Keçid linkləri

Təcili xəbərlər

Demokratik inqilablar və işin sonrası


Yeni diktatorun taxta oturacağı ancaq zaman məsələsidir
Yeni diktatorun taxta oturacağı ancaq zaman məsələsidir
Bir neçə gün öncə «Vaşinqton Post» qəzetində Maykl Qerson maraqlı bir məqalə ilə diqqətimi cəlb etdi. «Azadlıq mühafizəkarları təəccübləndirməməlidir» başlıqlı məqaləsində müəllif ərəb inqilablarını təhlil edərkən elə bil nala-mıxa vururdu. Bir tərəfdən qeyd edirdi ki, azadlıq insanın təbii halıdır və heç bir tiranlıq əbədi ola bilməz, çünki insan ruhu əvvəl axır köləliyə üsyan etməlidir. O biri tərəfdən isə ərəb üsyanlarının naqisliklərinə diqqəti cəlb edib məqalənin «inqilab ruhunu» azaldırdı.

ÜÇ ADAM FƏRQİ VƏ ZİBİL YEŞİYİ QAPAĞI


Məqalənin «inqilabi» hissəsi Azərbaycanda artıq onlarla müəllifin səsləndirdiyi fikirləri ifadə etdiyindən diqqətimi cəlb edən iki «anti-inqilabi» məqama toxunmaq istərdim: Birincisi, konservativ yazar Corc Uilldən misal gətirən Qerson ərəb ölkələrində demokratik liderlik probleminə toxunaraq deyir ki, «İraq xalqı demokratiyadan cəmi üç adam uzaqlığındadır. Təəssüf ki, bu üç adam Corc Vaşinqton, Ceyms Medison və Con Marşaldır».

İkinci sitat daha qıcıqlandırıcı səslənir. Müəllif Peqqi Nunan adlı yazardan sitat gətirərək qeyd edir ki, Yaxın Şərqdəki diktaturalar tarixən o regionun cəmiyyətləri üzərində «zibil yeşiyi qapağı» rolunu oynamışlar. Bəli, həmin qapaqlar zibil yeşiyinə azadlığın daxil olmasına mane olur. «Amma o qapağı da açanda, zibil - əl-qolu açılan terrorçular, ölüm tacirləri, etnik millətçilər ətrafı basır».

Hər iki tezisi çox tənqid etmək olar. Amma onların arxasındakı mənanı da qaçırmaq demokratiyaya can atan hər bir üçüncü dünya ölkəsi üçün təhlükəlidir. Tiranın aradan qaldırılması birinci və çox vacib addımdır. Lakin gərək tirandan qurtulan xalq da özünü idarə etməyi bacara – ciddi siyasi liderlərlə əldə olunmuş siyasi dəyişikliklərin nəticələrini qoruyub saxlaya, siyasi səhnəni populist ideyaların məzhəkə meydanına çevirib xalqı demokratiya ideyasından iyrəndirməyə və cəmiyyətdə özünü funksional idarəçilik sistemi kimi təsdiq edə.

UKRAYNA İNQİLABI

Azərbaycanda siyasi dəyişikliklərin ləngidiyindən çox yazılıb, amma irəlidə başqalarının olması azərbaycanlılara bir millət olaraq əvəzolunmaz bir təcrübə verir.
2004-cü ildə Ukraynanın «narıncı inqilab»ı Azərbaycan xalqını əməlli-başlı ruhlandırmışdı
2004-cü ildə Ukraynanın «narıncı inqilab»ı Azərbaycan xalqını əməlli-başlı ruhlandırmışdı. Belə ki, 2005-ci ilin seçkilərində Azərbaycan müxalifətinin təmsil olunduğu «Azadlıq» bloku eynən «narıncı inqilab»ın simvolikasını özünə götürmüşdü.

Amma Ukrayna inqilabının davamı da var: Baş nazir Yuliya Timoşenkonun prezident Viktor Yuşşenko ilə mənasız didişmələri, «narıncı inqilab» liderlərinin xalq arasındakı nüfuzlarının katastrofik enişi, yeni seçkilər və bir zamanlar «narıncı inqilab»ın devirdiyi Viktor Yanukoviçin hakimiyyətə qayıdışı. İndi «narıncı inqilab»ın bir çox nailiyyətləri basqı altındadır, bir zamanlar başgicəlləndirici «siyasi manevrlər» etmiş Yuliya Timoşenko isə vaxtaşırı həbs təhlükəsi ilə üzləşir. Yeni dövran yeni reallıqlar yaradıb. Ortaya geopolikanı salıb «Qərb uduzdu», «Rusiya irəlilədi» və s. demək olar. Amma fakt budur ki, 2004-cü ildə xalqın çoxmilyonlu mitinqləri ilə əllər üstə hakimiyyətə gələn Viktor Yuşşenko 2010-cu ildə həmin adamların 6%-dən azının səsini qazana bilmişdi. Buna geopolitika neyləsin? Geopolitik şərtlər Gürcüstan inqilabı üçün daha ağır sınaqlar yaratmışdı. Nino Burcanadze də təxminən Yuliya Timoşenkonun etdiklərini edirdi. Amma Saakaşvili hökuməti ayaq üstədir, Rusiya tam hərbi gücü ilə bu ölkəyə təcavüz etdikdən sonra belə.

SİYASİ RƏHBƏRLİYİ OLMAYAN ƏRƏB İNQİLABLARI

Ərəb inqilablarının siyasi partiya rəhbərliyi olmadan həyata keçirilməsi böyük optimizm mənbəyi sayılır. Bəli, xalq cana doyanda, liderlərsiz də inqilab edə bilərmiş, diktatoru təpikləyib kənara ata bilərmiş. Amma demokratiya təkcə tiranın yoxluğu deyil, həm də inkişaf etmiş mülki və siyasi institutlar, ciddi, məsuliyyətli siyasi qüvvələr və həm hökumət, həm də müxalifət tərəfdə sanballı siyasi liderlər deməkdir. Bu şərtlər olmadan yeni diktatorun taxta oturacağı ancaq zaman məsələsidir. Təbii ki, bu inqilabların yoxluğundansa, olmaları yaxşıdır. Ən azı diktatorların gözünə bir qorxu durdu ki, xalqı da bu qədər tapdamaq olmaz. Lakin demokratiya daha mürəkkəb bir sistemdir.

1787-ci ildə Amerika Birləşmiş Ştatlarının Konstitusional Konvensiyası başa çatanda, iclas zalından çıxan Bencamin Franklinə sadə bir amerikalı qadın sual edir: «Biz indi nə əldə etdik?» Franklinin cavabı tarixə düşür: «Respublika, onu qoruyub saxlaya bilsəniz...»

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG