Keçid linkləri

Təcili xəbərlər

20 Yanvar baş verməyə bilərdimi?


Bakı, 21 yanvar 1990
Bakı, 21 yanvar 1990
Görünür, tarix, nə qədər ki, onun iştirakçıları həyatdadır, olduğu kimi yazıla bilmir – bu da onun, tarixin özünün qanunudur. Sən çox uca bir binanın lap önündə olanda, onu necə var görə bilmirsən, yaxşı görmək üçün ondan bir qədər məsafəyə çəkilmək lazımdır, ancaq bu halda binanın bütün panoramı sənin gözlərin önündə açılır. Tarixi hadisələr də belədir – həm iştirakçıların subyektiv münasibəti, həm də siyasi tarix həvəskarlarının bolluğu bunun üçün bir əngəl yaradır. Biz hələ də 20 Yanvarla bağlı ən azı öz suallarımıza cavab tapmamışıq.

SUALLAR, SUALLAR...

20 Yanvar olmasaydı, Azərbaycan müstəqil olmayacaqdı? Bu sual 21 ildir ki, öz cavabını tapmayıb. Bu hadisə kimə lazım idi? Soyuq məntiqlə yanaşanda, 20 Yanvar ovaxtkı xalq hərəkatının maraqlarına cavab vermirdi. Qarşıdan parlament seçkiləri gəlirdi və ölkəyə demək olar ki, nəzarət edən bu hərəkat da böyük ehtimalla seçkidən qalib çıxacaqdı. Bəlkə, məhz buna görə ölkədə siyasi radikalizm stimullaşdırıldı ki, parlament ovaxtkı müstəqillik hərəkatı iştirakçılarının nəzarətinə keçməsin və onlar tam qanuni və leqal yolla öz proqram və məramnamələrini həyata keçirə bilməsinlər? 20 Yanvar bircə günün hadisəsi deyildi, buna qədər radikal və qeyri-seçki yolu ilə dövlət strukturlarının ələ keçməsi başlanmışdı. Moskva zorakılığın artmasında çox maraqlı idi, çünki zor müstəvisində o, özünü daha rahatca hiss edirdi, lap suda balıq kimi – çökməkdə olsa da, hər halda böyük imperiya, nizami ordu və tankların qarşısına ən yaxşı halda minik maşınlarını çıxara bilən xalq. O vaxt insanları ən çox narahat edən nə idi? Azərbaycan bütün yenidənqurma illərini demək olar ki, fövqəladə vəziyyət şəraitində keçirdi və həmin vaxt da təzədən fövqəladə vəziyyət tətbiq etməyə hazırlaşırdılar. Bəli, fövqəladə vəziyyət rejimini yaşamayanlar bunun nə olduğunu dərk etmirlər, sanki ölkə sənin üçün həbsxanaya çevrilir. Bu həbsxanada neçə il yaşamaq olardı? Hakimiyyətin dəyişməsində isə iki siyasi vektor maraqlı idi, digərləri üçün bu, o qədər də önəm kəsb etmirdi. Bu iki siyasi vektorlar isə yeni və köhnə partiya nomenklaturası idi. Biri post –durğunluq dövrünün, o birisi isə durğunluq dövrünün nomenklaturası idi.
Bakı, 22 yanvar 1990
Hər ikisi məqsədinə və amalına çatdı. Post –durğunluq dövrünün nomenklaturası tam hakimiyyətə gəldi, durğunluq dövrünün nomenklaturasının isə canı təqiblərdən qurtardı. Çünki həmin dövrdə durğunluq illərinin partiya nomenklaturasına qarşı çox ciddi təqiblər və təzyiqlər vardı, bütün sahələrdə onların təsirini azaltmağa cəhd edirdilər. Üstəlik, M.Qorbaçov bu prosesi stimullaşdırırdı, hətta Bakıya da Daşkənd kimi yoxlama və təhqiqat komissiyalarının göndəriləcəyi haqda söhbətlər gəzirdi. 20 Yanvar bu prosesin qarşısını aldı və köhnə durğunluq nomenklaturası rahat nəfəs aldı. Sonuncu həm də öz gücünü və təsirini nümayiş etdirə bildi, öz maraqları uğurundakı mübarizəni böyük bir regionçu mübarizəyə çevirməyi bacardı, ölkənin iki böyük regionunu həmin prosesə cəlb edə bildi. Bu, onlar üçün həm də gələcək mübarizələri baxımından əhəmiyyət kəsb edirdi, çünki yeni partiya nomenklaturası da onlar üçün rəqib idi. Ona görə də bu gün soruşulanda ki, ölkə hansısa formada 20 Yanvardan qaça bilərdimi, buna müsbət cavab vermək olar. Bəli, ölkədə radikallıq qığılcımları vardı, bunu inkar etmək olmaz, zira köhnə və yeni nomenklatura bu qığılcımları əsl tonqala çevirdi.

BƏS ŞƏHİDLƏR NİYƏ ÜÇÜNCÜ OLDULAR?


Bu gün bütün dövlət rəsmiləri Şəhidlər Xiyabanına yollanacaqlar. İlk öncə belə təəssürat yaranır ki, onlar bunu vətənpərvərlikdən edirlər. Ola bilər. Nə səbəbdən olmasından asılı olmayaraq onlar bu gün 20 Yanvar şəhidlərinə minnətdar olmalıdırlar, çünki 20 Yanvar hadisəsi köhnə nomenklaturaya onun itirdiyi siyasi və iqtisadi təsirləri qaytardı. Onlar bu gün sözün bütün mənalarında hakimiyyətdədirlər. Niyə də ildə bir dəfə özlərinə əziyyət verib Şəhidlər Xiyabanına baş çəkməsinlər? Hərçənd, burada da kiçik nüans var. Əvvəllər ölkəyə səfərə gələnlər ilk növbədə şəhidləri ziyarət edirdilər, amma indi şəhidlər ziyarət edilənlər sırasında sayca üçüncüdürlər.

KİÇİK SÖZARDI

Tarixi tam təzədən yazmaq olar və əsl tarix yazılana qədər bu proses davam edir. Amma tarixi təzədən yaşamaq mümkün deyil, tarix kino lenti deyil ki, o, sənin sərəncamında olsun. İnsanlar 20 Yanvarı tam təzədən yaşamağa razı olardımı? Bu, ancaq qəhrəmanlıq idisə, qəhrəman olmaq istəyənlər hər an tapılır. Amma bu, təkcə qəhrəmanlıq idimi? Bax, mən bu sualın cavabını bilmirəm, üstündən 21 il keçsə də...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG