Keçid linkləri

BİRİNCİ ETÜD: BİR AXŞAM …

O gün türk televiziyalarının birində maraqlı bir araşdırmanın nəticələrini eşitdim. Müəyyənləşdiriblər ki, qadınlar həyatının bir neçə ilini güzgü qarşısında keçirir! Dəhşətə gəldim…

Mən də güzgüyə xor baxanlardan deyiləm, axı…Neçə gün bu xəbər məni izlədi. Hər güzgüyə baxanda, yadıma düşdü, tez gözümü çəkdim…Əgər bir hadisə olmasaydı, güzgüylə bu gizlənpaç oyunu çox çəkəcəkdi. Əhvalatsa belə oldu. Həftənin cümə günü işdən evə gedirdim, 125 saylı avtobusla…

QUCAQLAŞIN, CƏNABLAR…

Adam həmişəki kimi çox idi. Hava da soyuq. Evimizlə işimin arası tıxacsız 10-15 dəqiqəlik yoldur. Amma mən illərdir ki, bu yolu 1 saata gedib-gəlirəm. Hə, dedim axı, gözəlim avtobusun içi dolu idi. Sürücü də yerli FM-lərdən birini tutub səsini qulağı istəyən qədər qaldırmışdı.

Verilişin aparıcısı da hamıya bəlli müğənnilərin məlum mahnılarını ard-arda düzmüşdü. Arada özü də danışırdı. Birdən qayıtdı ki, bu gün, yəni yanvarın 21-i “Dünya Qucaqlaşmaq Günü”dür (Vay, belə gün də varmış!). İldə iki dəfə keçirilir. Bir dəfə dekabrın 4-də, bir də bu gün. Həmin gün hamı bir-biriylə qucaqlaşmalıdır. Qucaqlaşmaq insana çox xeyirlidir. Adamda müsbət emosiyalar yaradır, filan şeyləri artırır, bədəndə immun sistemini möhkəmləndirir və s…

Odur ki, bu gündən istifadə edin, ətrafınıza baxın, görün neynirsiz…Elə beləcə də dedi-görün neynirsiniz…

NEYNƏYƏCƏKDİK Kİ?

Avtobusdakilər bir-birinə dəydi. Amma hamı özünü eşitməzliyə vurmaq yolunu seçdi. Təkcə yaşlı bir qadın dözə bilməyib söylənməyə başladı: “Bunların başı xarab olub, vallah. Gör tanımadığım adamla mən niyə qucaqlaşmalıyam? Sözləri qurtarıb, bilmirlər nə danışsınlar…”.

Yaxşı ki, aparıcı sözünü bitirib mahnıya keçdi. Təzəcə xalq artisti adını alan cavan müğənninin (!) ifasında 70-ci illərin bir hit mahnısını səsləndirdi.

AYY! MAHNINI YANLIŞ OXUDUN!

Mən də diqqətlə mahnını dinləməyə başladım. Xanım mahnını alababat oxuyub bitirdi, üstəlik, sözlərində də yanlışlığa yol verdi. İstədim qışqıram ki, ayyy, düz oxumadın. O mahnının sözləri belədir:
Kirpiklərinlə qorun,
Gözlərinlə yaşın yar.
Amandır, yad baxışla
Gözəlliyin daşınar!

Demədim. Utandım. Amma nahaq! Məncə avtobusda keçən yarım saat-bir saatı daha gərəkli bir şeyə sərf eləmək gərəkdir. Bax, elə burda mahnı sözlərinin səhv oxunması barədə müzakirə açmaq olardı…

ALMA YE, YA QUCAQLAŞ - EYNİ ŞEYDİR

Mahnı bitdi. Aparıcı bu dəfə almanın faydası barədə son araşdırmadan danışmağa başladı. Dedi, alma çox xeyirli meyvədir. Filan-filan xüsusiyyətləri var. Həm də immun sistemini qüvvətləndirir - eynən qucaqlaşmaq kimi…

Arxamda əyləşən yaşlı qadın bu dəfə daha da qəzəbləndi, daha yüksək səslə danışmağa başladı…Mən daha özümü saxlaya bilməyib güldüm. Neləyəydim? Evə çatmağa hələ xeyli vardı…

DAHA GÜZGÜYƏ BAXMAQDAN QORXMURAM

Düz sözümdür. İki gündür yenə güzgüyə baxmağa davam edirəm. Qoy bir neçə il də belə getsin. Bəyəm həyatımız belə qiymətlidir? Bəlkə araşdırmaçılar Azərbaycan elində bir adamın işlədiyi dövrdə həyatının nə qədər ilini avtobusda keçirməsini hesablasın? Vallah, güzgüyə baxmaqdan çox olacaq! Yəni düz demirəm?

İKİNCİ ETÜD: GÖZƏTÇİ İŞLƏYƏN TARİXÇİ ALİM?!

Həftə içi saytların birində qəribə bir xəbər oxudum. Yazırdılar ki, tanınmış türkoloq alim Bəxtiyar Tuncay uzun iş axtarışlarından, dövlət orqanlarına müraciətdən sonra, nəhayət, işə düzəlib. Bilsəniz, harada? Avtodayanacaqda gözətçi! Ötən il 50 yaşı tamam olmuş Bəxtiyar Tuncay bir sıra araşdırmaların müəllifidir. “Qafqaz Albanlarının dili və ədəbiyyatı” adlı kitabı “Qanun” nəşrlər evində təzəcə çıxıb. “Azərbaycan imperatorluqları” kitabı isə maliyyə ucbatından çap oluna bilmir. Xəbərdə alimin telefonu da yazılmışdı. Düzü, çox təsirləndim. Tanış olmasaq da, Bəxtiyar bəyin kefini soruşmaq qərarına gəldim. Bəlkə “İz” proqramında bir səsli xəbər eləyək - deyə ürəyimdən keçdi.

YALAN DÜNYA, HƏR YAN İŞSİZ…

Verilən nömrəyə zəng çaldım. Başqası telefonu açdı. “Bu mənim nömrəmdir, Bəxtiyar deyilən adamı tanımıram”- söylədi. İsrar etdim, dedim siz allah çağırın, jurnalistəm, hal-qəziyyə belə, bu adam işsizmiş, axırda gözətçi işləməyə məcbur olub. Dedi ay xanım, elə mən də işsizəm. Heç gözətçilik də tapa bilmirəm. Əgər gərək varsa elə məndən müsahibə alın. Gülüb keçdim və üzr istəyib telefonu bağladım…

BƏXTİYAR TUNCAYIN TELEFON NÖMRƏSİ?


Niyə? Niyə bağladın? Nədən o adamın vəziyyəti ilə tanış olmadın? Müsahibin mütləq tanınmış tarixçi alim olmalıydı? Axı, jurnalistikanın hədəfi sadə adamdır. Adi vətəndaşın yaşamı, dolanışığı daim diqqət mərkəzində olmalıdır. Odur ki, işsiz bir adamın portretini yaratmaq istəyən həmkarlarıma üz tuturam - mənə müraciət edə bilərlər. Bloknotumda Bəxtiyar Tuncay imzasıyla qeyd olunub. Bəxtiyar bəyin əsl nömrəsini tapana qədər də elə qalacaq.

İKİ ETÜD

Vəssalam. Ötənlərdən fərqli olaraq bu həftə gözümə iki etüdlə göründü. Gələn həftə nə gətirəcək - bunu kim bilə bilər ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG