Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan büdcəsi: neft pullarının «narkomanı»?


2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin miqdarı indiyə qədər analoqu olmayan həddə çatacaq
2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin miqdarı indiyə qədər analoqu olmayan həddə çatacaq
Hökumətin 2010-cu ilin yekunlarına həsr edilmiş iclasında Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycanın büdcəsi neft gəlirlərinin deyil, yığılan vergilər hesabına formalaşmalıdır. Dedi ki, Neft Fondundakı vəsait ancaq investisiya layihələrinə sərf olunmalıdır. Dövlət başçısı hökumətə açıqca bildirdi ki, gələcəkdə Neft Fonduna çox da ümidli olmasınlar.

2010-DA DAHA ÇOX QAZANAN ARDNŞ BÜDCƏYƏ DAHA AZ PUL KEÇİRİB

Dövlət neft şirkəti ilin əvvəlində rəsmən elan etdi ki, 2010-cu ildə dövlət büdcəsinə 1 mlrd 262.9 mln manat vəsait ödəyib – əvvəlki illə müqayisədə 14% az.

Ancaq rəsmi məlumatlara əsasən, ARDNŞ 2010-da daha çox neft, qaz və neft məhsulları satıb. Bundan başqa, neftin dünya bazarındakı orta qiyməti də $62.1-dan $80-a yüksəlib.

Bu günlərdə Vergilər nazirinin müavini Natiq Əmirov ictimaiyyətə açıqlayıb ki, 2010-cu ildə xarici neft şirkətləri (nədənsə hələ də Dövlət Statistika Komitəsi və hökumət qurumları öz hesabatlarında bunu ABƏŞ («Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə əməliyyat şirkəti) kimi göstərirlər, baxmayaraq ki, Azərbaycanda neft və qaz hasil edən 13 əməliyyat şirkəti və 1 müştərək müəssisə var) ötən il dövlət büdcəsinə 741 mln manat ödəyiblər.

Ümumiyyətlə isə, 2010-cu ildə Vergilər Nazirliyi xətti ilə 4.294 mlrd manat vergi yığılıb. Yəni, yığılan vəsaitin 46.7%-i neft sektorunun payına düşüb.

BÜDCƏNİN YARIDAN ÇOXUNU XARİCİLƏR DOLDURUR

İlkin məlumatlara əsasən, ötən il Dövlət Neft Fondundan dövlət büdcəsinə 5.915 mlrd manat vəsait köçürülüb. Bu isə o deməkdir ki, Neft Fondunun dövlət büdcəsinin gəlirlərindəki payı 51.9%-dir.

Nəzərə alsaq ki, 2010-da dövlət büdcəsinin cəmi gəlirləri 11 mlrd 402.5 mln manatdır, məlum olur ki, Azərbaycanın dövlət büdcəsinin 58 faizi xarici neft şirkətlərinin ödəmələri hesabına formalaşıb (Neft Fondunun gəlirlərinin 98%-i hasilatın pay bölgüsü sazişləri çərçivəsində xaricilərin ödəmələridir).

Görəsən, Artur Rasizadə hökuməti prezident İlham Əliyevin dediklərindən heç olmasa, 2012-ci ilin dövlət büdcəsi layihənərkən bir nəticə çıxaracaqmı?
Başqa bir tərəfdən, bu ödəmələrin üzərinə Dövlət Neft Şirkətinin ödədiyi vergiləri də əlavə etsək, onda məlum olur ki, 2010-da büdcənin formalaşdırılmasında neft sektorunun payı 68.6% və ya 7 mlrd 818.9 mln manat təşkil edir.

2011 BÜDCƏSİ DAHA DA ÇOX NEFT PULLARINDAN ASILI QALACAQ

2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin miqdarı indiyə qədər analoqu olmayan həddə çatacaq – 6.48 mlrd manat və nəticədə onun büdcədəki payı ötən ilə nisbətdə artaraq 53%-i ötəcək. Görəsən, Artur Rasizadə hökuməti prezident İlham Əliyevin dediklərindən heç olmasa, 2012-ci ilin dövlət büdcəsi layihənərkən bir nəticə çıxaracaqmı? Yoxsa... nə deyim, artıq Nazirlər Kabinetinin İlham Əliyevin sədrliyi ilə keçirilən ikinci iclasıdır ki, dövlət başçısı alternativ enerjinin ölkədə tətbiqindən gileylənir, onun verdiyi tapşırıqların cavabdeh məmurlar tərəfindən icra olunmadığına işarə vurur.

İLHAM ƏLİYEVDƏN SİTAT:

«Bu vəzifəni mən keçən ilin əvvəlində qoymuşam, üstündən bir il keçibdir. Hələ ki, bizim, demək olar, nə Günəş, nə külək enerji qurğularımız var. Əfsuslar olsun ki, 2010-cu ildə bu sahədə biz nəticəni görməmişik. Bu, dözülməz haldır. Bir halda ki, Prezident tərəfindən göstəriş verilir, o göstəriş yerinə yetirilməlidir. Hesab edirəm ki, bu məsələlərlə bağlı olan qurumlar arasında səlahiyyət bölgüsü məsələlərində problemlər çıxmışdır. Buna da son qoyulmalıdır. Bu, bizim hamımızın işidir, göstəriş verilirsə, deməli, o, yerinə yetirilməlidir. Onun mexanizmi işlənilməlidir».

SİTATIN SONU


Görəsən Alternativ Energetika Dövlət Agentliyi yaradılması təklifini prezidentə kim və hansı məqsədlə veribmiş? Axı, hökumət hər yerə car çəkir ki, Azərbaycanın neft və qazı hələ 100 ilə bəs edər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG