Keçid linkləri

Təcili xəbərlər

Əsas söz deyil...


Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Teleradio Şurasına müraciət edib.
O, eşitmə qabiliyyətini qismən ya da tamam itirən əlillərin informasiya ilə təmin edilməsi üçün xəbər proqramlarının və digər televiziya verilişlərinin efirə titrlə, yəni ekranın aşağısında gedən yazılarla verilməsini istəyib.

Elmira xanımın əlillərin qeydinə qalması təbii ki, hamının ürəyimə yatdı, tək mənim yox. Lakin onun televiziyanın fəaliyyəti ilə bağlı MTRŞ-yə müraciəti məndə bəzi şübhələr və suallar doğurdu. Məsələn,

SUALLAR

Hörmətli Elmira Süleymanovanın xəbəri varmı ki, Lider TV bir neçə müxalifətyönlü və müstəqil jurnalistin intim həyatıyla bağlı gizli kamera ilə çəkilmiş kadrları efirə verib? Və bununla jurnalistlərin insan hüquqlarını, insanın özəl həyat hüququnu kobud şəkildə pozub?

Yaxşı, jurnalistin hüququ bir yana qalsın, o kişidir. Bəs lüt anadangəlmə göstərilən qızın günahı nədir ki, onun bədənini də, üzünü də hamıya göstərib tanıtdılar?

Əgər Elmira xanım bu məsələdən indiyəcən xəbər tutmayıbsa, onda bu yazını Azərbaycan Respublikasının ombudsmanına bir müraciət kimi hesab etmək olarmı?

Yox, əgər xanım Süleymanova məsələdən agahdırsa, onda Lider TV-nin insanın şəxsi həyatını hamıya göstərməsi ilə bağlı MTRŞ-yə müraciət edibmi?

Əgər hörmətli Elmira xanım belə bir müraciət etməyibsə, səbəbi nədir? Məgər bu, onun vəzifəsi deyil? Bəlkə mən səhv edirəm?

SƏMƏRƏLİ İDARƏ EDİLƏN ÖLKƏLƏR


Demokratik ölkələrdə prezident ya da baş nazir ölkəni idarə edir, hökumət bu işdə ona yardımçı olur, parlament yeni qanunlar hazırlayır və ya olanları təkmilləşdirir, milli təhlükəsizlik orqanları ölkənin düşmənlərinin fəaliyyətini izləyir, polis cinayətkarları tutur, məhkəmələr qanunlara əsasən cinayətkarları mühakimə edir, televiziyalar xəbər və əyləncə proqramları yayımlayır, ombudsman isə insan haqlarını müdafiə edir. Bütün bunlar müxtəlif səmərə ilə həyata keçirilir, və əgər idarəetmə, onun effektivliyi vətəndaşları qane etmirsə, prezidentə və onun partiyasına səs vermir, prezidenti, parlamenti, polisi, məhkəmələri və hətta ombudsmanı dəyişirlər. Amma demokratik ölkələrdə.

SƏMƏRƏLİ İDARƏ EDİLMƏYƏN ÖLKƏLƏR

Azərbaycan kimi demokratiyanın imitasiya olunduğu ölkələrdə bütün bunlar bir qədər başqa formada həyata keçirilir. Polis cinayətkarları yox, müxalifətçiləri və fərqli düşünənləri tutur - ciblərinə nəşə, heroin ya da silah qoymaqla. Məhkəmələr hakimiyyətin sifarişlərini icra edir – müxalifətçiləri və jurnalistləri polisin uydurma ittihamları ilə məhkum edir, qalan vaxtı hərracdakı kimi «Kim çox pul verər?» prinsipi ilə işləyirlər. Kimlərsə jurnalistlərin cinsi həyatının, seks-əyləncərinin çəkilişini aparır, «müstəqil» teleşirkətlər isə onları aşağılamaq niyyəti ilə belə kadrları efirə verirlər. Halbuki bu olayları ekranda göstərən əskik adamdı, eləyən yox! Yüksək vəzifəli məmurlar vətəndaşların cibinə girir, mənimsəmə, büdcə oğurluğu ilə məşğul olur, parlament isə bu «işə» xeyir-dua verir. Belə korrupsiya piramidasının nizamlı fəaliyyəti, qaydaları hər kəsə yaxşı məlumdur, özü də çoxdan.

OMBUDSMANIN PROBLEMİ

Belə bir durumda vəzifəyə prezident tərəfindən təqdim və parlament tərəfindən təsdiq olunan ombudsman nə eləsin? Onun vəziyyəti lap çətindir.

Aydındır ki, Azərbaycanda ombudsmanın prezidentə arxalanaraq insan haqlarını müdafiə etməsi mümkünsüzdür. Əvvəla, prezident ombudsman postunu yalnız Avropa Şurasının tələbi və təzyiqi ilə təsis edib, daha öz xoşuyla yox. İkincisi, Elmira Süleymanova bu vəzifəyə ona görə təyin edilməyib ki, ölkə başçısının başını belə-belə xırda məsələlərlə ağrıtsın. Üçüncüsü, Azərbaycanda ombudsman prezidentə kömək eləməlidi, mane olmamalıdı - buna dövlətçilik qayğılarını anlamaq deyirlər.

Ona görə də Elmira Süleymanova İlham Əliyevə, ya da MTRŞ-yə müraciət edərək hakimiyyət üçün arzuolunmaz şəxsin – jurnalistin intim həyatını göstərməklə telekanalın insan haqlarını pozmasından şikayət edə bilməz. Lider TV kanalının həddi-büluğa çatmamış auditoriyaya, aşağı sinif şagirdlərinə də pornoqrafiyaya xarakterli süjetləri göstərməsindən şikayət edə bilməz. Onu bu vəzifəyə belə işlər üçün təyin etməyiblər ki?..

Amma Elmira xanım əlini əlinin üstünə qoyub dinc otura da bilməz – Avropa strukturları fəaliyyətini izləyir, hesabat tələb eləyir, üstəlik müxalifət də irad bildirir. Nəticədə ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi işini imitasiya etməkdən başqa çarəsi qalmır. Ona görə də o, məsələn, əlilləri nəzərə alaraq televiziya verilişlərinin efirə titrlə verilməsi kimi təkliflər irəli sürür.

PORNONUN ƏSAS XÜSUSİYYƏTİ

Ancaq burada bir çox mühüm, eyni zamanda incə və maraqlı məqam var. Yəni gizli kamera ilə çəkilən porno xarakterli informasiya süjetləri efirə titrlə veriləndə əlillərin qazancı nə olacaq ki? Nəyi artıq qavrayacaqlar? Məgər seksual cütlük göstərilən videogörüntü hər şeyi anlamağa kifayət etmirmi? Axı məlumdur ki, pornoqrafiyada sözlərin elə bir əhəmiyyəti yoxdur, əsas görüntüdür. Bir də orada nə söz olur ki? Eləcə «Oh, yes!»,«Oh, yess!», «Oh, yess!!» təkrarlanır. Bizim telekanalların hansını götürsən, verirlişlərindəki audioinformasiya eləcədir - «Oh, yess!!»...
XS
SM
MD
LG