Keçid linkləri

Təcili xəbərlər

«Gül bayramı yox, gül kimi gələcək istəyirəm»


Bloqqerlərin bir neçəsi bu həftə Gül Bayramına dair postlar göndərib. Azadıq Biz yazır:

«İnsanlarımızın itkisi pul vahidi ilə ölçülsəydi nə vardıki. İtirilən təkcə pullar deyil, sayı milyonluq nəsillərdir. Manqurtlaşmış, əsla demokratiya havası udmamış, diktatorların baba, dayı olmasına inanan nəsillər. Güllərin gözəlliyi və ətri qarşısında bu nəsillər «Bir qalanın sirri»ndəki Mətanət bacı kimi məst olub gedirlər. Avtoritar, totalitar sistemlərin bir doktrinası var: «Əgər hakimiyyətini uzatmaq, sənə nökərçilik edən qul nəsillər yetişdirmək istəyirsənsə işə uşaqlardan başla.

Heydər Əliyev də bunu başa düşürdü. Hakimiyyətə yeni gəldiyində ətrafı ancaq qocalardan ibarət idi. Onun gəlişi zamanı uşaq, yeniyetmə olanlar isə azadlıq havasını udmuş, avtoritarizmi rədd edəcək nəsillər idi. Təzə doğulacaq körpələrdən başlamaq lazım idi.

İlk əvvəl bağça və məktəb uşaqlarını yol kənarına düzməkdən başladılar. Əllərinə bayraq verib küçələrdə süründürdülər. Amma bu iş də fayda vermədi».

GÜLLƏRƏ VERİLƏN PULUN BİR FAİZİ

Nərmin Həsənli də yazır ki, güllərə verilən pulun bir faizi bir neçə ailənin qayğısına qala bilərdi:

Gül Bayramı
«İndi üç dörd nəfər dahi çıxıb deyəcək ki, hər şeyə etiraz edirsiniz, heç nəyi bəyənmirsiniz.
Birinci Gül keçid, körpü bina deyil ki, xərc çəkilsin ən azından sonradan xeyri olsun. Körpüyə milyonlar xərclənsə də ən azı bilirik ki, yerində durub. Güllər xaricdən çox baha qiymətə gətirilir iki-üç gün sonra parklardan yığışdırılır. Gülləri kim hara aparır məlum deyil. Çox güman ki, kasıb məmurlarımız bağlarına daşıyırlar gülləri. Absurd şeylərə milyonların xərclənməsi Azərbaycanda adi hala çevrilib. Avroviziyaya, bayraqlara, mərmərli parklarımıza çəkilən xərclərdən isə danışmaq belə istəmirəm.
Gül Bayramın Azərbaycana bir xeyri varmi? YOX! Yaxşı olmazdı ki, xeyirli iş görsünlər. Məslən gül bayramına çəkilən xərc 20-25 milyon manat arasında dəyişir. Hər il, bu qədər pulla əməliyyata ehtiyacı olan minlərlə insanı əməliyyat elətdirmək olar. Mən gənc olaraq Gül bayramı yox gül kimi gələcək istəyirəm. 20 milyonla ən azı ildə 2-3 min gənci xaricə oxumağa yollaya bilərlər».

Blooqer, millət vəkili Ceyhun Osmanlı magistrlara və doktorluq edənlərə hərbi çağırışdan möhlət vermək lazım olduğunu yazır:

«Çalışmaq lazımdır ki, bu qanuna yaz sessiyasında baxılsın. Çünki bu gün əgər təhsil və elm prosesinin davamlılığını istəyiriksə, bakalavr pilləsini bitirib magistr imtahanlarında müvəffəqiyyət qazananlara, eyni zamanda magistr pilləsini bitirib doktorluq işinə davam etmək istəyənlərə hərbi çağırışdan möhlətin verilməsi faydalı olardı».

BİR PARTİYALI DÖVLƏTLƏR

Zaur Qurbanov hal-hazırda bir partiyalı dövlətlərin siyahısını yazıb:

«Totalitarizmin əsas əlaməti tək partiyalılıqdır. Belə ki, bir partiyadan başqa partiyalar qadağan olunmuş ölkəni idarə edən rejim totalitar rejim sayılır.

Çin Xalq Respublikası – «Çin Kommunist Partiyası» «Birləşmiş Cəbhə»yə başçılıq edir (1949);

Kuba – «Kuba Kommunist Partiyası» (1959);

Eritreya – «Demokratiya və Ədalət uğrunda Xalq Cəbhəsi» (1993);

Şimali Koreya – «Koreya Fəhlə Partiyası» «Vətənin yenidən birləşdirilməsi uğrunda Demokratik Cəbhə»yə başçılıq edir (1948);

Laos – «Lao Xalq İnqilabi Partiyası» «Milli Quruculuq uğrunda Lao Cəbhəsi»nə başçılıq edir (1975);

Suriya – «Baas» partiyası «Milli Proqressiv Cəbhə»yə başçılıq edir (1963);

Türkmənistan – «Türkmənistan Demokratik Partiyası» (1991);

Vyetnam – «Vyetnam Kommunist Partiyası» «Vyetnamlıların Vətən Cəbhəsi»nə başçılıq edir (1976)».
XS
SM
MD
LG