Keçid linkləri

Təcili xəbərlər

Yeni dərs ilində köhnə illərdən qalma problemlər


Arxiv foto
Arxiv foto
«İşlədiyim məktəbin idman zalı var, amma heç bir avadanlığı yoxdur. Döşəməsi çürüyüb, çox pis vəziyyətdədir»

Ruslan Xəlilovun idman müəllimi işlədiyi Yevlax rayon Xanabad kənd orta məktəbində internet də yoxdur. Bundan başqa idman müəllimini narahat edən başqa bir məsələ də var. O da dərs saatlarının azlığıdır. Deyir dərs saatları az olduğundan maaşları da çox aşağıdır.

BAKI ŞƏHƏRİNDƏ 18 MƏKTƏB QƏZALI VƏZİYYƏTDƏDİR

Amma regionlardan fərqli olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı deyir ki, son illər paytaxt məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çoxlu işlər görülüb.

Onun sözlərinə görə, 2011-ci ildə Bakıda 47 yeni məktəb istifadəyə verilib, 57 məktəbdə isə əsaslı təmir-bərpa işləri aparılıb. Bundan əlavə yeni sinif otaqları və korpuslar tikilib. Amma Bakı şəhərində 18 məktəb hələ də qəzalı vəziyyətdədir. Zəminə Əliqızının sözlərinə görə, «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı»na əsasən, 2013-cü ilin sonuna qədər paytaxtdakı bütün məktəblər müasir standartlara uyğunlaşdırılacaq.

600-DƏN ÇOX MƏKTƏBDƏ XARİCİ DİL MÜƏLLİMİ YOXDUR

Amma ekspert Etibar Əliyev Azərbaycanda təhsilin problemlərinin məktəb tikintisi, məktəb təmiri ilə bitmədiyini deyir. O, təhsil sistemində xeyli problemlərin olduğunu bildirir. Onun deməsinə görə, ölkədəki 4500-dən artıq orta məktəbin 600-dən çoxunda xarici dil müəllimləri yoxdur. O, müəllim çatışmazlığını da təhsilin ən ciddi problemlərindən biri sayır:

«Misal üçün Azərbaycanın orta məktəblərində 54 min saat dərs yükünü qeyri-ixtisas müəllimləri tədris edir. 600-dən çox orta məktəbdə ingilis dili müəllimi yoxdur. Baxmayaraq ki, yeni məktəblər tikilir. Amma onların müasir tələblərə cavab verən laboratoriyaları yoxdur. Həmin laboratoriyaların müasir avadanlıqlarla təminatında ciddi problemlər var».

Etibar Əliyev
Etibar Əliyev hesab edir ki, təhsilin inkişafına ciddi təsir edən amillərdən biri də məktəblərin müstəqil olmaması ilə bağlıdır.

«MƏKTƏB DİREKTORLARI HEÇ BİR SƏLAHİYYƏTƏ MALİK DEYİLLƏR»

«Məktəb direktorları heç bir səlahiyyətə malik deyillər, atestatı da təhsil nazirliyi verir, məktəbə laborantı da, məktəb direktorunu da nazirlik təyin edir».

Etibar Əliyev Azərbaycanda yaxşı məktəblərin də az olmadığını bildirir. Amma deyir bütün avadanlıqlarla təmin olunan, tam kompüterləşmiş, internetə çıxışı olan həmin müasir məktəblər pullu olduğundan burda imkansız uşaqların təhsil alması qeyri-mümkündür:

«İllik təhsil haqqı 6 min, 12 min manat olan məktəblərdə istedadlı, amma kasıb ailələrdən olan uşaqlar oxuya bilmirlər».

Ekspertə görə, Azərbaycanda 4500-dən çox məktəb olsa da onların 10-15-i bir-birindən fərqlənir, qalan məktəblər elə hamısı bir-birinə oxşayır.

BÜDCƏDƏN TƏHSİLƏ AYRILAN 1,4 MİLYARD...

Bəzən təhsildəki nöqsanlar bu sahəyə büdcədən ayrılan vəsaitin azlığı ilə izah edilir. Amma Milli Büdcə qrupunun eksperti Zöhrab İsmayıl təhsilə yetərincə pul ayrıldığını deyir. Onun sözlərinə görə, 2011-ci ildə təhsilə büdcədən 1 milyard 400 milyon manat pul ayrılıb ki, bu da az vəsait deyil:

«Məncə bu yetərlidir. Pullu təhsil də, özəl məktəblər də var. Bu 1,4 milyard manat təxminən dövlət büdcəsinin 10 faizdir. Yəni bu müdafiə xərclərindən də çoxdur».

Zöhrab İsmayıl
Ekspert təhsilə ayrılan vəsaitin yalnız bununla bitmədiyini bildirir. Zöhrab İsmayılın deməsinə görə, dövlət investisiya xərcləri içərisində də hər il təhsil müəssisələrinin tikilməsinə, yenidən qurulmasına və təmirinə təxminən 200 milyon manata yaxın vəsait ayrılır.

1999-CU İLDƏ TƏHSİLLƏ BAĞLI VERİLƏN SƏRƏNCAM

Digər təhsil eksperti Əlövsət Osmanlı isə 1999-cu ildə təhsildə islahatlarla bağlı prezident sərəncamını yada salır. Ekspert deyir ki, həmin sərəncamda məktəblərin müstəqilliyi ilə bağlı xeyli mütərəqqi məqamlar olsa da onların heç birinə indiyə qədər əməl olunmayıb:

«Mən belə hesab edirəm ki, həmin proqramda nəzərdə tutulan məsələlər imitasiya nəticəsində tamam başqa səmtə yönəldi. Orda deyilənlərin əksəriyyəti həyata keçirilmədi».
Əlövsət Osmanlı deyir ki, həmin proqramda məktəblərə xeyli səlahiyyətlər verilsə də reallıqda məktəblər hüquqsuz qurumlardır.

HƏFTƏBECƏR SİSTEM...

Ekspertə görə, vaxtı ilə qəbul edilən proqram Azərbaycan təhsil sistemini Avropa təhsil modelinə aparırdı. İndi isə təhsil sistemi nə sovet, nə də Avropa modelinə uyğun gəlir:

«İndi bizim təhsil sistemi həftəbecər bir sistemdir, nə sovet sisteminə uyğundur, nə də Avropa təhsil sisteminə»

Təhsil Nazirliyindən isə bu deyilənlərə hər hansı münasibət ala bilmədik.

Nazirliyin baş məsləhətçisi mətbuat xidmətinin razılığı olmadan suallarımıza cavab verə bilməyəcəyini dedi. Amma nazirliyin mətbuat xidməti ilə də danışmaq cəhdlərimiz baş tutmadı. Sentyabrın 14-də Təhsil Nazirinin 3 mavini vəzifəsindən azad edilib. Ölkədəki müxalif və müstəqil mətbuat nazir Misir Mərdanovu da eyni aqibətin gözlədiyini yazır.
XS
SM
MD
LG