Keçid linkləri

Təcili xəbərlər

Heydər Əliyev adına Göygöl rayonu


Göygöl. Heydər Əliyev Universiteti
Göygöl. Heydər Əliyev Universiteti
Gəncədən Göygölə gedən bloqçu Sakitoğlu səfəri barədə yazır:

«Göygöl yazılan yeri keçən kimi Heydər Əliyevin böyük bir şəkili bizə əl sallayır. Nəhayət gəlib çatırıq şəhərə. Heydər Əliyev prospektində düşürük. Göygöl şəhəri kiçik şəhər və təmiz şəhərdir. Havası da çox gözəldir. Burada qabağında Heydər Əliyevin böyük heykəli olan İcra Hakimiyyətinin binasını çıxmaq şərti ilə hündürmərtəbəli bina yoxdur. Şəhərin mərkəzindəki evlər köhnə alman evləridir. Göygöl şəhərini 1819-cu ildə Qafqaza köçən almanlar salıb. Koloniya Helenendorf adlanırmış.
Biraz gəzdikdən sonra mərkəzdəki Heydər Əliyev parkına gəlirik. Üzbəüzdə Heydər Əliyev Universiteti və Heydər Əliyev Mərkəzi yerləşir. Parkda Heydər Əliyevin büstünün arxasındakı çayxanada oturub çay içir, domino oynayırıq. Göygölün suyu yaxşı olduğu üçün çay da çox dadlı olur.
Çayxanada təxminən bir saat oturub qalxırıq, bir dostumuz gəlməlidir. Vaxt öldürmək üçün Heydər Əliyev Mərkəzinə giririk. İçəridə ancaq fotoşəkillərdir. Başda da Heydər Əliyevin qızılı rəngdə büstü qoyulub, yuxarı tərəfdə isə aforizmi yazılıb: «Azadlıq və İstiqlaliyyət hər bir xalqın milli sərvətidir»».

«SONUNCU VƏ BİRİNCİ M.QORBAÇOV»

Bloqqer Anar Mass Sovetlər Birliyinin dağılması haqqında yazır ki, indi Qorbaçovu söymək asandır:

Mixail Qorbaçov
«Məşhur Sovet lətifəsində deyilir ki, ən varlı xalq Sovet xalqıdır, çünki özü-özünü nə qədər soysa da, soyub qurtarmır. Amma qurtardı! Bəlkə Qorbaçov olmasaydı Sovetlər daha 20-30 il yaşayacaqdı, amma vəziyyət daha da bərbad olacaqdı. Sadəcə, Mixail yoldaş demokratik islahat keçirdərək, dövlətin ayıblarını açdı.

Durub indi Qorbaçovu söymək asandır; amma özünü dünyanın ikinci super dövlətinin başında təsəvvür edə bilsən, düşün gör, SƏN necə hərəkət edərdin?

Hər il Şərqi və Qərbi Almaniyanın birləşməsi günündə Qorbaçov Berlinə dəvət olunur. Çünki onun sayəsində Sovetlər Berlin probleminin həllində kostruktiv mövqe tutmuşdu. Bəlkə də Almaniyada ona öz vətənindən daha çox hörmət qoyurlar.

Bizə müasir tariximizi valideynlərimiz, qohumlarımız danışır. Lakin mən onların bu gün dünyada və ölkəmdə baş verənlərə münasibətini öyrənəndə, əmin oluram ki, onlar 20 əvvəlki hadisələri də eynən bu cür tərs-məzhəb təsvir edir! Həmişə də gülünc arqumentləri olur: Mən o dövrdə olmamışam, amma onlar olub! Pa?! Onda tarix elminə bir quş!»

Hacı Zeynallı isə Azadlıq meydanında tikilən avto dayanacaq barədə yazır:

Azadlıq meydanında etiraz aksiyası. 1988-ci il
«1988-ci il hadisələri gözümün önündə canlanır (təbii ki, ekranlardan gördüyüm. Hələ 2003-cü il oktyabr hadisələrin demirəm). Meydana yığılmış və Sovet rejiminə etiraz etmiş milyonlarla insan! Ən əsası isə qan görmüş meydan! Həmin meydan ki, o tökülən qanlar hesabına 70 il əsarətdən sonra AZAD ölkədə yaşamağı bizlərə nəsib etdi. Leninin böyük heykəli təpəsi üstə aşırıldı, meydana 3 rəngli bayraq sancıldı və… Azadlığımızın başlandığı məkan bu gün tamam başqa bir problemi var- Azadlıq Meydanında yeraltı dayanacağın inşası ilə bağlıdır.

Bu gün həmin meydanın qarşısından keçirdim. Sözün düzü o meydanı hələ, elə görməmişdim. Hasarlanmış ərazi, tikinti materialları, «müvəqqəti narahatçılığa görə üzr istəyik» yazılan lövhələr, bir sözlə üzümüzə bağlı olan digər meydan! Çox qəribə və ürək ağrıdan haldır. Xalqın bu müstəqilliyi qazandığı meydan və dayanacaq. Bu xalqa edilən ən böyük zərbədir məncə».
XS
SM
MD
LG