Keçid linkləri

Təcili xəbərlər

«Türkiyədə təhsil alan azərbaycanlıların sayı artır»


Nimet Çubukçu
Nimet Çubukçu
“Azərbaycan və Türkiyə ikitərəfli sazişlər, protokollar və komissiya görüşləri çərçivəsində təhsil sahəsində uğurla əməkdaşlıq edir”. Bu barədə Trend-ə müsahibəsində Türkiyə Respublikasının təhsil naziri Nimət Çubukçu deyib.

Onun sözlərinə görə, 1992/1993-cü tədris ilindən bu günə qədər Türkiyənin "Böyük tələbə layihəsi" çərçivəsində Azərbaycan üçün Türkiyə ali məktəblərində 5 118 yer ayrılıb ki, onlardan 3 936 yer istifadə olunub və 1 476 tələbə məzun olub.

635 TƏLƏBƏ 26 UNİVERSİTETDƏ

"Hazırda 635 azərbaycanlı tələbə Türkiyənin 15 əyalətinin 26 ali məktəbində təhsil alır. Onlardan 26-sı türk və xarici dillərin tədqiq və tətbiqi mərkəzinin TÖMER proqramı üzrə təhsil alır, 8-i ali məktəblərdə hazırlıq kursları keçir, 317-si bakalavr pilləsində, 83-ü magistraturada, 201-i doktoranturada təhsil alır", - Çubukçu deyib.

Onun sözlərinə görə, 2010/2011-ci tədris ilində Azərbaycan üçün norma 156 yer təşkil edir. Ötən tədris ilində bu göstərici 125 yer olub.

"Türkiyə hökumətinin hesabına təhsilini davam etdirən tələbələr üçün əvvəlki imkanlar təqdim olunur", - nazir deyib.

TÜRKİYƏ HƏR AZƏRBAYCAN TƏLƏBƏSİ ÜÇÜN İLDƏ 1112 DOLLAR XƏRCƏ DÜŞÜR

Çubukçunun sözlərinə görə, TÖMER proqramının bakalavrlar üçün yaşayış, bir sıra əyalətlərdə şəhərdaxili yerdəyişmə, tibbi xidmətlər, vətənə səfər və təqaüdə 270 lirə (176 dollara yaxın), magistratura tələbələri üçün 340 lirə (221 dollara yaxın), doktorantura tələbələri üçün isə 400 lirə (260 dollara yaxın) məbləğində vəsait ayrılır. Bütün tələbələr üçün kitab və dəftərxana ləvazimatları xərclərinə ildə 180 lirə (117 dollara yaxın), paltara ildə 160 lirə (104 dollara yaxın), yaşayış yerindən arayışa 139 lirə (91 dollara yaxın), ildə iki dəfə universitetdə təhsil ödənişinə 100 lirə ( 65 dollara yaxın) ayrılır. Bundan əlavə, tələbə yataqxanalarında yaşayan tələbələrə 120 lirə (78 dollara yaxın) məbləğində yemək kuponu verilir.

Nazirin sözlərinə görə, Türkiyə Təhsil Nazirliyinin xətti ilə Azərbaycanda bir Anadolu liseyi, bir orta məktəb, bir türk dili tədris mərkəzi açılıb. 2010/2011-ci tədris ilinin əvvəlinə olan məlumatlara görə, bu təhsil ocaqlarında 64 müəllim çalışır və 925 şagird təhsil alır, 622 nəfər isə kurslara gedir. Bu günə qədər (2009/2010-cu tədris ilinin sonuna olan məlumatları da nəzərə almaqla) Bakıda türk orta məktəbini 224 nəfər, Anadolu türk liseyini 640 nəfər bitirib, 1 340 nəfər türk dili tədris mərkəzində türk dilinin öyrənilməsi üzrə sertifikat alıb.

Çubukçu deyir ki, Azərbaycanın müxtəlif universitetlərində bakalavr pilləsində 4 100 Türkiyə vətəndaşı təhsil alır. Bundan əlavə, Azərbaycanda Türkiyənin Dini İşlər üzrə Fondu, Türk Dünyasının Tədqiqi Fondu və "Çağ Öğretim İşletmeleri" şirkətinin xətti ilə 26 təhsil mərkəzi fəaliyyət göstərir.

"Türk dünyasının tədqiqi mərkəzinin xətti ilə bir lisey, bir tədqiqat fakültəsi, Türkiyə Dini İşlər üzrə Fondun xətti ilə bir lisey, bir ilahiyyat fakültəsi, "Çağ Öğretim İşletmeleri" şirkətinin xətti ilə 11 lisey, 10 kurs mərkəzi və bir universitet (Qafqaz Universiteti) açılıb", - Çubukçu deyib.
XS
SM
MD
LG