Keçid linkləri

Bu dünyanın coğrafi reallıqları da var. Bu reallıqlar özünü təkcə geosiyasət adlanan fenomendə biruzə vermir, hətta insanların və xalqların davarnışını müəyyən edən coğrafi determinizm də mövcuddur. Lakin bu yazıda məqsəd bu hadisələri araşdırmaq deyil, hərçənd onların hər biri özü – özlüyündəcə böyük maraq kəsb edir. Bəli, ötən həftə siyasətdə bir İran ab – havası hökm sürdü.

Bu ölkənin müdafiə nazirliyinin yüksək çinli məmurunun bəyanatı bir həftə ölkənin əsas siyasi mövzusu oldu. Amma bu, yeni bir hadisə deyildi, bu vaxta qədər baş verən çoxsaylı siyasi epizodlardan birisi idi, İran sadəcə bu dəfə də öz biçimində təzahür etmişdi. Öz qonşusunu daim sionist rejim ilə əməkdaşlıqda qınamaq, onun xarici siyasətinə korrektələr etməyə cəhd göstərmək, lazım gələrsə hətta güc amilindən istifadə etmək – bu, İranın öz siyasi arsenalında istifadə etdiyi vasitələrin bəlkə də məhdud siyahısıdır. O da diqqət çəkən detaldır ki, İran bunu fəal formada ancaq tək Azərbaycana qarşı etmir, o, özünün siyasi modelini və təsirini digər müsəlman ölkələrinə də ötürməyə cəhd edir. Amma digər ölkələrə münasibətdə bu siyasət belə açıq və zorakı xarakter daşımır. Məsələn, İranın Səudiyyə Ərəbistanına və yaxud Misirə hər hansı təhdidi haqda eşitməmişik. Məsələ bundadır ki, İran Azərbaycanı özü üçün təhlükə kimi görür, hər vasitə ilə onun zəif qalmasını isətəyir. Bu problemin bəlkə də artıq iki əsrdən çox tarixi var. Bunu hələ ilk azərbaycanlı demokrtalar sezmişdi. M.Ə.Rəsulzadə Azərbaycanı təsadüfən Səyavuşa bənzətməmişdi. Amma bütün bunlar İranın neqativ siyasətini və təhdidlərini neytrallaşdırmaq imkanında olmadı. Elə 18 ildir ki, İranla normal münasibətlər yaratdığını zənn edən YAP hakimiyyətinin də gümanları özünü doğrultmur, münasibətlərdə vaxtaşırı çatlar baş verir. Bəli, fərdlərdən fərqli olaraq dövlətlər öz qonşularını seçmirlər. Bu baxımdan indiki hakim partiya Türkiyədə olduğu tək, xarici siyasətində «qonşularla sıfır problem» prinsipi üzrə hərəkət etməyə cəhd edir. Amma buna nail olurmu? Hətta o, birtərəfli qaydada buna nail olsa da, digər ölkə - İran haqqında bunu demək çətindir.

ANTİ – SEMİTİZM İRQÇİLİK DEYİLMİ?

Fələstin lideri Mahmud Abbas və Azərbaycan prezidenti İlham Əliyev
Müvəqqəti olaraq hansısa bir dövlət digər bir dövlət üçün problem ola bilər. Amma elə ola bilməz ki, bir dövlət, xüsusən də bir xalq digər dövlət üçün əbədi problem olsun. İran İsraili və hətta yəhudiləri özü üçün az qala əbədi problemə çevirib. İndi irqçilik ləğv və yasaq edilib. Bəzi dövlətlər sionizmi irqçiliyin təzahürü kimi qəbul edəndə unutmamalıdırlar ki, anti – semitizm də irqçiliyin bir növüdür. İndi Azərbaycanda çox az sayda yəhudi yaşayır və məlum olduğu kimi, İsrail Azərbaycandan çox o uzaqda yerləşir. Bəs belə olan təqdirdə, İran Azərbaycan siyasətində sionizm elementlərinin izini və təzahürlərini haradan tapır? Etiraf edim ki, artıq 20 ildir siyasətdən yazsam da mən bu sualın cavabını tapa bilməmişəm. Qısa müddət bundan əvvəl Fələstin Administrasiyasının prezidenti Bakıda böyük təntənə ilə qarşılandı və ölkədə Fələstin səfirliyi açıldı. Amma İranın təhdidləri ucbatından hələ də İsraildə Azərbaycan səfirliyi açılmayıb. Fikrimcə, Bakıda Fələsətin səfirliyi açılandan sonra Azərbaycan İsraildə də öz səfirliyini aça bilərdi, lakin hiss olunur ki, ölkə hələ də İranın təhdidlərini neytrallaşdırmaq iqtidarında deyil.

İLHAM ƏLİYEV ZƏİFDİR, YOXSA İRAN GÜCLÜDÜR?

Azərbaycan xəritəsi
Təbii ki, təkcə İ.Əliyev deyil, YAP – ın bütün siyasi elitası və hətta H.Əliyevin özü, məsələn, AXC hakimiyyəti dövrünün siyasətçilərindən tamamilə fərqli bir siyasətçi kateqoriyasına aiddirlər. Onların bəyanatları həmişə müəyyən çərçivə daxilində olur. Amma bəyanatlardan savayı rəsmi və təkbətək görüş də olur. Bir çox hallarda biz bu görüşlərdəki söhbətlərdən, orada səslənən fikirlərdən xəbərsiz oluruq. Məsələn, mən bir epizodu xatırlayıram. Bir dəfə, hələ H.Əliyevin sağlığında İran heyəti ona işğal olunmuş ərazilərdə elektrik stansiyası tikmək barədə planlarını açıqlamışdı. Adətən siyasətdə ehtiyatla davaranan, diplomatik bəyanatlarını çox diqqətlə seçən H.Əliyevin özündən çıxmasını mən birinci dəfə görürdüm – adətən xarici siyasət məsələlərində o, çox təmkinli olurdu, amma hətta o, bu görüşdə öz hisslərini cilovlamadı! Bunu niyə xatırladım? Belə fikirlər də səslənir ki, İ.Əliyev zəif siyasətçidir və İrana lazım olan cavabı verə bilmir. Təbii ki, mən də İ.Əliyevi çox güclü və cəsarətli siyasətçi hesab etmirəm. Amma bu məsələdəcə vəziyyət bir qədər başqa cürdür: İran həm güclüdür, həm də coğrafiyanın diqtə etdiyi problem və maneədir. Şimalda Rusiya, cənubda İran, qərbdə Ermənistan! Tez - tez belə fikirlər eşidilir ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi var. Amma xəritəyə ötəri bir nəzər yetirmək kifayətdir ki, bunun əksinə əmin olasan. Bu region əsl geosiyasi dalandır və bu dalanı dəlməyin bir yolu var – o da Orta Asiya istiqamətində genişlənməkdir. Amma bu nə vaxt olacaq? Sual da elə budur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG