Keçid linkləri

Təcili xəbərlər

Mətbuatına müsahibə verməyən jurnalistlərin dostu


Amerikada bir lətifə var: Sual verilir ki, 800 funt (təqribən 400 kilo edir) çəkisi olan qorilla nahara nə yeyir? Cavab: Nə istəsə. Lətifənin mənası odur ki, həddən artıq güclü məxluqun qarşısında duruş gətirə bilən birisi olmayanda, kimdir ona məhdudiyyət qoyan? Nə istəsə? onu da edəcək. Bu fəsadlardan sığortalanmaq üçün demokratik cəmiyyətlərdə hakimiyyət orqanları elə qurulur birinin gücü digərinin gücünü balanslaşdırsın və hansısa bir hakimiyyət orqanı şişib ölkədə tiranlıq qura bilməsin. Buna ingiliscə “checks and balances” deyirlər. Bütün sistemin kökündə isə aktiv, siyasətə qarışmaqdan qorxmayan bir əhali durur ki, seçkilərdə öz səsi ilə hakimiyyətə gələnlərin və hakimiyyətdən gedənlərin kimliyini bəlirləyir.

SİYASƏT AYIB DEYİL


Azərbaycanla bağlı təhlillər aparmaq üçün hələ ki, yuxarıda təsvir edilən balans sisteminə nəzər yetirmək bir qədər tezdir. Hələ ki, əhalinin siyasətə qarışmasının ayıb olmadığını cəmiyyətə çatdırmağın özü bir irəliləyişdir. Lakin hakimiyyət qollarından biri artıq 400 kiloluq qorillaya dönüb istədiyini edirsə, cəmiyyətdə yaranmış dinamikanın təsvirinə diqqət ayırmaq faydalı olar.

TƏLƏB / XAHİŞ / MÜRACİƏT / TƏKLİF

Hazırda hakimiyyət üzərinə ictimai fəal qurumların bir nəzəri təsir vasitəsi var – xahiş edib ümid etmək ki, güclü tərəf özünü rəhmli və insaflı aparacaq. Adı çəkilən təsir vasitəsi nəzəridir, çünki hələ ki, bu təsir vasitəsi ilə hökumət orqanlarından qoparılan güzəştlər çox cüzidir. Amma ictimai qurumlar da öz mövcudluqlarını əsaslandırmaq üçün öz tələb/xahiş/müraciət/təkliflərini davam etdirirlər. Hüquq müdafiə orqanları siyasi səbəblərdən həbsdə yatanların azadlığı üçün hökumət orqanlarından əfv diləməkdədirlər, siyasi partiyalar vaxtaşırı hüquq pozuntuları ilə əlaqədar Azərbaycan prezidentinə, Milli Məclisə, ən nəhayət, məhkəmə orqanlarına müxtəlif müraciət-bəyanatlar qəbul etməkdədirlər. RUH jurnalistləri müdafiə komitəsi Azərbaycan mətbuatına müsahibə verməkdən imtina edən və jurnalistləri həbsə atan prezidenti jurnalistlərin dostu elan etməkdədir. Mədəniyyət xadimləri, ziyalılar heç olmasa qeyri-siyasi məsələlərin həllində hakimiyyət orqanlarına xahiş/müraciət/tələblərini səsləndirməkdədirlər. Amma qarşısında heç bir maneə görməyən hökumət bildiyini etməkdədir.

Bəziləri etiraz edib deyə bilər ki, bu nümunələri bir təsnifat altında qruplaşdırmaq düzgün deyil, çünki filankəs səmimi olaraq nəyisə tələb edir, amma başqa birisi “satılıb” deyə yaltaqlanır və s. Ola bilsin. Amma bütün bunlar eyni dinamikanın qatı, yaxud sıyıq görsənişləridir. Yaltaqlanan da bir yol axtarır ki, 400 kiloluq məxluqla birtəhər yola getsin, satılan da eyni işi edir, xahiş edən də, tələb edən də. Təbii ki, bunu edərkən hərə öz şərəf və ləyaqət çapına uyğun davranır.

BƏS GÖRƏN MƏHDUDİYYƏTSİZ HAKİMİYYƏT YİYƏLƏRİ NƏ DÜŞÜNÜR?

Bir anlığa təsəvvür edin ki, 17 ildir qarşınıza çıxıb mövqeyinizi sual altına salan bir qüvvə yoxdur. Sizdən ya qaçırlar, ya da sizin mərhəmətinizə sığınıb ümidlə iradənizə tabe olurlar. Ətrafınızda olanlar sizi daim tərif edir. İllərlə davam edən bu mühit insanı doğrudan da inandıra bilər ki, o hamıdan güclüdür, yeganədir, analoqu olmayandır və s. Yəqin Türkmənbaşı Saparmurad Niyazov da belə düşünürmüş, Səddam Hüseyn də. Qəsdən bu ikisini misal gətirdim, çünki bu diktatorlardan birini daxili faktorlar aradan qaldırıb (təbii ölüm də bu sıradadır), digərini isə xarici faktor. Ancaq öz kiçik ölkələrində bu insanlar özünü dağ görürdülər. Amma...

BU KİÇİK ÖLKƏLƏRDƏN KƏNARDA DA BIR DÜNYA VAR

Bəli, ayrı bir dünya var. Və bu dünyada kimin gücü nə qədərdir elə o boyda da görünür. Türkmənistan lideri türkmənlərin gözündə pələng ola bilər, dünya siyasətində isə kiçik bir ölkənin başçısıdır, vəssalam. Azərbaycanın ən güclü siyasi qüvvələri özlərini pələng bilib nəhəng bir ölkəyə meydan oxuya bilərlər – öz əhalisinin nəzərində. Reallıqda isə ABŞ ABŞ-dır, Azərbaycan isə Azərbaycan – 20 faiz torpağı özündən də kiçik bir dövlətin işğalı altında olan, bir milyona qədər qaçqını olan, oğlu-qızı xarici ölkələrə pənah aparan, ölkədə yaşayanların isə korrupsiyadan, qanunsuzluqdan, açıq dərəbəyilikdən əziyyət çəkdiyi Azərbaycan.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG