Keçid linkləri

Təcili xəbərlər

Azadlıqla rəqabətdə


Müxalifətin 17 aprel aksiyası
Müxalifətin 17 aprel aksiyası
Hər şey mütəmadi olaraq təftiş olunmayanda elə bil böhran yaranır. Xarici siyasət də belədir. Diplomatik etiket bəzi hallarda diplomatları pafoslu bəyanatlar, reallıq ilə o qədər də uzlaşmayan fikirlər səsləndirməyə məcbur edir.

Lakin həyat heç vaxt sxematik protokol qaydalarına sığmır, o, daha rəngarəngdir. Açığı, ABŞ diplomatlarının Azərbaycan – ABŞ əlaqələri ilə bağlı səsləndirdiyi bəzi yüksək qiymətləndirmələr müxalfət düşərgəsində qıcıq yaradırdı. Bunun 2 səbəbi vardı və əslində bu səbəblər müəyyən mənada biri-birilə bağlı idi.

Birincisi, 2 dövlət arasında iddia olunan yüksək tərəfdaşlığın real həyatda təzahürünü görmək o qədər də asan deyildi.

İkincisi, demokratik dəyərləri özünün əsas meyarı elan etmiş bir dövlətin kiçik bir qeyri-demokratik dövlətlə yaxın münasibətlər qurması demokratik düşüncəli insanlarda təəccüb doğururdu.

ABŞ və Qərb nümayəndələri bu münasibətə haqq qazandırmaq üçün dəfələrlə bəyan ediblər ki, Azərbaycanda demokratiyaya ancaq bu yolla tövhə vermək olar, sərt tənqid əks effekt yaradır. Lakin belə bəyanatlar 90-cı illərdə bir məntiq daşıyırdısa, 2011-ci ildə tamam başqa cürə qarşılanır. 15 il təkraralanan sözləri insanlar daha başa düşmək istəmir, daim ABŞ-dan bu sərt rejimə qarşı permanent təzyiqlər gözləyirlər - bir qayda olaraq, kiminsə məhbəsdən azad olunması üçün.

İndi bəlkə də əminliklə demək olar ki, bu vaxta qədər Azərbaycanın geosiyasi oriyentasiyası ilə bağlı gözləntilər müəyyən mənada fiaskoya uğradı. Təkcə ABŞ – la bağlı ilişkiləri götürsək, son bir neçə ayda birgə təlimlər təxirə salınıb, təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçirilməyib və nəhayət, Azərbaycan ABŞ və digər NATO ölkələri üçün müəyyən mənada sürpriz sayıla biləcək bir addım atıb – neytral dövlətlər blokuna qoşulub. Bəli, Azərbaycan demokratik dövlət deyil və xarici diplomatların etiraf etdiyinə görə, neft gəlirləri artdıqca, İ.Əliyev və onun siyasi komandası insan haqları və demokratiya ilə bağlı nəinki başqa dövlətlərin, hətta ABŞ-ın da tövsiyələrinə böyük qıcıq və əsəbiliklə yanaşır. Digər bir tərəfdən, Azərbaycan NATO və AB ilə təmaslarda getdikcə daha çox hiss olunan məsafəli siyasət yürüdür, bir çox məsələlərdə bu ölkələrin siyasəti ilə uzlaşmayan siyasət aparır, İran əleyhinə sanksiyalara qoşulmur, Liviya və Suriya kimi rejimlərin əleyhinə qəbul edilmiş qərarlara səs vermir, hətta Balkanlarda tamamilə fərqli bir siyasət yürüdür.

İlham Əliyev və Barak Obama, 24 sentyabr 2010
Belə olan təqdirdə bir sual yaranır: Strateji tərəfdaşlığı harada görürsünüz? Belə tərəfdaşlıq real olaraq mövcuddurmu? Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək o qədər də asan deyil və belə təəssürat adamı tərk etmir ki, əslində ABŞ hələ bundan sonra Azərbaycanla necə siyasət quracağı haqda düşünməli və bu siyasətin konturlarını hələ bundan sonra cızmalıdır.

T.MELİAN H.KLİNTONUN SƏHVİNİ DÜZƏLTMƏYƏ ÇALIŞIR?

ABŞ Dövlət katibinin müavini T.Melian bir neçə gün idi ki, Bakıda səfərdə idi və səfəri zamanı bir çox mühüm görüşlər keçirmişdi. Diqqət çəkən budur ki, Melian bilavasitə demokratiya məsələlərinə məsuldur və səfərin də təkcə bu rakursda keçdiyin güman etmək olar. Dövlət katibi H.Klinton özünün son səfəri zamanı ölkə müxalifətinin nümayəndələri ilə görüşməmişdi, o, yalnız gənclərlə görüşmüşdü. T.Melian Bakıda müxalifətlə də görüşdü. Etiraf edək ki, 2 aprel mitinqinə qədər əsas müxalifət partiyaları sanki siyasi səhnədən çəkilmişdi. Gənclərin çox gözlənilən, amma alınmayan siyasi aksiyasından sonra növbə müxalifətə çatdı və müxalifət də bir aksiya ilə yenidən diqqəti özünə yönəldə bildi, baxmayaraq ki, elə müxalifətin də növbəti aksiyası heç də alınmadı. Lakin yenə də Bakıdakı diplomatik korpusun nümayəndələri müxalif partiya təmsilçiləri ilə mütəmadi görüşlər keçirməyə qərar verdi. İndi ABŞ diplomatı da müəyyən mənada bu marağı bölüşür. Siyasi partiyaların kənardan yönəldilməsi qeyri-məqbul olsa da, ölkədə sözün əsl mənasında qərbçi olan bir siyasi qüvvənin olmasına ehtiyac var, əks təqdirdə ölkənin hakim zümrəsi Şərqə doğru dreyf etməkdə və ölkəni də bu istiqamətə doğru yönəltməkdə davam edəcək.

QOCA ŞƏRQİN QÜRUBU

Nikbinlik yarada biləcək yeganə ştrix budur ki, azadlıqla rəqabətdə istənilən ideya acizdir. Azərbaycan H.Mübarəkin başçılıq etdiyi «neytrallar bloku»na qoşuldu və bu minvalla özünə yeni tərəfdaşlar tapdığını güman etdi. Amma hanı H.Mübarək? Bəli, bu hakimiyyət hara gedəcəksə, azadlıq, demokratiya onu təqib edəcək. Artıq Şərq də şərti məna daşıyır və klassik anlamda olan Şərq özünün qürubunu yaşayır. Bazar iqtisadiyyatı, liberal dəyərlər, azadlıq və demokratiya yaxın və uzaq Şərq ölkələrinə sirayət etməkdə davam edir. Çox yaxın vaxtlarda Şərqlə Qərb arasında təkcə coğrafi fərqlər qalacaq və o vaxt avtoritar rejimlərin liderləri üçün çox gec olacaq, çox gec...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG