Keçid linkləri

Təcili xəbərlər

Qorxulu Tehran


İranlı ayətullahlar bu fonda ancaq çağırılmamış qonaqlar təsiri bağışlayırlar
İranlı ayətullahlar bu fonda ancaq çağırılmamış qonaqlar təsiri bağışlayırlar
Heç belə kampaniya görünməmiş, heç belə təbliğat olmamışdı. Bir həftədən artıqdır bir neçə müstəqil telekanal dayanmadan İran əleyhinə çox tənqidi verilişlər verir. YAP hakimiyyəti üçün bu, heç də xarakterik deyil. Bəs indi nə baş verir? Sözsüz, siyasət, xüsusən də qonşu dövlətlərlə bağlı siyasət, çox incə məsələdir, burada ölçülüb – biçilmiş, balanslaşdırılmış (bu ifadəni heç sevmirəm...) siyasətə ehtiyac var, çünki İranda çox qorxulu rejim hökm sürməkdədir. Amma təhlükə təkcə İranın digər dövlətlərə və ölkələrə qarşı siyasi təhdidləri ilə məhdudlaşırmı? Güman etmirik, çünki bu rejim birinci növbədə insanların dini təsəvvürləri üçün problem yaradır, onlar bu rejimin təbliğatı və müdaxiləsi nəticəsində sivil dini həyatdan uzaqlaşır və ultra – radikal qaragüruha çevrilirlər. Fəqət, İranın qonşu dövlətlərə təsirindən söz düşəndə, bu detala az əhəmiyyət verirlər. İran rejimi ilə coğrafi yaxınlıq və bu rejimin ideoloji təsiri bizi kimlərə çevirir? Əslində günün sualı budur. Biz hətta Ramazan ayının gəlişini və bitməsini, Novruzun nə vaxt başlandığını bilmək üçün üzümüzü iranlı ayətullahlara tutacağıqsa, bəs bunun sonu necə olacaq?

İRAN İNQİLABINDAN SONRAKI İSLAM

Bəlkə də nə vaxtsa islamın tarixini iki hissəyə böləcəklər – İran inqilabına qədərki islam və inqilabdan sonrakı islam. Bu, İran inqilabına heç də qeyri – adi məzmun vermək üçün deyil. Sadəcə, İrandakı inqilabdan sonra islam haqqında çox mənfi təsəvvürlər formalaşmağa başladı. Bu inqilaba qədər «islam fundamentalizmi», «cihad», tam başqa ölkələrin vətəndaşlarına qarşı «fətva», «siyasi islam», «hizbullah» kimi söz və söz birləşmələri eşitməmiş, bu haqda demək olar ki, oxumamışdıq. İran inqilabından sonra islam - tək bir din beynəlxalq təhlükəsizliyin predmetinə çevrildi, islam tamam siyasiləşdi.

İslam haqqında çox mənfi stereotiplərin formalaşmasının əsas səbəbkarı elə İran rejimidir. Bu, o qədər sadə həqiqətdir, bununla bağlı mübahisə etməyə də dəyməz. İran haqqında düşünəndə, mənim yadıma, məsələn, orta əsrlərin İspaniyası, inkvizisiyası düşür. İnkvizisiyanın mahiyyətini, teokratların əsl məzmununu F.Dostoyevski özünün «Karamazov qardaşları» əsərində çox gözəl təsvir edib. Yadınızdamı? «Axı niyə görə gəlib bizə mane olursan?» . Yaxud: «İnsan təbiətən qiyamçı olub, amma qiyamçılar xoşbəxt ola bilərmi? Sənə təklif olunan yeganə mütləq bayrağı – çörək bayrağını rədd etdin, özü də azadlıq naminə...». Budur teokratiyanın mahiyyəti.
Azərbaycanlı şiələr özlərinin dini lideri, şəriət rəhbəri kimi bəzi iranlı ayətullahları hesab edirlər
Bəli, bir qrup keşiş və yaxud molla peyda olur, Allaha da, peyğəmbərlərə deyirlər ki, Siz kənara çəkilin, çünki insanları tanımırsınız və onlara nə lazım olduğunu bilmirsiniz, ona görə də icazə verin, biz idarə edək! Bəli, mahiyyət budur. Artıq otuz ildir İranda da bir qrup ayətullah insanlara nə lazım olduğunu hamıdan yaxşı və dürüst bildiyini düşünür. Hamı da buna itaət etməyə, dini məhz elə onların interpretasiyasında qəbul etməyə məcburdur.

ELAN OLUNMAMIŞ DİNİ MƏRKƏZ


İran inqilabından sonra İran özünü dünya müsəlmanları və yaxud ən azı şiə məzhəbli müsəlmanlar üçün dini mərkəz elan etdi. Bu, mübahisəli məqam və araşdırma tələb edən detaldır. Məsələn, azərbaycanlı şiələr özlərinin dini lideri, şəriət rəhbəri kimi bəzi iranlı ayətullahları hesab edirlər, şəriəti məhz onların təfsirində və şərhində qəbul edirlər, mübahisəli məqamlar meydana çıxanda, onların kitablarına müraciət edirlər. Amma sual yaranır? Kim verib onlara bu səlahiyyəti? Şəriət qaydalarını azərbaycanlılara iranlı molla və din xadimləri izah edəcəksə, onda yerli axundlara və Ruhani İdarəsinə nə ehtiyac var? Digər dinlərdə, məsələn, xristianlıqda hər bir dini idarənin öz ərazisi olur, başqa təriqətlər, məzhəblər bura müdaxilə edəndə, buna qarşı etiraz edirlər. Azərbaycan şiələrindən söhbət gedirsə, onların dini təşkilatı Qafqaz Ruhani İdarəsi və dini liderləri isə yerli din xadimləri olmalıdırlar. Və iranlı ayətullahlar bu fonda ancaq çağırılmamış qonaqlar təsiri bağışlayırlar.

ÇIXIŞ YOLU?


Bir neçə il bundan əvvəl partiyaların birində «islamçılarla» birlikdə bəzi dini problemlər müzakirə olunurdu. Heç vaxt yadımdan çıxmaz. «İslamçı»lardan biri dedi ki, biz nə BMT qanunlarını tanıyırıq, nə də ki, dünyəvi qanunları, biz ancaq şəriəti qəbul edirik! BMT –nin əsas sənədində, elə Ümumdünya İnsan Haqları Bəyannaməsində deyilir: «Bütün insanlar azad, ləyaqət və hüquq baxımından bərabər doğulur. Onlara idrak, vicdan bəxş edilib və onlar biri – birinə münasibətdə qarşılıqlı qardaşlıq ruhunda münasibət bəsləməlidirlər». İndi mənim BMT-nin və yaxud da dünyanın mütərəqqi dünyəvi rejimlərinin əsas sənədlərində əks olunan bütün maddələri təqdim etmək fikrim yoxdur. Amma mən bu sitatı niyə görə gətirdim? Təbii ki, dini ideyalar özlərində bir emosional təsir daşıyırlar. Mən dinə alternativ axtarmıram. Amma elə indicə misal gətirdiyim sitatda bu emosional yük yoxdurmu? Onu oxuyanda, sizlər özünüzü böyük bir tamın – bəşəriyyətin də bir hissəsi hesab etmirsinizmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG