Keçid linkləri

Təcili xəbərlər

Qadının göz yaşı…və ya təzə ilin dopdolu həftəsi


Köhnə ilin son çırpıntılı günlərini çox sevsəm də, təzə ilin ilk günlərini heç sevməm. Köhnə il pis-yaxşı çıxıb getdi. Təzə də ki, heç bilinməz nədir, necədir, nə olacaq? Odur ki, uzun illərin müşahidəsinə əsaslanıb deyirəm ki, ilin ilk günləri həmişə donuq, səssiz, bir az da həvəssiz keçir.

Amma ...dayanın, deyəsən bu dəfə təzə il özünü çox tez göstərə bildi, axı... Bu bapbalaca 2011 bir-iki günə toparlanıb bayram ovqatını üstündən atdı!

GÖYDƏN QUŞ YAĞDI

Əvvəlcə ABŞ-da göydən ölü quş (daha doğrusu qaratoyuq) yağdı. Sonra deyəsən İsveçdə ölü balıqlar sahilə səpələndi, daha sonra yenə haradasa ölü quş əhvalatı təkrarlandı. Olaya Yeni il gecəsi havaya atılan fişənglərin səbəb olduğunu deyənlər də vardı, günahı havaların soyuq keçməsində görənlər də. Nə olursa-olsun, mənzərə çox üzücü idi...

QUŞLARLA RƏQS

Yadıma Yeni ilin ilk günü səhər tezdən bağçamızda gördüyüm iki gözəllər gözəli quş düşdü. Qoy sizə də danışım. Bağçanın döşəməsini yuyurdum, onlar da məndən zərrə qədər çəkinməyərək ətrafımda gəzişirdilər. Sevindiyimdən donub qalmışdım...Quşlar mənim döşəməyə çilədiyim suyu ayaqlarımın altındaca ləzzətlə içirdilər. Amma uçmağa da tam hazır vəziyyətdə idilər. Yəni mən azacıq tərpənincə...onlar qanadlarını qabardırdılar. Bu birgəlik xeyli çəkdi. İnanın, quşlarla rəqs həmin gün mənim xoşbəxt olmağım üçün, yeni ilə ümidlə başlamağım üçün bəs oldu...

İL BAHALAŞMA XOFU İLƏ BAŞLADI

Ekspertlər bəzi enerji daşıyıcılarının bahalaşmasıyla bağlı Tarif Şurasına müraciət olunduğunu iddia etdilər. Bakıda siqaretlərin qiyməti 10-20 qəpik bahalaşdı. Siqareti Yeni ildən atmağa qərar verən dostlar sevindilər. Siqaretə ömürlük yar olanlar qəmləndilər. Bu azmış kimi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı etiraf etdi ki, dünya faktiki olaraq qiymət şoku keçirir və bu qiymət şoku - bahalıq bir müddət də davam etsə, ərzaq qıtlığı qaçılmaz olacaq...

QADININ GÖZ YAŞI DƏRMAN OLDU

İsrailli alimlər qadınların göz yaşında kişilərdə prostat şişlərini yox edən maddə tapdılar. Ən gülməlisi, bilirsiniz, nədir? Müalicə üçün gərək olan göz yaşı duyğusal olmalıdır. Məsələn, soğan soyarkən axan göz yaşı dərman ola bilməz. Gərək ya ağlayasan, ya da sevinəsən.
Zavallı qadınlar! Hətta göz yaşları ilə də kişilərə dayaq ola bildilər...

HAİTİYƏ SEVGİLƏRLƏ...

Məşhur Hollivud aktyoru Şon Pen həyatını Haitiyə həsr edəcəyini bildirdi. Bundan sonrakı fəaliyyətini bu ölkənin ayağa durması üçün yönəldəcəyini söylədi. Aclıqla, xəstəliklərlə savaş açacağını bəyan etdi.

Eşq olsun Şon Penə! Yeni ilin ilk günlərində dünya yaxşılardan xali deyil--gerçəyini bir daha xatırlatdığı üçün...

BAKININ FATMAYI KƏNDİNDƏ KİTABXANA AÇILDI


Xəbərə çox sevindim. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fatmayı kənd kitabxana filialı üçün yeni ərazidə müasir bina inşa edildi. Deyilənə görə, bina inventar, avadanlıq, istilik sistemi ilə təmin olunub. Hətta filialda kompüter avadanlıqları və İnternetlə təmin olunmuş xüsusi Kitabxana-İnformasiya Mərkəzi də oxucuların ixtiyarına verilib.

TOYLAR YARIMÇIQ QALDI


Azərbaycan ailələrinin sevimli evlənmə proqramlarından biri bağlandı. Nişanlıların sonrakı taleyi barədə məlumat verilmir. Ölkə şokdadır. Bu xəbər (qonaq getdiyim) evlərdə əsas müzakirə mövzusudur. Toy psixologiyasına bürünmüş, fikri-zikri oğul evləndirib-qız köçürmək, dəbdəbəli toy çaldırmaq olan millət cəmi bir evlənmə proqramına möhtac qaldı. Bağlanmanı hər yana yozanlar oldu. Texniki nasazlığa bağlayanlar da oldu, hətta şəhadət barmağını yuxarı qaldıranlar da...

VERGİ MÜFƏTTİŞİ İŞDƏN ATILDI VƏ YA KOROĞLUNUN NİGARINDAN...


Əhvalat vaqe olur...”Əli və Nino” (yox, bu dəfə Betti xanımdan danışmayacağam, həm də tezliklə saytımızda onun daha bir nəfərə cavabını oxuyacaqsınız) mağazalar şəbəkəsində. Mağazanın rəhbəri, hamımızın dostu Nigar xanım Köçərli Koroğlunun Nigarını geridə qoyan bir ilkə imza atdı. Ondan rüşvət istəyən Vergilər Departamentinin müfəttişindən prezidentə şikayət etdi. Şok! Müfəttişi işdən atdılar. Sonra da deyirlər bizdə korrupsiya ilə mübarizə aparılmır. Yeri gəlmişkən, şənbə günü Vergilər Departamentinin şefinin işdən çıxarılması xəbəri də yayıldı. Əvvəlcə düşündüm ki, bu yenə Nigarın işi olacaq. Sonra gördüm, yox, məmuru sadəcə başqa işə keçiriblər. Hər nə isə, məncə həftənin ən sevilən mahnısı--“Koroğlunun Nigarından sizə rüşv...salam gətirmişəm” oldu...

KƏNDİNƏ QAYIT!


Artıq Azərbaycanda 17 il öncə baş vermiş məlum olaydan sonra zərb-məsələ çevrilmiş bu ifadə yeni-yeni adamların yolunu işıqlandırmaqdadır. Şənbə günü ANS-in bölgə müxbiri Azdramanın sabiq aktyoru, əməkdar artist Məcnun Hacıbəylinin Qubadakı evindən reportaj verdi. Bilməyənlərə bildirim ki, Məcnun bəy evsizlik ucbatından bir neçə ildir ki, kəndinə qayıdıb. Sözün əsl mənasında. Qubanın bir kəndində kasıb bir evdə yaşayır, amma bağ sahəsi var. Orada işləyir. Həyatından məmnundur. Canı da sazdır. Məcnun bəy bu vəziyyətə düşməsində hamı kimi məmurları suçladı. Ərz etdi ki, 80-90 manat (aşağı-yuxarı) pensiya alır, üstəlik də 30 manat əməkdar artistliyə görə əlavə. Və çox xoşbəxtdir. Amma evin kasıb görüntüsü heç ürəkaçan deyildi. Nədənsə, əməkdar artistimizin bu halı mənə sələfi Məcnunu xatırlatdı. Üzeyir bəyin
Məcnunu deyirəm. O da dərd əlindən dağa çıxmışdı...

Ayyy! Yeri gəlmişkən, gələn həftə “Leyli-Məcnun” həftəsidir. Yanvarın 12-də operamızın 103 yaşı tamam olur...

SƏTRİ XƏBƏRLƏR:


--İran şahının oğlu ABŞ-da canına qıydı.
--Naxçıvanda “NAZ” adlanan, taksi kimi istifadə olunması nəzərdə tutulan, yerli taksiçiləri işsiz qoyacağı güman edilən avtomobillər istehsalı barədə xəbər yayıldı.
--Daha bir Azərbaycanlı kişisi arvadının başını kəsdi.
--“Wikileaks” Qazpromun sirrini açdı.
--“Müsavat” partiyasından yeni qopmalar oldu.
--Liviya prezidentinin sifətinə botoks yapdırması barədə xəbər yayıldı.
--Türkiyə prezidenti Avropa Birliyinə gedən yolda “səbrin də həddi var” söylədi.
--Benzinin bahalaşması barədə yayılan birgünlük şok xəbər yalanlandı.
--Aygün Kazımova, bəlkə elə bu səbəbdən, albomuna “Petrol” adlı mahnı saldı.
--Qəbələ Radiolokasiya Stansiyasında Rusiyalı zabit qətlə yetirildi.
--Ekspertlər Bakıya girişin asanlaşdırılması və yollarda yüklənmənin azaldılması məqsədilə paytaxtın girişində tunellər tikilməsini təklif etdilər.
--İnterpol Qırğızıstanın eks-prezidentini axtarmaqdan boyun qaçırdı.
--Nəqliyyat Nazirliyi Xəzər üzərindən salınacaq 1, 4 milyardlıq körpüyə 7 ölkədən olan mütəxəssisin maraq göstərdiyini, bu gedişlə layihənin daha da bahalaşacığını bəyan etdi.
--Jurnalistlər üçün tikiləcək evlərin eskiz-layihələndirmə işləri başa çatdı.
--Milli Kitab Mükafatının ekspertlərinin adları açıqlandı.
--Nemət Pənahlıya cinayət işi açıldı.
--İslam Partiyası sədrinin həbs olunduğu bildirildi.
--Bakının mərkəzindəki tarixi binaların görkəmini qaydada saxlamaq məqsədilə kasıbdan alıb daha varlı müştəriyə satılması üçün hərraclar keçirilməsi təklif olundu.
--Və daha bir şok xəbər--Qazaxıstan prezidenti ömürlük prezident olmaq istəmədi!

Məncə, bu xəbərlə həftəsonu rubrikasını bitirmək olar.
P.S. Dünya köhnə dünyadır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG