Keçid linkləri

Təcili xəbərlər

Qaz siyasətində yananlar


İlham Şaban
İlham Şaban

Azərbaycan mətbuatında çoxdan idi ki, belə qızğın müzakirələrin getdiyini görməmişdim. Özü də bu müzakirələrdə neytral tərəf tapa bilməzdin. Bu məsələ cəmiyyətin aktiv hissəsini sanki ikiyə bölürdü. Ehtiraslar az qala “de görüm Azərbaycan qazının Nabucco ilə ixrac edilməsinin tərəfdarısan, yoxsa yox, deyim kimlərdənsən” səviyyəsinə qalxmışdı.

Ona görə də istəyirdim ki, emosiyasız, çoxbucaqlı prizmadan baxmaqla bir məsələyə aydınlıq gətirək: Nabucco doğrudanmı Azərbaycan üçün XX əsrin II onilliyində “ölüm, və ya olum” məsələ qədər aktualdır?

Azərbaycanın arzusu

Bu, təbii ki ancaq “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində çıxarıacaq qazın hansı yolla olursa-olsun satışı ilə məhdudlaşmır. Azərbaycan böyük qaz ixracına (kiçik qaz ixracı 2007-ci ildə başlayıb) 2017-ci ildə başlamaq niyyətindədir və hazırkı təsdiq edilmiş ehtiyatlar müqabilində (2,2 trln. kubmetr) təqribən 2055-ci ilə qədər stabil qaz ixracatçısı statusunu qoruyub saxlamaq siyasəti yürüdür.

Daha doğrusu, təbii qaz Azərbaycanın postneft dövrü üçün ölkənin dünya enerji bazarında öz rolunu qoruyub saxlamağa və regiondakı igtisadi-siyasi nüfuzunu artırmağa xidmət edə biləcək bir alətdir. Buna görə də bundan uzunmüddətli dövrdə yaralanmaq üçün Azərbaycan hökuməti 2008-ci ilin mayından apardığı danışıqlarda hər maddə, hər bənd uğrunda deyil, bəlkə də hər söz birləşməsi üçün mübarizə aparır. Çünki son 5 ildə dünyada və regionda baş verənlər onu diktə edir ki, kiçicik bir boşluq, hansısa bir yayınma sonradan ona çox baha başa gələ bilər.

Mərkəzi Asiyanın dəyərsiz edilmiş qazı

2007-ci ilin mayında Xəzəryanı qaz kəmərinin tikintisinə dair Rusiya, Qazaxıstan və Türkmənistan dövlət başçıları müqavilə imzaladılar. Həmin sənəd türkmən qazının Özbəkistandan yan keçməklə Rusiyaya çatdırılmasını nəzərdə tuturdu. Bu o zaman idi ki, rəsmi Daşkənd Rusiya şirkətlərini öz bazarına buraxmaq istəmirdi və türkmən qazının tranzit haqqını az qala 2 dəfə artırmaq təklifi ilə çıxış etmişdi.

Bu layihənin gerçəkləşdirilməsi sadəcə Mərkəzi Asiyanın ən iri qaz hasilatçısı olan Özbəkistanın (ildə 70 mlrd kubmetr) çökdürülməsi demək idi. Ancaq yenicə hakimiyyətə gəlmiş türkmən lideri qaz məsələsində bir sıra səhvlər buraxdı: elə həmin il Türkmənistan ərazisində reallaşdırılması nəzərdə tutulan Şərq-Qərb qaz kəmərinin tikintisinə Rusiya şirkətlərinin iştirakına əngəl yaratdı, rəsmi Brüssellə enerji sahəsində əməkdaşlığa dair memorandum imzaladı və şifahi olaraq Avropa bazarına ildə 10 mlrd. kubmetr qaz satışına razılıq verdi.

Ən maraqlısı isə bundan sonra başladı: Türkmənistan dövlət başçısı Çinlə hələ Niyazov zamanı imzalanan qaz anlaşmasının gerçəkləşməsinə yaşıl işıq yandırdı. 2008-ci ilin sonunda “Qazprom” Türkmənistana hər 1000 kubmetr qaz üçün $300 ödəyərək 50 mlrd. kubmetr qaz almasını təklif etdi.

Təkcə 2009-cu ilin I rübü üçün “Qazprom” Türkmənistana $4 mlrd-a yaxın vəsait ödəmişdi. Ancaq rəsmi Aşqabad 2008-ci ilin maliyyə böhranı zamanı Çindən hökumət yardımı almağa üstünlükk verdi və bu ölkənin CNPC şirkəti ilə Amudəryanın sağ sahilində yerləşən iri qaz yatağının işləınməsinə dair PSA tipli müqavilə də imzaladı. CNPC isə öz növbəsində rəsmi Aşqabadı Türkmənistan sərhədindən Çinədək bütün infrastrukturu öz hesabına tikəcəyi vədi ilə şirnikləndirdi. 2009-cu ilin dekabrında bu boru xətti işə düşdü.

Nəticədə Rusiya əvvəlcə Xəzəryanı boru xəttinin günün reallıqlarına cavab vermədiyini bəyan etdi, yəni, qeyri-müəyyən müddətə layihəni təxirə saldı, Rusiyanın “Qazprom” və LUKoil şirkətləri isə Özbəkistanın qaz sektorunda söz sahibinə çevrildilər. 2009-cu ilin aprelindən Rusiya faktiki olaraq Türkmənistandan əvvəl imzalanmış həcmlərlə və şərtlərlə qaz almaqdan imtina etdi (hazırda cəmi 10 mlrd kubmetrə yaxın qaz idxal edir, qiyməti isə $220 çox deyil).

Çin Türkmənistandan son il yarıma cəmi 10 mlrd. kubmetr qaz aldı, özü də qiyməti $190 olmaqla, ancaq bunun müəyyən hissəsini valyuta ilə ödəyir, yerdə qalanını isə xidmətlərlə.

İran tərəfi 2009-cu ildə Rusiyanın Türkmənistan qazından imtina etməsindən istifadə edərək rəsmi Aşqabadla yeni müqavilə imzaladı. Həmin müqaviləyə görə, İran 2010-cu ildə 20 mlrd. kubmetr qaz almağa boyun olurdu: bir şərtlə ki, Türkmənistan “Dövlətəbad” qaz yatağından yeni ixrac boru xətti çəksin. Düzdür bunu türkmən tərəfi qısa zamanda öz hesabına etdi, ancaq bu il məlum oldu ki, İran cəmi 8,2 mlrd kubmetr türkmən qazı idxal edib. Səbəb isə odur ki, mülayim qışa görə ölkənin şimal bölgələrində əlavə qaza ehtiyac olmayıb.

Qazda siyasət yer alanda

Ancaq son 3 aydır ki, Türkmənistan lideri mütəmadi olaraq öz qazının Əfqanıstan üzərindən Pakistana, oradan da dünyanın iri templərlə inkişaf etməkdə olan bazarına – Hindistana və həmçinin Transxəzər boru kəməri vasitəsilə Azərbaycan üzərindən Avropaya ixacatından danışır. Sual olunur, axı Çin kimi nəhəng bir bazara bağlantın varsa, niyə əl-ayağa düşürsən? Elə məsələnin qəlizliyi də buradadır.

Belə ki, Çin Türkmənistana ayaq açanda, qaz yataqlarını heç bir tendersiz ələ keçirəndə rəsmi Aşqabada bildirilmişdi ki, yaradılacaq infrastrukturla ildə əvvəlcə 40 mlrd. kubmetr, sonra isə 60 mlrd-dək türkmən qazı idxal ediləcək.

Texniki məsələlərdən agah olan mütəxəssislər isə bilirdilər ki, Türkmənistan-Çin qaz kəmərinin buraxıcılıq güçü 40 mlrd kubmetrə ən yaxşı halda 2015-ci ildən sonra çata bilər. Oradakı kompressorlar 2010-da cəmi 6 mlrd. qaz nəql etmişdilər.

Bu tərəfdən də Türkmənistanın əzəli rəqibi Özbəkistanla gizli kommersiya danışıqlarının bəzi məqamları ortaya çıxıb. Belə ki, Özbəkistan lideri İslam Kərimovun Çin hökumət nümayəndələri cari ilin əvvəlindən davam edən danışıqları onunla yekunlaşıb ki, ilkin olaraq Özbəkistan Türkmənistan-Çin qaz kəmərində 10 mlrd kubmetr həcmində kvota alıb. LUKoil şirkəti isə 2017-ci ildən Özbəkistandakı qaz yataqlarının istismarından sonra əsas bazar kimi Çini hədəfə götürüb və bu kəmərlə 2020-ci ilədək Özbəkistan 18-20 mlrd kubmetr qaz idxalında maraqlıdır.

Çin bazarına gələcəkdə yönələn yeni bir oyunçu da ortaya çıxmaq üzrədir: bu Qazaxıstandır. Bu ölkənin Qərbindən hazırda ölkənin cənubuna (Çimkəndə) döğru iri magistral qaz xətti çəkilir ki, gələcəkdə onun vasitəsilə Türkmənistan-Çin infrastrukturuna qoşulmaq mümkün olsun və ildə 10-20 mlrd kubmetr qaz ixrac imkanı qazanılsın.

Beləliklə, Rusiya bilərəkdən Türkmənistan bazarından müvəqqəti olaraq çıxdığını nümayış etdirir və bu bazara Çin daxil olur. Qısa bir zamanda Çin infrastruktur yaradır, yatırımlar edir, yataqlar alır (Qazaxıstanda hazırda çıxarılan neftin 22% Çinin payına düşür). Və qiyməti bazarda özü diqtə edir.

Ancaq hamıya bəllidir ki, Rusiya ilə Çin arasında yaxın 50 il üçün qlobal enerji layihələri üzrə (neft, qaz, atom, elektrik) çox qapalı danışıqlar gedir. Və Rusiya üzərindən Çinə 2 qaz kəmərinin və 1 neft kəmərinin tikintisi planlaşdırılıb (biri artıq işləyir). Demək, istənilən zaman aktivlərin dəyişdirilməsi, və ya bazarın bölüşdürülməsi baş verə bilər. Elə isə itirən kim, qazanan kim...

Nabucco olsun, ya yox?

Azərbaycan üçün nə qədər çox infrastruktur olsa bir o qədər yaxşıdır. Çünki hasilatçı ölkənin manevr imkanları artır. Ancaq bunun Azərbaycanın hesabına edilməsi yolverilməzdir.

Birincisi, tutaq ki, sabah Bakı elan etdi ki, “Mərhələ-2” layihəsi çərçivəsində böş qalmış 10 mlrd kubmetr qazın hamısını Nabucco qaz kəmərinə vurmağa hazırdır. Bununla Nabucco kəmərinin inşaasına başlanacaqmı? Əlbəttə ki, yox! Çünki aparılan təhlilllər onu göstərir ki, ilkin dövr üçün heç olmasa 18-19 mlrd kubmetr qaz qaz lazımdır.

Yaxşı, tutaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin qatlarından da ildə 4-5 mlrd kubmetr qazı çıxarıb Nabucco-ya yönəldək və bəlkə digər yataqlardan da bir 5 mlrd qaz “tapıb” lap 20 mlrd kubmetr qaz verdik. Yəni Azərbaycan varını-yoxunu bircə boru kəmərinə yönəltmiş olur ki, bunun da riskləri həddən artıq çoxdur (yada salaq Türkmənistanın 1 kəmərdən asılılığını).

Ona görə də, Azərbaycan tərərfi bəyan edir ki, Bakı və “Şah-dəniz” layihəsi iştirakşıları saxələnmiş ixracatın tərəfdarlarıdırlar və Avropaya yönəlmiş hər üç boru kəmərini (Nabucco, İTGİ və TAP) eyni dərəcədə dəstəkləyirlər.

İndi hər şey qalır kommersiya cəhətdən cəlbediciliyə - 2011-ci ilin oktyabrın 1-dək həmin boru kəmərlərinin operatorları Azərbaycan qazını hansı şərtlərlə daşımaları haqda öz təkliflərini bildirməlidirlər ki, cari ilin sonunadək Bakı “Mərhələ-2” layihəsini sanksiyalaşdırmaq barədə qərar çıxarsın.

Layihələrin dəyəri

Oxucuların yadına salmaq istərdim ki, Nabucconun layihə gücü ildə 31 mlrd m3, İTGİ – 20 mlrd m3 və TAP kəmərininki isə cəmi 10 mlrd m3-dur. BP şirkətinin son açıqlaçasına görə, Nabucco kəmərini ərsəyə gətirmək üçün 2011-ci il qiymətləri ilə 14,4 mlrd avro və ya hazırkı kursla $21 mlrd-a yaxın vəsait gərəkdir.

Bu, çox böyük vəsaitdir və ona görə də layihənin rentabelliyi aşağıdır. Məsələn, TAP-ın reallaşması üçün cəmi 520 km uzunluğunda boru xətti çəkmək lazımdır və bunun üçün şirkətlər yalnız öz maliyyələrinə (3 mlrd avro) arxalanırlar.
XS
SM
MD
LG