Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda müxalifətçilərin İnterneti niyə kəsilir?


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli İnternet azadlığının məhdudlaşdırıldığını iddia edir:

«Təqribən bir ay ərzində müxtəlif bəhanələrlə mənim İnternetimi ümumiyyətlə kəsdilər. İndi də sürət olduqca aşağı olduğundan evimdən bloqumu yeniləyə bilmirəm. Bu barədə mütəxəssislərlə də məsləhətləşmişəm, bildirirlər ki, bu, birbaşa mənim İP ünvanıma olan müdaxilə ilə bağlıdır. Məsələ təkcə mənimlə də kifayətlənmir, partiyanın əsas funksionerlərinin demək olar ki, hamısının internet fəaliyyətinə məhdudiyyət qoyulur».

AXCP-nin iyunun 22-də yaydığı bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti son 3 ayda virtual aləmdə insanların azadlığını məhdudlaşdırmağa başlayıb: «Partiyanın sədri və onun müavinlərinin mənzillərindən İnternetə daxil olmanın sürəti siyasi sifarişlə törədilən texniki maneələr ucbatından azaldılır, sosial şəbəkələrdəki hesablarının parolları sındırılır». Partiya hesab edir ki, bütün bu addımlar hakimiyyətin internetdə söz və fikir azadlığını məhdudlaşdırmasına yönəlib və bu cür qanunsuz hərəkətlər dərhal dayandırılmalıdır.

«BİZİM ÜÇÜN ABUNƏÇİNİN KİMLİYİNİN HEÇ BİR FƏRQİ YOXDUR»

«Azeurotel»in abunəçisi olan Əli Kərimli deyir ki, əvvəlcə provayderini dəyişmək fikrinə düşüb, amma apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, bunun heç bir faydası olmayacaq, ölkədə internet monopoliyası və senzurası mövcuddur.

«Azeurotel» şirkətinin şöbə müdiri Asif Quliyev isə Əli Kərimlinin iddiaları ilə razılaşmır. İnternetlə bağlı texniki məsələlərin birbaşa onun şöbəsinə aid olmadığını desə də Asif Quliyev hesab edir ki, hər hansı müştəriyə qarşı süni əngəllərin yaradılması mümkün deyil:

«Hesab edirəm ki, belə bir şey mümkün deyil. Bizim üçün abunəçinin kimliyinin heç bir fərqi yoxdur, pulunu ödəyir, biz də xidmət göstəririk. Məqsədimiz odur ki, abunəçi bizdən razı qalsın və daha çox müştəri cəlb edək. Bazar iqtisadiyyatıdır, ölkədə bizdən başqa 10 dənə internet xidməti göstərən provayder var. Bizdən çıxıb başqasına gedəcək. Niyə öz müştərimizi itirək ki?!»

Osman Gündüz
AZƏRBAYCAN İNTERNETİNİN PROBLEMLƏRİ

Asif Quliyev ölkədə İnternet sahəsində monopoliyanın mövcud olub- olmamasına münasibət bildirmək istəmədi, dedi ki, onun işi sadəcə xidmətlərin satışını təşkil etməkdir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, Azərbaycanda İnternet azadlığı ilə bağlı vəziyyət 2002-ci ilə qədər olan dövrlə müqayisədə xeyli müsbətə doğru dəyişib. Həmin dövr ərzində bəzi beynəlxalq təşkilatlar Azərbaycanı həm də İnternetin düşməni elan etmişdi. Amma Osman Gündüzə görə, siyasi yönümlü olmasa da İnternetlə bağlı problemlər mövcuddur:

«Azərbaycan İnterneti keyfiyyətsizdir, dolayısı ilə müəyyən qədər bahaçılıq var. Amma bu problemlər daha çox biznes yönümlüdür, nəinki siyasi. Bu gün Azərbaycanda istifadəçilərin qanunla almalı olduqları İnternetin oğurlanması prosesi gedir».

Osman Gündüz deyir ki, bu problemlərin mövcudluğunda təkcə provayderlər yox, həm də infrastrukturu ifrat dərəcədə keyfiyyətsiz olan dövlət qurumu- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də günahkardır. Mütəxəssis həm də ölkədə dövlət provayderlərinin bazara həlledici təsirinin olmasını anormal hesab edir və deyir ki, İnternet monopoliyasının aradan qalxması üçün həmin provayderlər mütləq özəlləşdirilməlidir.

İNTERNET ÜZRƏ «QİSMƏN AZAD» ÖLKƏ

Məsələyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Qurumun mətbuat katibi Müşfiq Əmirov suallarımıza cavab verəcəyini vəd etsə də, daha sonra telefonu qaldırmadı. Bundan əvvəl isə nazirlik İnternet üzərində Rabitə Nazirliyinin inhisarı olması və internet senzurasının mövcudluğu ilə bağlı fikirləri «əsassız» adlandırıb.

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı isə bu ilin aprelində yaydığı hesabatda Azərbaycanı İnternet üzrə «qismən azad» ölkələr sırasında göstərib. Hesabatda həmçinin Azərbaycanın İnternet məkanında inhisarçılığın olması da qeyd olunub.
XS
SM
MD
LG