Keçid linkləri

GÜN GƏLƏCƏK, VAQİF ÇOX MƏŞHUR OLACAQ…

O, Bakının göbəyində - İçərişəhərdə doğuldu. 1940-cı il martın 16-sında. Dünya savaşı gedirdi. Vaqifin atası Əziz Mustafazadə hərbi həkim idi. 8 il Uzaq Şərqdə qulluq etmişdi. Həm də gözəl tar çalırdı. Atası haqqında bu qədər. Vaqif anası ilə yaşayırdı – İçərişəhərdəki kommunal evlərdən birində. Zivər xanım musiqi məktəbində pianodan dərs deyirdi. Elə o üzdən Vaqif 3 yaşından pianoda çalmağa başlayıb. Zivər xanım adi xanım deyilmiş, çox tələbkar imiş. Saatlarla oğlu ilə məşq edirmiş. Məhəllə uşaqları Vaqifi oynamağa çağıranda, anası deyərmiş: «Gün gələcək, Vaqif çox məşhur olacaq. Odur ki, ona dəyməyin».

CAZ BAKIYA NƏ VAXT GƏLDİ?

«Azerbaijan International» dərgisinin redaktoru Betti Bleyer bu sualı belə cavablayır: XIX əsrin sonlarında Bakı öz nefti ilə məşhurlaşanda, Amerikada eyni vaxtda yeni musiqi növü olan caz meydana çıxıb. Nyu-Orlean və Çikaqo şəhərlərinin arxa məhəllələrindən, restoranlarından yüksələn caz tezliklə Bakıya da yol açıb. Arxiv qəzetləri 1900-cu illərdə Bakı restoranlarında caz çalındığını yazır (Xanım Bettiyə təşəkkürlər). Hətta Nobel qardaşları Bakıda caz dinləyirlərmiş... Sovetlər gələndə təbii ki, bütün bunlara son qoyuldu. Amma bu, hələ tam yasaq deyildi. Çünki 1930-cu illərdə Bakıda Tofiq Quliyev və Niyazinin yaratdığı Dövlət Caz Orkestri fəaliyyət göstərirdi. 1945-ci ildə müharibənin başa çatması ilə «kapitalist musiqisi»nə qadağa qoyuldu. 5 yaşlı Vaqif hələ bunlardan xəbərsizdi...

LƏQƏBİ : «MUZIKANT»

Hə, Vaqifi İçərişəhərdə belə çağırırlarmış. Yaxşı musiqi duyumu olduğu üçün. Cavanlar yığılırmış Filarmoniyanın bağına, orda bal rəqsləri üçün meydança varmış. Vaqif hamıdan gözəl rəqs edirmiş. Dostlarının söylədiyinə görə, o, həm də çox yaraşıqlı imiş. Vaqif və dostlarının bir arzusu da varmış. Qız Qalasının damına çıxıb, şəhəri seyr etmək. O vaxt buna icazə yoxmuş.

ANAM, DƏNİZ, İÇƏRİŞƏHƏR!

Xoşbəxtliyə bax, Vaqifgilin o dar mənzilindən Xəzər görünürmüş. Vaqif bütün uşaqlığını dənizə baxaraq keçirib. Sonralar «musiqiçi kimi yetişmənizdə kimin rolu olub?» sualını belə cavablarmış
Vaqif Mustafazadənin pianosu
: Anam, Dəniz, İçərişəhər...

İKİ VAQİF

9 yaşında Vaqif təkcə bal rəqsləri oynamırdı. Həm də Corc Gerşvinin əsərini çalırdı. Bir az böyüyəndən sonra o, dostları ilə (şair Vaqif Səmədoğlu ilə) başqa məşğuliyyət də tapdı. Gizlicə «Amerikanın səsi» və BBC radiolarını qısa dalğadan (lap indiki kimi – gülməlidir, deyilmi?) tutmağa çalışarlar. Üstəlik, radionun səsini də qısarlarmış ki, qonşular eşitməsin. Veriliş bitən kimi dostlar həmin musiqini eyni ilə çalarmış.

CAZ VARSA, CASUS DA VAR…

Dostlar caz motivləri olan kinofilmlər də axtararmış. Tapanda, ona hətta 20-30 dəfə baxarmışlar. Elə bilməyin ki, kinonu axıracan seyr edərmişlər. Şair Vaqifin dediyinə görə, caz olan hissə bitən kimi Vaqiflər evə qaçıb, eşitdiklərini çalmağa girişərmiş... Xoşbəxt Sovet uşaqları! «Xoşbəxtlər» hətta filmlərdə casusun nə vaxt gələcəyini də əvvəlcədən duyarmış. Caz səsləndisə, demək, casus gələcək...

Gülməlidir, deyilmi?

Amma gerçəklikdir!

DAHA BİR XATİRƏ


Bunu Vaqifin dostu Vasif Babayev Xanım Bettiyə söyləyib. 1963-cü il imiş. Vaqif artıq Asəf Zeynallı adına Musiqi Texnikumunu bitiribmiş. Xruşşovun «ilıqlaşma» dövrü imiş. Amma yasaqlar varmış. Axşamlar universitetdə keçirilən gecələrdə tələbələr gizlicə rok-n-rol oynarlarmış. Vaqif yığıncaqda görünən kimi hamı qışqırıb, alqışlayarmış. Vaqif piano arxasına keçərmiş. Tələbələrdən biri pusquda durarmış. Rok-n-rol oynayan, caz çalan hər kəsin həbs olunma qorxusu var imiş...

Gülməlidir, deyilmi?

Amma gerçəklikdir.

CAZLA MUĞAMIN SİNTEZİ NECƏ YARANDI?


Vaqif Mustafazadənin ev muzeyi
Vaqif bütün ömrü boyu belə yasaqlarda qarşılaşdı, belə yasaqlarla yaşadı. Vaxtsız ölümünə də səbəb elə bu yasaqlar oldu.

Yazını bitirməkdəyəm. Vaqif haqda nə qədər desən, yazmaq olar. Amma bir şeyi demədən yazını bitirmək istəməzdim. Deyirlər ki, Vaqif cazla muğamın sintezini ilk dəfə bir konsertdə yaradıb. Caz kompozisiyası çalırmış. Birdən «Bayatı-Şiraz»a keçib. Konsertdən sonra ürəyi xarab olub. Üstünə həkim gəlib. Sonra anası Zivər xanımdan xahiş edib ki, onun üçün pianoda bir «Bayatı-Şiraz» çalsın...

ULDUZLARIN YERƏ DÜŞDÜYÜ AN

Vaqif Mustafazadə indi Bakının, İçərişəhərin simvollarından sayılır. 60-70-ci illərdə isə o, adi bakılıdan biri idi.

Onda «ulduzlar» Bakının küçələrində gəzirdilər – göylərdə deyildilər.

Hüsü Hacıyev küçəsində Bəxtiyar Vahabzadəni, Tofiq Quliyevi, Emin Sabitoğlunu, Nəbi Xəzrini görmək olurdu.

«Xaqani» küçəsi çiyini çantalı, gözü eynəkli Anarın idi.

Bütün məşhur xanəndələri Filarmoniyanın bağında görərdin.

Vaqiflə həmişə Qız Qalasının, «Azərbaycan» kinoteatrının ətrafında, «Nizami» küçəsinin girəcəyində rastlaşardım.

Əzizənin əlindən yapışıb, söhbətləşə-söhbətləşə gedirdi.

Mən də Qız Qalasına, Xəzərə necə baxırdımsa, Vaqifə də eləcə baxıb keçirdim...

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG