Keçid linkləri

Təcili xəbərlər

Ərəb dominosu: «Yaşıl kitab» örtüldü


Polkovnik Müəmmər Qəddafi, 10 iyun 2009
Polkovnik Müəmmər Qəddafi, 10 iyun 2009
Nəhayət ki, müxalifət Liviyanı dünyanın fokusuna çevirə bildi: iki gündür ki, bütün informasiya kanalları elə bu ölkədəki proseslərin üzərində cəmləşib. NATO-nun ardıcıl aviasiya zərbələrinə və müxalifətin qurudan həmlələrinə baxmayaraq, münaqişənin uzanması insanlarda bir ümidsizlik yaratmışdı və indi artıq bu ümidsizlik də çəkildi. Mən burada Liviyadakı proseslərin təsviri ilə məşğul olmayacam, bunlar kifayət qədər məlumdur. 42 illik bir rejimin ən son anda həmlələrə davam gətirməməsi bəlkə də nəinki ərəb ölkələrinin, elə dünyanın bir kəsiminin də həyatında yeni səhifə açmaqdadır. Uzun müddət idi ki, Liviya mənasız bir sosial eksperimentin keçirildiyi ölkəyə çevrilmişdi, bəlkə də bugünkü hadisələri şərh edərkən daha bir sosial utopiyanın tarix səhnəsindən silindiyini demək düzgün olardı. Amma eyforiya üçün də yer yoxdur.


Artıq qeyd etdim ki, Liviya özünün 42 ilini mənasız sosial təcrübəyə sərf edib, ölkədə milli və regional birlik zəifdir, demokratiya təcrübəsi, mülki cəmiyyət institutları demək olar ki, yox səviyyəsindədir, ölkədə hələ tayfa və regionçuluq amilləri digər inteqrasiyaedici faktorlara nisbətən güclüdür. İndi başlıca məsələ ondan ibarətdir ki, liviyalılar 42 illik təcrübədən düzgün nəticə çıxarsınlar. Bu təcrübə təkcə Liviya üçün önəm kəsb etmir. Dünyada hələ də sosial utopiyaların baş alıb getdiyi, sosial eksperimentlərin, milli və yerli demokratiya modellərinin tətbiqi və axtarışı ilə məşğul olan, bunu gah məsuliyyətli demokratiya, gah suveren demokratiya, gah da ki, üçüncü yol adlandıran ölkələr çoxdur. Qəddafidən sonra hakimiyyətə gələcək ölkə siyasətçiləri bəşəri təcrübəni bir tərəfə qoyub yenə də Liviya üçün milli və özünəməxsus inkişaf modeli axtaracaqlarsa, indidən daha bir neçə ilin boş və hədər keçəcəyini demək mümkündür. Onlar bəşəri təcrübəni əsas kimi götürüb onu istədikləri kimi adlandıra bilərlər, bu, problem deyil. D.Syaopin demişkən: pişiyin necə adlanmasının əhəmiyyəti yoxdur, əsas odur ki, pişik siçanları tuta bilsin! Yox, Qəddafi kimi öz beyinlərinin məhsulunu yenə liviyalılara əsl inkişaf yolu kimi təqdim edəcəklərsə, onda problemlər zəruri olacaq, onlardan qurtulmaq yeni qurbanlar, yeni vətəndaş müharibələri və qırğınlar tələb edəcək.
Hüsnü Mübarək və Müəmmər Qəddafi, 22 iyun 1996
Liviyada prosesin yekuna doğru yetişməsi həm də ona görə önəm kəsb edir ki, bundan sonra diqqətlər daha bir müstəbid ərəb rejiminə – B.Əsəd rejiminə qarşı yönələ bilər.

RAMAZAN AYININ MİSTİKASI

Bir müddət idi ki, devrilmiş prezident H.Mübarək digər ərəb despotlarına və rejimlərinə müraciət edir, onları qan tökməməyə çağırırdı. Deyilənlərə görə, məhkəməyə çıxarılan H.Mübarəki bir məsələ çox dilxor edir: S.Hüseyn elə ramazan ayında məhkəməyə çıxarılmış və məhz elə qurban ayında da edam edilmişdi! Mən burada L.Tolstoyun bir fikrini təhrif etmək istəyirəm. O, belə deyirdi ki, bütün xoşbəxtlər eyni cür xoşbəxtdir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir! Amma baxanda görürsən ki, elə bədbəxtlərin də hamısı eyni cür bədbəxtdir. H.Mübarəkin B.Əlidən, B.Əlinin B.Əsəddən, B.Əsədin də elə A.Lukaşenkodan fərqi yoxdur. Onların hamısını eyni siyasi stil, dəsti – xətt ilə bərabər bəlkə də eyni tale birləşdirir, biri tez, biri gec, fərq etmir, hamısı eyni yolu gedir...

DİKTATORLARIN MİLYARDLARININ TALEYİ NECƏ OLACAQ?

Bu da çox adamı düşündürür, insanlar bununla bağlı müxtəlif ehtimallar və gümanlar söyləməkdən də çəkinmirlər. Məbləğlər də böyükdür. Qəddafinin 30 milyard dollar tərtibində kapitalının olması deyilirdisə, Mübarək üçün bu ədədin 70 milyard dollar olduğu güman edilir. Bəs bu sərvətin taleyi necə olacaq? Bunun hadisələrin sonrakı gedişindən asılı olacağını söyləmək olar və artıq Liviya ilə bağlı açıqlama verilib. Müvəqqəti hökuməti tanıyan ölkə başçıları Qəddafinin süqutundan sonra Liviyanın da hesablarının açılacağını bəyan ediblər. Hər şey diktatorlardan sonra ölkələrdə hansı rejimin bərqərar olmasından asılıdır. Diktatorlardan qurtulmuş ərəb ölkələri demokratik və dünyəvi inkişaf yolunu tutacaqlarsa, onda hesablar da açılacaq, sərvətlər də millətlərə qaytarılacaq, əks təqdirdə isə çətin olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG