Keçid linkləri

Təcili xəbərlər

Naxçıvan - köhnə və yeni qadağalar


Naxçıvan. Vağzal
Naxçıvan. Vağzal
Rəsmi TV-də Naxçıvan görüntüləri adamın gözünü oxşayır. Hara baxırsan - səhman. Adamlar səliqəli geyimdə. Səf düzlənib çıxıblar yerli və ya mərkəzi rəhbərliyin qarşısına.

Belə intizama ya marksistlərin «insan şüuruna» əsaslanan utopik cəmiyyət təsvirində, ya da əsgəri qadağalarla idarə olunan hərbi hissələrdə rast gələrsən.

Naxçıvan sakinləri ilə söhbətdən sonra sonuncu səbəbin daha ağlabatan olduğunu hiss edirsən. Bu sadə insanların şahidliyi məşhur mahnının nəqarətini xatırladır «Olmaz! Olmaz! Olmaz!»

Gəlin onları dinləyib, Naxçıvanda «OLMAZ» damğası daşıyan qaydalara baxaq

MOTOSİKLET– OLMAZ!

Bu günlərdə Naxçıvanda motosiklet sürmək müşkülə çevrilib – yasaq edilib – deyirlər. Doğrudur, heç yerdə «Motoskilet qadağandır» elanı rastıma çıxmadı. Amma söhbət elədiyim motosiklet sahibləri and-aman edirlər ki, polislər həyətlərdə axtarışlar aparır, bütün növ motosikletləri aparırlar cərimə meydançalarına. Orada isə motosikletləri doğrayıb, yararsız hala salırlar.

Motosiklet sahibləri güman edirlər ki, burada bəzi məmurların iqtisadi maraqları var. Deyirlər, yəqin kimsə xaricdən yeni motosikletlər gətirib, onları satmaq üçün köhnələri yığışdırırlar.

Naxçıvanda sökülən motosikletlərin hissələri
HƏRBİÇİLƏRƏ MAŞIN SÜRMƏK - OLMAZ!

Naxçıvanda hərbiçiləri şəxsi avtomobillərin sükanı arxasında görməzsən. Deyirlər ki, buna icazələri yoxdur. İndi bilmirəm, bu yasaq ordu komandanlığından qaynaqlanır, ya Naxçıvanın mülki hakimiyyətindən, amma hazırda hərbiçilər hətta mülki formada belə avtomobil idarə edə bilməzlər. Belə hal aşkarlanarsa, avtomobili hərbi polis müsadirə edir, hərbiçi isə, cəzalandırılır.

Bir hərbiçi tanışım deyir ki, bu yaxınlarda maşın alıb və bir müddət keçəndən sonra şəhərdə mülki geyimdə maşını idarə edərkən hərbi polislər onu tanıyıb, saxlayıblar:

«Mənə 15 sutka həbs cəzası verdilər, maşınımı isə, müsadirə etdilər. Sonradan maşının taleyi ilə maraqlananda məlum oldu ki, onu hissələrə bölüb, yerə basdırıblar»

Bu cür qadağalar oxuculara ilk baxışdan qeyri-adi görünə bilər. Naxçıvanlılar isə, artıq belə davranışlara çoxdan alışıblar.

TƏNDİR QADAĞASI

Naxçıvan qadağaları arasında ən məzəlisi - təndir yasağıdır. Kimin ki, həyətindən təndir tüstüsü qalxdı, dərhal gəlib, «olmaz» deyirlər. Bunu mənə danışanlardan səbəbini soruşuram. Əmindilər ki, Naxçıvanın yerli məmurlarının biznes maraqlarına toxunur, ona görə.

Deyirlər ki, bir müddət əvvəl Naxçıvanda çoxlu çörək sexləri açıldı. Amma bu biznesin sahibləri unudurdular ki, əhalinin böyük bir hissəsi öz tələbatlarını dədə-baba qaydası ilə - təndir çörəyi hesabına təmin edirlər. Onların sexindən çörək alan az idi. Sexlərdə bişirilən çörəyin satışını artırmaq üçün müxtəlif üsullara əl atırdılar, amma nəticəsi olmurdu.

Un sexi
Sonra da tənbəllik eləməyib təndirdə çörək bişirməyə qadağa qoyuldu. Deyilənlərə görə, bəzi kəndlərdə hətta təndirləri torpaqla doldurub və ya uçurublar.

UN SATMAQ - OLMAZ!

Çörək epopeyasını mənə danışanlar deyirlər ki, çörək məsələsinə burada nöqtə qoyulmadı. Çünki təndir yasağı çörək sexlərin bazarına elə də təsir etmədi.

Çörək bişirməyin o qədər yolları var ki, təndirlərini itirənlər çörəyi yenə də evdə bişirməyə davam edirdilər. Bunu görəndə...

Naxçıvanda un satışına qadağa qoyuldu. Bu qadağadan sonra artıq heç kim evdə çörək bişirə bilmədi. Əhali məcbur oldu çörək sexlərinə üz tutsun.

PALTARI İPDƏN ASIB QURUTMAQ - OLMAZ!

Təxminən eyni vaxtlarda, deyilənlərə görə Naxçıvana xeyli miqdarda «suşilka»- elektrik paltarqurudan maşınlar gətirildi.

Maşınlar çox baha olduğundan, əhali onları almağa xüsusi maraq göstərmirdi. Elə əvvəlkitək, kimi balkonunda, kimi həyətində ipdən- zivədən asmaqla qurudurdular.

Sonra yaşayış binalarında qurudlmaq üçün paltar asılmış ipləri polislər qırıb atmağa, doğramağa başladı. Bayırdan görünərsə, hətta evin içərisində də ipdən paltar sərib qurutmaq qadağan olundu.

Bu yaxınlarda bir hadisənin şahidi oldum.

Naxçıvan şəhərində 3-cü mikrorayondakı binalardan birinin ikinci mərtəbəsində yaşayan bir qadın evin balkonundan ip asıb, qurutmaq üçün yaş paltarları sərirdi. Heç, 10 dəqiqə keçməmiş polislər peyda oldular. Onlar əvvəlcə ipi qırıb paltar qarışıq yerə tulladılar. Sonra isə, qadını polis şöbəsinə apardılar.

Səbəb paltar asmaq qadağası pozulub. Bu qadağanı harda, rəsmən elan ediblər? Heç yanda. Sadəcə olaraq, polis tapşırıq aldığını deyir.

HƏR 100 MİN NƏFƏRƏ BİR ÇAYXANA

Çayxana
Artıq bir neçə ildir Naxçıvanda çayxanaların kütləvi şəkildə sökülməsinə start verilib. Bütün kəndlərdə, rayon mərkəzlərində olan çayxanaların hamısı ağır texnika ilə yerlə yeksan olunub.

İndi yalnız Naxçıvan şəhərində cəmi 4-5 çayxana fəaliyyət göstərir. Rəsmi statistikada muxtar respublikanın əhalisinin sayı təxminən 400 min nəfər göstərilir. Belə çıxır ki, Naxçıvanda təqribən hər 100 min nəfərə cəmi bir çayxana düşür. Deyilənə görə bu qadağa isə sırf siyasi məqsəd daşıyır. Artıq insanlar 3-3, 5-5 çayxanalarda toplaşıb muxtar respublika və dünyanın dərd-sərindən danışa bilmirlər.

VƏ SAİRƏ...

Naxçıvanda üstəlik yas yerlərində də siyasi, ictimai söhbətlər qadağan olunub. Əlbəttə, yenə də rəsmən yox. Sadəcə olaraq, indi belə söhbətləri etmək mümkün deyil. Mollalar yas mərasimlərində mərhuma dualar oxumaqdan daha çox hakimiyyətin yürütdüyü siyasəti tərifləməlidirlər. Əks halda, yasları idarə etmək üçün verilən sertifikat onların əllərindən alına bilər.

Muxtar respublika rəhbərliyi artıq yas mərasimlərinin menyusunda da bəzi redaktə işləri aparıblar. Bir sözlə yas mərasimlərində xurma və halvadan başqa, hər hansı şirniyyatdan istifadə etmək olmaz.

Naxçıvan televiziyasında dini mövzuda olan verilişlərə də qadağa qoyulub. Hətta televiziyanın efirindən «maşallah», «inşallah», «Allah qoysa» sözlərini işlətmək də olmaz!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG