Keçid linkləri

Təcili xəbərlər

Bu on il olmasaydi...


France - Council of Europe member States Flags, 09May2010
France - Council of Europe member States Flags, 09May2010
Bu həftə Azərbaycanın da Avropa Şurasına üzv olmasının 10 ili tamam oldu. Təbii ki, ərəb dünyasında baş verən çox maraqlı inqilabi hadisələr fonunda qeyd olunan tarix bir qədər nəzərə çarpmadı. Amma bu 10 il çox mürəkkəb dövr olub.

İndi mən burada təfsilata varmaq, neçə qanunun qəbul olunması, necə adamın azad edilməsi haqda arayış vermək fikrində deyiləm. Məni bir az başqa məsələlər maraqlandırır. Ərəb dünyasındakı prosesləri izləyəndə qeyri – adi oxşarlıqlar tapırsan. Üzücü prezidentldik müddəti, hakimiyyətin atadan oğula ötürülməsi, dəhşətli korrupsiya və yoxsulluq – hər gün ərəb dünyasında sadalanan bu problemlərin artıq 10 ildir Avropa Şurasının üzvü olan Azərbaycanda hansı yoxdur?

Problemlərə nəzər yetirəndə düşünürsən ki, ərəb despotlarının nəinki etdiklərinin və hətta etmək istədiklərinin hamısı artıq Azərbaycanda edilib. Ona görə də, istər – istəməz sual yaranır: əcəba, biz haradayıq? Avropa Şurasının üzvu olmasaydı Azərbaycanda nələr baş verərdi?

Mən indi 10 il bundan əvvəli xatırlamağa cəhd edirəm. O vaxt Şura üzvlük üçün həm də müxalifətin razılığını istəyirdi. Müxalifət razı oldu. Səhv etdilərmi? Güman etmirəm. Amma kiçik bir detal var ki, adamı narahat edir.

Müxalifət razılıq verdi və belə təəssürat yaratdı ki, hakimiyyətlə birlikdə, bir yerdə problemləri həll edəcək. Ancaq belə olmadı. Eynilə hüquq müdafiəsi ilə məşğul olan insanlar bir gün siyasi məhbus probleminin hakimiyyət ilə birlikdə çözülməsi haqda qərar qəbul etdi, Şura da buna razılıq verdi. Amma o vaxtdan siyasi məhbus problemi tamam müşkülə çevrilib. Bunun özü nəyi göstərir?

Bir daha əmin olursan ki, bu hakimiyyət tərəfdaş kimi yararsızdır, onunla əməkdaşlıq etmək mümkün deyil. Ona görə də həm ölkənin indiki vəziyyətini, həm də hakimiyyətin xarakterini nəzərə alaraq düşünürsən ki, bəlkə razılıq olmasaydı daha yaxşı olardı? İnanın, vəziyyət indikindən də pis olacaqdı.

Onsuz da bu hakimiyyətin təmsilçilərinin çıxışlarında dəfələrlə 10 il bundan əvvəl baş vermiş hadisə ilə – ölkənin Avropa Şurasına üzv olması ilə bağlı peşmançılıq notları sezilib. Məhz bu peşmançılığın təzahürüdür ki, indi ölkə NATO ilə, AB ilə kənardan – kənara, uzaqdan – uzağa əməkdaşlıq etməyə çalışır, hər dəfə bəyan edirlər ki, Azərbaycan bu təşkilatlara heç də üzv olmaq niyyətində deyil. Bir – iki il bundan əvvəlcə ən yüksək səviyyədə elə «Olmasın beynəlxalq təşkilatlar! Azərbaycan onlarsız yaşamayacaqmı!» kimi bəyanat verilmədimi? Özü də kimlərin önündə? Ölkəni xaricdə təmsil edən insanların qarşısında - səfirlərin önündə...

Misal var, deyirlər ki, ağıllı insanlar başqalarının səhvlərindən öyrənirlər. Daha nə baş verməlidir ki, bu hakimiyyət prosesləri soyuqqanlı, məntiqlə qiymətləndirməyə başlasın? Bu gün baş verən proseslər, iyirmi – otuz il hakimiyyətdə olan ərəb despotları, onların düşdüyü vəziyyət düşünmək üçün predmet deyilmi? Bəlkə güman edilir ki, azərbaycanlılar siyasi fəallıq göstərmək iqtidarında deyillər?

Axı bir neçə il bundan əvvəl kimsə desəydi ki, ərəb dünyasında indi baş verən bu proseslər olacaq, bəlkə də heç kim buna inanmazdı, çünki hamı ərəbləri də siyasi cəhətdən tamam perspektivsiz və aciz millət hesab edirdi...

BİR JURNALİSTİ AZAD EDƏ BİLMƏYƏN TƏŞKİLAT


Bəli, Avropa Şurası haqda belə rəy formalaşır. Şura curnalist E. Fətullayevlə bağlı iki dəfə qərar verdi, İnsan Haqları Məhkəməsi ondan asılı olan hər şeyi etdi. Məsələ hüquq müstəvisində bitdi. Artıq o, siyasi müstəvidədir. Hamıya aydındır ki, E.Fətullayevin azad olunması siyasi məsələdir. Niyə Şura bunu bacarmır? Təəssüf ki, biz də bu sualın cavabını bilmirik. Bu yaxınlarda AB rəhbərlərindən birinin – C.M.Barruzonun ölkəyə səfəri zamanı məsələ yenə də gündəliyə gətirildi. Amma o vaxtdan heç bir soraq yoxdur...

UNUDULMAZ ADLAR

Bəlkə Şurada fədakar insanlar çatışmır? Hər halda A.Qrossun yeri hələ də boş görünür. Onun kimi ikinci bir məruzəçi olmayıb, çox məsuliyyətli və idealist insan idi. Bilirsiniz, demokrat müəyyən mənada idealist olmalıdır, çünki bu dünyada maraqlar çoxdur və sövdələşmək üçün predmet kifayət qədərdir. Demokrat elə olmalıdır ki, bu maraqlar cəngəlliyində özünü itirib demokratiyanın prinsiplərini aşağı tutmasın, daim ona üstünlük verməyi və onlar uğrunda çarpışmağı bacarsın.

KİÇİK SÖZARDI

Hər halda, bu on ildə heç nəyin baş vermədiyini də demək düzgün olmazdı. Ən azı siyasi müxalifət üzvlüyə razılıq verdiyinə, ölkənin Avropa Şurasına üzv olmasına görə peşman deyil. Bir daha yazının əvvəlində qeyd olunmuş suala qayıtmaq istərdik: bu on il olmasaydı ölkə hansı vəziyyətdə olardı?...

Ən son yazılan

XS
SM
MD
LG