Keçid linkləri

Təcili xəbərlər

Vətəndə ölmək haqqı


Misir və Tunis prezidentləri gələcəkdən hələ xəbərsizdilər
Misir və Tunis prezidentləri gələcəkdən hələ xəbərsizdilər
Misirlilər Mübarəkin istefasını bayram edir. Deyilənə görə, Misirin eks-prezidenti komaya yaxın bir vəziyyətdə, Tunisin keçmiş rəhbəri Bel Əli isə komanın lap içindədir.

KOMANIN ƏSL SƏBƏBİ

Güman ki, kosmetik əməliyyatlar nəticəsində zahirən gənc görünən bu qocaman eks-prezidentlərin səhhətinə hakimiyyətin itirilməsindən daha çox, Qərb ölkələrindəki hesab və əmlaklarının dondurulması təsir edib. Söz yox, möhtərəm eks-prezidentlər şərq ölkələri və banklarında da xırda-para varidata sahib olmamış olmazlar, amma bunlara da güvənməyə dəyməz – möhtərəmlərə hər an «ata» bilərlər.

ATANŞİK-PREZİDENTLƏR

Xüsusən də indi, hakimiyyətin itirildiyi bir məqamda. Özü də kim bilməsə də, Misir və Tunis prezidentləri bunu əla bilir, çünki özləri də belə ata-ata gəliblər bu günə qədər. Ben Əlinin qohumlarının bahalı fransız yaxtını necə həyasızcasına ələ keçirdikləri yadınızdadırmı? Beynəlxalq qalmaqal düşdü, onunçün deyirəm. Gör ölkənin içində nələr ediblər. Digər tərəfdən, Qərbin etibarlı bankları nə qədər etibarlı olsa da, pulların «çirkli» olduğu birdən üzə çıxanda hesabları dondurmaq kimi pis xasiyyətləri var...

İBRƏT DƏRSİ

Etiraf edim ki, Mübarəkin və Ben Əlinin aqibəti məndə, - həyatı boyu qələmilə dolanan adamda, - xüsusi bir sevinc hissi doğurur. Bu hissi paxıllıqla səhv salmayın - halal zəhmətin SSRİ dövründə olduğu kimi, indi də elə bir dəyəri-qiyməti yoxdur. Amma bu emosiyaları bir kənara qoyub məsələyə soyuqqanlı yanaşanda da ortaya istər-istəməz bir sual çıxır – həmin liderlər kimi hakimiyyətdən belə bərk, dördəlli-dördayaqlı yapışmağa, xalqa zülm etməyə, qanını içməyə, milyardlar toplamağa, sonra da bunu bir göz qırpımında itirməyə dəyərmi? Bəlkə Allahdan qorxmayanlar, nəzir-niyazla günahlarını yuyacağını düşünənlər bu işdən bir ibrət götürsün?

VARLI VƏ KASIB

Aydın məsələdir ki, heç kim bu dünyada əbədi qalası deyil və komadan, min bir xəstəlikdən, əlillikdən, qəfil ölümdən sığortalanmayıb. Ələlxüsus də avtoritar ölkələrdə olan müstəqil jurnalistlər. Amma bununla belə, mən həyatımı bu ərəb liderləri və başqa belə prezidentlər kimi keçirmək istəmirəm qətiyyən! Oğurluq, başqalarının əlindən alınan haram var-dövlətə sahib olaraq yaşamaq, axırda da yığdığını itirmək xofundan və xəbərindən komaya düşməkdənsə,
Hüsnü Mübarək
alababat, lap elə kasib dolanib halal yaşamaq qat-qat yaxşidir.

YALAN VƏ FIRILDAĞIN XEYRİ

Əvəzində həqiqəti deyə, haqq-ədalət uğrunda kiçik də olsa mübarizə apara bilirsən və el arasında başıuca gəzmək hüququnu heç kim əlindən ala bilməz. Özü də məsələ təkcə axirət, savab və düzgünlükdə deyil. Haram yolla getməyin, hakimiyyəti qəsb etməyin, yalan və fırıldaqçılığın elə bu dünyada sərfəli olmadığı göz qabağındadır.

PREZİDENT-ELEKTRİK

Məgər Cimmi Karter, Marqaret Tetçer, Vaslav Havel, prezidentlik müddəti bitəndən sonra köhnə iş yerinə, gəmi tərsanəsindəki elektrik vəzifəsinə qayıdan Polşa prezidenti Leh Valensa və başqa belə liderlər həyatlarından razı, hətta xoşbəxt deyillər?

VALENSA VƏ ŞAH ABBAS

Axı bu prezidentlır onlar xalqın yeni seçimindən sonra hakimiyyətdən çəkilsələr və milyardları olmasa da normal, adam balası kimi yaşayırlar. Nə fərqi var, dolanışıqları kasıbdır, babatdır və ya az-çox təminatlıdır? Ən əsası odu ki, öz vətəndaşlarının hörmətini, hətta sevgisini qazanıblar. Valensanın elektrik işinə qayıtması isə Şah Abbasın xalça toxumasını xatırlatdı mənə...

ADİDƏN DƏ ADİ BİR HÜQUQ

İnqilabın başlanğıcında Mübarək dedi ki, ölkəsini tərk etmək niyyəti yoxdur, bütün ömrünü Misirdə keçirib, elə burada da ölmək istəyir. Öz vətənində ölmək – bütün dünyada milyardlarla kasıb insan üçün adidən adi bir şeydir. Adətən ölüm belələrini vaxtsız, qəfildən yaxalayır və çox vaxt zorakı olur. Belə insanlar vətəndə ölməyi xoşbəxtlik saymır, ən adi bir şey kimi baxırlar buna. Uşaqları ac-yalavac gəzən çoxuşaqlı kasıb ailədə dünyaya yeni bir uşağın gəlməsi xoşbəxtlik sayılmadığı kimi. Halbuki çox varlı və imkanlı, lakin sonsuz ailələr var ki, dünyaya övlad gətirmək üçün hər şeydən keçərlər.

AYILSA, BAŞA DÜŞSƏ DƏ...

Misir və Tunis hadisələri belə bir məntiqi nəticəyə gətirib çıxarır ki, öz vətənində ölmək şərəfinə də layiq olmaq lazımdır. Bu haqqı da qazanmaq lazımdır, çünki bəzən belə adidən də adi bir şey də müşkülə çevrilir, xüsusən prezidentlər üçün. Mübarək komadan ayılsa, bəlkə bu həqiqətləri başa düşə. Amma çətin. Bir də ki gecdir artıq. Sonrakı peşmançılığın nə faydası?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
.
XS
SM
MD
LG