk jurnalistlərlə görüşündə sensasiyalı bir açıqlama vermişdi. Onun sözlərinə görə, Azərbaycandan üzü Türkiyəyə yeni bir qaz kəmərinin tikilməsi məsələsini rəsmi Bakı ilə müzakirə edirlər. Bu onunla əlaqədardır ki, Azərbaycanda yeni qaz ehtiyatları aşkarlanıb və perspektivdə yeni qaz yataqlarının da tapılma ehtimalı böyükdür. Yəni, Bakı-Tiflis-Ərzurum yeni həcmləri ixrac etməkdə yetərli olmayacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG