Keçid linkləri

Təcili xəbərlər

Demokratiyanın imitasiyası necə yarandı?


İlham Əliyev atasının yaratdığı imitasion demokratiyaya ehtiyac duymadı
İlham Əliyev atasının yaratdığı imitasion demokratiyaya ehtiyac duymadı
93-cü ilin gərgin yay aylarında Bakıya təzəcə gəlmiş H.Əliyevə bir türkiyəli jurnalist sualla müraciət etdi: «Demokratiya bitdimi?». O vaxt «Demokratiya hələ bundan sonra başlayacaq!» - deyən H.Əliyev sonradan ölkədə sözün əsl mənasında demokratiyanın unikal bir görüntüsünü yaratdı. Bir müddət sonra buna imitasion demokratiya deyəcəkdilər, amma H.Əliyev bəlkə elə həqiqətən də inanırdı ki, onun yaratdığı dekorasiya azərbaycanlıların uzun illərdən bəri arzuladığı və ən başlıcası isə qadir olduqları demokratiyadır. O vaxtdan bir az da keçəcək, ölkəyə neft pulları axacaq və bundan ruhlanan İ.Əliyev daha atasının saxladığı imitasion demokratiyaya ehtiyac duymayacaq və onu ardıcıl və sistemli şəkildə yığışdırmağa cəhd edəcəkdi. Nəticədə də bugünkü Azərbaycan yaranacaqdı, özünün real və qeyri – real tərəfləri ilə.

Sonradan hətta o da məlum olacaqdı ki, demokratiyanın imitasiyası heç də H.Əliyevin tapıntısı deyilmiş. Avtoritarizmin bərqərar olduğu bir neçə MDB ölkəsində buna bənzər hallar müşahidə olunacaq, hətta böyük Rusiyada da insan haqları və demokratiya V.Putinin gəlişi ilə reallıqdan şüara və bəzən də qınağa çevriləcəkdi. Amma ortalıqda bir fərq olacaqdı. Bəzi yerlərdə siyasi qüvvələr yeni oyun qaydalarını qəbul etməyəcək və siyasi səhnədən tamam çəkiləcəkdi. Fəqət, Azərbaycan kimi ölkələr tapılacaqdı ki, orada müxalifət partiyaları imitasiyalı demokratiyanı çox həvəslə qəbul edəcək və fəaliyyət siyasətlərini ona uyğunlaşdıracaqdılar. Bəlkə burada da bir məntiq vardı. Bəli, müxalifət kimi qalmaq, daim hakimiyyətin, hakimiyyətyönümlü media strukturlarının dilində olmaq, xaricilərlə görüşlər, böyük qrantlar, səfərlər, ictimaiyyət arasında mübariz və həqiqət yolçusu imici, heç bir məsuliyyət daşımamaq – imitasiyalı demokratiya belə üstünlüklər verirdi.
Demokratiyanın imitasiyası heç də H.Əliyevin tapıntısı deyilmiş
Əslində, bu, bir siyasi imtiyaz idi. Ona görə də indi imitasiyalı demokratiya tərəfdarlarının H. Əliyevin timsalında necə böyük bir itkiyə məruz qaldıqlarını başa düşmək mümkündür, zira İ.Əliyev hamının razılıqla qəbul etdiyi imitasiyalı azadlığa son qoyandan sonra onun əsl qiyməti bilindi.

BƏZİ SİYASİ QÜVVƏLƏR YAXIN KEÇMİŞ ÜÇÜN NOSTALJİ KEÇİRİR

Təsadüfi deyil ki, indilər bəzi siyasi qüvvələr yaxın keçmiş üçün nostalji keçirir və İ.Əliyevin də hər bir hərəkətində geriyə, imitasiyalı demokratiya dövrünə qayıdışın izlərini, həm də əlamətlərini axtarmağa cəhd edirlər. Deyilənlərə görə, hətta Türkmən lideri S.Niyazovun da özünün «müxalifətçisi» varmış. Bu mənada H.Əliyev də kasadlıq çəkmirdi, onun da öz radikal və liberal müxalifəti vardı. İndi bir qədər mürəkkəb vəziyyət yaranıb. H.Əliyevin müxalifəti ilə İ.Əliyevin siyasi müxalifəti daim biri - birinə rəqib tək baxır. Parlamentdə bir mandatla təmsil olunan İ.Əliyev müxalifəti çox çalışır ki, özü üçün birinciliyi təmin etsin. Elə İ.Əliyev də onların birinci müxalifət olmasını istəyir. Amma H.Əliyevin siyasi müxalifətinin bir üstün cəhəti var - onlar tam da olmasa, qismən də olsa, beynəlxalq təşkilatların etimadını qazana bilir. Bu onları daim gündəmdə saxlayır. İ.Əliyevin müxalifəti bunu bacarmır, çünki onların tənqidi elə Türkmənbaşının müxalifətinin tənqidinə bənzəyir, onlar İ.Əliyevi mənfi idarəçiliyinə görə deyil, az qala özünü bütünlüklə xalqa həsr etdiyinə və özünü düşünmədiyinə görə tənqid edirlər. Bu, əsl Şərq müxalifətidir. Zira bundan fərqli olaraq qərbli H.Əliyev müxalifəti müxalifət ritorikasını onlarla müqayisədə daha yaxşı mənimsəyib, təsadüfi deyil ki, on illər keçsə də hələ ictimaiyyət bu müxalifətin «kimin dəyirmanına su tökdüyünü» müəyyən edə
İndi müxalifətdə ümidsiz mübarizəyə hazır olanlar qalıblar
bilmir.

İMİTASİYA DÖVRÜNƏ QAYITMAĞA DƏYƏRMİ?

Məncə, əsas siyasi partiyaların indi ölkədəki mövqeyi daha məqbuldur. Bəli, onlar siyasi institutlardan daha çox dissident klublarına, diskussiya dərnək və klublarına bənzəyirlər. Amma bir müsbət cəhət var: nə varsa, o da var! Adam əvvəllər olduğu kimi özünü aktyor və bəzən hətta kloun rolunda hiss etmir! İndi əsas müxalifət partiyalarını karyeristlər tərk ediblər, hətta özlərini və ambisiyalarını reallaşdırmaq üçün başqa ünvanlara üz tutublar, bəziləri öz istəyinə də çatıb. İndi əsas partiyalarda ümidsiz mübarizəyə hazır olan və siyasi həyatda onları təqib və təzyiqdən başqa heç nə gözləmədiyini anlaya bilən insanlar qalıblar. Bu, «hakimiyyətə iddialı müxalifət» rolunu oynayan siyasi qüvvə olmaqdan qat – qat yaxşıdır. Düzdür, ağırdır, məşəqqətlidir və çətindir. Amma bu yolda yalan azdır, riya yoxdur, aldadıcı vədlər verilmir və insanlar aldadılmır...

TAMAŞA BİTƏNDƏN SONRA

Bir məsələ də var. Dissident klubları, siyasi dərnəklər nə vaxtsa güclü bir partiyalara da çevrilə bilər, hətta hakimiyyətə də gələr. Amma demokratiya imitasiya olunan yerdə müxalifət partiyası rolunu oynayan siyasi qüvvələr üçün heç vaxt belə perspektiv görünmür, çünki bu, aktyorluq peşəsi kimi bir şeydir, tamaşa bitir, pərdələr salınır və hamı təzədən qrim otağına dönüb əvvəlki adamlar olurlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG