Keçid linkləri

İnternetləşən dünya və təşviş keçirən ölkələr


ABŞ – da belə sanki interneti ərəb üsyanlarından sonra yenidən kəşf etdilər
Çox güman, A.Saxarov qlobal informasiya şəbəkəsinin, internetin meydana çıxacağını proqnozlaşdıranda, onun belə güclü bir faktora çevriləcəyini özü də ehtimal etməzdi. Hətta ötən əsrin 40 –cı illərindən ilk kompyuterlər və süni intellekt problemi üzərində işlərin getdiyi ABŞ – da belə sanki interneti ərəb üsyanlarından sonra yenidən kəşf etdilər. Amma indi reallıq, necə deyərlər, göz önündədir. Hazırda təxminən 350 – 360 milyon hüdudlarında müəyyən edilən internet istifadəçilərinin sayının bu il 2 milyarda çatacağı və bəlkə də bu həddi ötəcəyi də istisna edilmir. Amma belə triumf heç də hamının arzu və istəkləri ilə uzlaşmır, bundan böyük təlaş keçirən ölkələr və belə ölkələrin siyasətçiləri var. Daha əvvəlki vaxtlarda olduğu kimi, «xalq kompyuteri» kimi layihələr yada düşmür, indi başqa qayğılar üstünlük təşkil edir. Məlum olur ki, «xalqın sürətlə kompyuterləşməsi» bəzi rejimlər üçün heç də ürəkaçan bir perspektiv vəd etmir. Bunun hətta bir fəlsəfi özəlliyi də var. Kapitalist həyat tərzi, insanlar arasında rabitənin zəifləməsi, «atomistik cəmiyyət»in meydan alması bir növ internet vasitəsilə kompensasiya edildi, insanlar arasındakı rabitə bərpa olundu. İndi bu rabitə bəzi siyasət adamlarını, o kəsləri ki, elə dünənə qədər millətini ancaq «siyasətlə maraqlanmadıqlarına» görə sevirdi, ciddi şəkildə əndişələndirir.

PARTİYALARDAN İNTERNET – KLUBLARA


Azərbaycanda indi 324880 nəfər «Facebook» istifadəçisi var. Bəlkə də bu, heç kimin təsəvvür etmədiyi bir assosiativ qrupdur. Təbii ki, bunu siyasi birlik kimi təqdim etmək olmaz – internet şəbəkəsində ən müxtəlif səpkili insanlar təmsil olunurlar. Amma əsas rabitə mexanizminin yaranmasıdır. Hakimiyyət adamlarını məhz elə bu rabitə mexanizmi narahat etmirmi? Narahat etmirsə, niyə sosial - şəbəkələri ayrı – ayrı dövlətlərin idarə etməsi il bağlı təbliğat və təşviqat aparılır, insanları və xüsusən də gəncləri «şəbəkələrdə ehtiyatlı olmağa» çağırırlar? İnsan nə qədər fərdiyyətçi olursa – olsun, o, yenə də ünsiyyətə ehtiyac duyur, assosiativ fəaliyyətə meyl edir, çünki insan bütün hallarda ictimai varlıqdır. Əvvəllər bu ehtiyacı partiyalar qismən belə olsa təmin edirdi. Amma partiyalarla bağlı indi ciddi problemlər var. Bu problem əsasən hakimiyyət və qismən də partiyaların özləri tərəfindən yaranır. Bəli, hakimiyyət siyasi partiyaları tamam iflic edib. Amma bu problemin hamısı demək deyil. Gənclər siyasi partiyalara bir qədər ehtiyatla yanaşır, hərçənd ki, əsas partiyaların gənclər təşkilatı mövcuddur. Bəs gəncləri partiyalarda çəkindirən nədir? Partiyaya üzv olanda, kollektiv məsuliyyəti bölüşməlisən və bu məsuliyyət təkcə gələcəkdə baş verəcək hadisələri əhatə etmir, həm də keçmişi də bölüşmək lazım gəlir, bunu isə siyasi partiyalara yeni gələn insanlar sevmirlər. Bundan başqa, siyasi partiyalar müəyyən münasibətlər məcmusudur, iyerarxiya deməkdir və bütün bunlar da bərabər ünsiyyət üçün problem yaradır. Amma virtual məkanda belə problem yoxdur – insanlar bir çox maneələri asan dəf edərək ünsiyyətə girirlər. Elə bu səbəbdən insanları indi internet klubları daha çox birləşdirir, nəinki siyasi partiyalar. Güman ki, elə bu səbəbdən onları hakimiyyət hədəfə götürüb – internet klublarının da fəaliyyətinə və xüsusən də axşamlar fəaliyyətinə ciddi maneçilik törədilir.

AZADLIQLA RƏQABƏTDƏ


Hakimiyyətin məhdudlaşdırdığı seçim imkanlarını əsrin özü genişləndirir. Bu da əsrin paradiqmasıdır. Ona görə də hansısa yüksək ranqlı siyasətçi deyəndə ki, bütün diktaturalar devriləcək, buna ironiya ilə yanaşmaq lazım deyil, bu, 21-ci əsrin tələbidir. Elə məhz bu səbəbə görə də bu gün Liviya bombalanırsa, buna da ironiya etmək lazım deyil. Diktaturalar 21-ci əsrlə heç uyuşmur. Ümumi fonda onlar çox əcaib görünürlər. Bir fikir adamının belə bir tezisi vardı ki, son illərin ən böyük qüsuru günah hissinin itirilməsidir.

Diktaturalara günah hissi yaddır, burada hər şey, hər cür zorakılıq icazəlidir və məqbuldur. Məhz elə bu detal onlara bir qeyri – insani bir mahiyyət verir. Elə bu səbəbdən də diktaturalar siyasi səhnəni tərk etməlidir, nə qədər tez tərk etsələr bir o qədər yaxşıdır – həm bəşəriyyət üçün, həm də özləri üçün.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG