Keçid linkləri

Azərbaycanın tutduğu bu yol yaxşı heç nə vəd eləmir. Hicab məsələsi böyüdü. Ya da o bilərəkdən böyüdüldü. İndi bu ssenarilərin hansının həqiqətə daha yaxın olduğunu bir qədər aydınlaşdırmaq lazımdır. Bəlkə də, ən real ssenari və ya ehtimal budur ki, siyasət də boşluğu sevmir, boşalmış siyasət meydanı dərhal tutulur. Bir çox politoloqlar imitasiyalı demokratiyaların çox incə bir cəhətini qeyd edir və diqqəti bu cəhətə yönəldirlər: belə siyasi rejimlərdə ideologiya olmur və dövlət özünün bir funksiyasını, siyasi zəmində səfərbər etmək funksiyasını itirir. Digər totalitar rejimlər bundan fərqlidir – Şimali Koreyada, İranda və ya Venesuelada həqiqətən də ideologiya var, təbii, bu ideologiyaların nə qədər gərəkli və mütərəqqi olması bir ayrı söhbətin mövzusudur. Bu gün ölkədə dini ideologiya ilə rəqabət apara biləcək ikinci bir ideologiya qalmayıb, əgər demokratik və dünyəvi dövlət ideyası daim sıxışdırılıb gözdən salınmasaydı, bir alternativ qalardı, amma təəssüf ki, bunun əksini müşahidə etməkdə və getdikcə demokratiyanın populyarlığını itirdiyini görməkdə davam edirik.

Bir detalı da qeyd etmək vacibdir. Din emosional ideyadır, insanlar dini ayin və mərasimlərin icrası zamanı emosional vəziyyətə gəlib çıxırlar. Ayinlərin icrası zamanı insanları müşahidə edən bir nəfər belə bir cəhətə diqqəti cəlb etmişdi: insanlar vəcdə gəlirlər, onların gözündə qəribə işıq peyda olur... Bu təəccüblü görünməsin. İyirmi il bundan əvvəl istiqlaliyyət və demokratiya, müstəqillik və Qarabağ deyəndə də insanların gözləri qeyri–adi işıq saçır və onlar vəcdə gəlirdi, Azadlıq Meydanı isə əsl qardaşlıq meydanı idi, başqa yerlərdə bir o qədər də nəzakətli və mehriban olmayan bu insanlar Azadlıq Meydanında qeyri – adi dərəcədə nəzakətli və mehriban olurdular. İndi isə həccə gedən zəvvarlar, səhv etmirəmsə, məhz Azadlıq Meydanından yola düşürlər. Bunun özü simvolik deyilmi? Və bu maraqlı məna kəsb etmirmi?

ƏN SON OLAYLAR NƏ DEYİR?

Əvvəldə ümumi detalları qeyd etdik. Amma məsələni bir qədər incələməyə ehtiyac var. Bu yaxınlarda dövlətə yaxın qəzetlərin birində ABŞ-la bağlı çox sərt bir məqalə dərc edildi. Bunun üstündən bir – iki həftə keçmədi ki, İslam Partiyasının üzvləri həbs olundular. Bununla hakimiyyət nə demək istəyir? Azərbaycanda siyasi islamın dirçəlməsində indiki hakimiyyətin rolunu inkar etmək olmaz. Siyasi islamı dirçəltməklə bu hakimiyyət özünün Qərb dairəsi qarşısındakı məzənnəsini artırmaq istəyir, yəni demək istəyirlər ki, siz bizi qəbul etmirsiniz, amma bizdən sonra hakimiyyətə gələ bilən islamçılardır! Bu modeli sadəlövhlük kimi qəbul etməyin. Əksər Şərq ölkələrində həmin model çoxdan sınaqdan keçirilib. Həmin modelin sayəsində, məsələn, 82 yaşlı H. Mübarək otuz ildir ki, hakimiyyətdədir və hələ də hakimiyyətdən geri çəkilmək fikrində deyil. Həmin model Əlcəzairə və digər ölkələrə xüsusi bir ehtiyatla yanaşmağa təhrik edir. Bu modelin acı nəticələri İraqda görünüb.

HİCAB NƏ QƏDƏR AKTUALDIR?

Bununla bağlı çox polemikalar gedir. Hicabı din məsələsi kimi təqdim etmək istəyənlər var. Amma bu, din məsələsi deyil, çünki əks tərəf, yəni hicabı qəbul etməyənlər özlərini dinsiz və yaxud ateist hesab etmirlər. Deməli, hicab əslində heç də din məsələsi deyil. Hicabı əxlaq məsələsi kimi təqdim etmək istəyənlər də var. Onda buradan belə nəticə çıxır ki, hicab örtməyən insanlar əxlaqsızdırlar... Deməli, hicab əxlaq məsələsi də deyil. Hicabı bir hüquq məsələsi kimi təqdim etmək istəyənlər var. Amma bu, həqiqətənmi, 8-9 yaşlı qız uşaqlarının müstəqil seçimidir? Bəlkə onların yetkinlik yaşına çatmasını və müstəqil seçim etməsini gözləmək daha düzgün olardı? Bəli, buradan belə nəticə hasil olur ki, hicab məsələsi əslində hüquq məsələsi də deyil. Bəs onda hicab məsələsi nədir? Zənnimcə, bu məsələ siyasi islamın təzahürüdür, islamı siyasiləşdirmək cəhdidir.

DÜNYƏVİ DÖVLƏT KİÇİK NEMƏTDİRMİ?


Dərindən fikirləşəndə çox böyük nemətdir. Özü də bu dəyər, demokratiya və dünyəvi dövlət ideyası, düz iki yüz il azərbaycanlıların şüurunu məşğul edib. M.F. Axundov, «Molla Nəsrəddin»çilər və Demokratik Respublika. Bəli, indi demokratiyanın vəziyyəti elədir ki, «18-20 –ci illər bir qrup ziyalının eksperimenti idi» deyənlərin mövqeyi daha əsaslı görünür. Amma əslində belə olubmu və belədirmi? Bu sualı da indiki hakimiyyətə ünvanlamaq yaxşı olardı, qoy, düşünsünlər, düşünmək üçün vaxt var ikən...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG