Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan siyasətində «beysbol» fenomeni


Beysbol
Beysbol
Azərbaycan siyasəti ilə maraqlananlar üçün «WikiLeaks»dən öyrəniləsi çox şey var. Mənim öyrəndiyim məqam bu oldu: Azərbaycan siyasi elitasında ictimai mövzularda polemika getmir. Sadə dildə desək, siyasi elitanı «dövləti necə idarə etmək lazımdır» sualı ya az maraqlandırır, ya da heç maraqlandırmır.

Fikrimi əsaslandırım. Əksər siyasi elitalar - avtoritar, yaxud demokratik olmalarından asılı olmayaraq – «necə idarə etmək lazımdır» sualı ətrafında qütbləşirlər. Ortada iri siyasi intriqalar gedir, fikirlər toqquşur və bu dinamika cəmiyyətin idarə olunmasını tənzimləyir. Məsələn, totalitar SSRİ-nin Brejnev dönəmində belə Leonid Brejnev və Aleksey Kosıqin arasında ideoloji bir rəqabət var idi. Ondan əvvəl isə «liberal» Xruşşov «mühafizəkar» Malenkovla toqquşurdu. Ərəb diktaturalarında müxtəlif dövrlərdə millətçilər, dinçilər, solçular, qərbpərəstlər bir-biri ilə toqquşublar. Hətta Heydər Əliyev Azərbaycanında da şərti olaraq liberallar və mühafizəkarlar qrupları iqtidar elitasının öz içində çarpışırdılar. «WikiLeaks» göstərir ki, İlham Əliyev hökumətində belə bir fikir mübarizəsi yoxdur. «WikiLeaks»dəki sənədlərdə Azərbaycan hökumətindəki qruplaşmalar onların təmsil etdikləri dəyərlərə, ideyalara yox, iqtisadi və inzibati güclərinə görə qruplaşdırılıblar. Ortada elə bir ciddi sübut yoxdur ki, Azərbaycan siyasi elitasında iki fərqli ideya/dəyər/əqidə daşıyıcıları hansısa bir məsələ üzərində mükalimə/mübahisə/rəqabət aparırlar. Ramiz Mehdiyevin qruplaşması ilə Kəmaləddin Heydərovun qruplaşması arasında, yaxud sonuncu ilə Paşayevlər qrupu arasında heç bir ideya mübarizəsi yoxdur. Görünəni odur ki, bu adamlar «dövləti necə idarə etmək lazımdır» sualı üzərində çox baş sındırmadan iqtisadi və inzibati güc uğrunda maskasız-filansız vuruşurlar.

BU NƏ DEMƏKDİR?

Ölkə üçün belə bir vəziyyət o deməkdir ki, siyasi elita öz işini görmür - cəmiyyətin planlı idarə edilməsi ilə məşğul deyil. Yəni, dərəbəyilikdir. Avtoritar cəmiyyətlərdə siyasi elita təmsilçiləri adətən güclü ideya adamlarından ibarət olmurlar və bu başa düşüləndir.
Hakim komanda
Amma ortada demaqogiya səviyyəsində belə olsa, bir ictimai mükalimə gedəndə, tərəflər dedikləri sözlərə görə müəyyən siyasi mövqelərə bərkidilirlər və hansısa bir müsbət ictimai funksiyanı yerinə yetirməyə məcbur olurlar. Məsələn, Sirus Təbrizlinin vaxtaşırı kükrəmələri Heydər Əliyev dövrünün məmurlarını tam özbaşınalıqdan çəkindirən bir faktor idi, nə qədər zəif olsa belə.

İlham Əliyev hakimiyyətinin ilk dövrlərində ən parlaq fiqurunun Anar Məmmədxanlı olduğu «liberallar» qruplaşması hakimiyyətin avtoritar mahiyyətinə az təsir etsə də, belə bir ümid yeri qoyurdu ki, bu hökumətə yaxın hansısa bir kəsim müəyyən siyasi islahatlar ideyasına ilıq yanaşır. Yəni, ölkədəki iqtidar ölü bir orqanizm deyil, ətrafdakı siyasi hadisələrə reaksiya verə biləcək, dəyişə biləcək bir qurumdur. İndiki siyasi elitada isə «cəmiyyəti necə idarə etmək lazımdır» sualı ətrafında fikir dartışmaları getmir. Söhbət heç fikir yekdilliyindən də getmir (ərz etdim ki, hətta totalitar rejimlərdə də ideoloji qütbləşmələr olur və labüddür). Söhbət ondan gedir ki, hakim elitanı sanki ölkə idarəçiliyi maraqlandırmır. Bunun cəmiyyət üçün törədə biləcəyi fəsadları təxmin etmək çətin deyil. Təsəvvür edin ki, maşın yüksək sürətli şosedə hərəkət edir, maşının içində dörd-beş nəfər oturub, amma maşının hara və necə getdiyi onlardan heç kimi maraqlandırmır.

Azərbaycanın daxili siyasətini təhlil edənlər üçün buradan müəyyən nəticələr çıxarmağa dəyər. Belə görünür ki, iqtidarda hakim elitanın ən güclü fiqurları belə post-Əliyev dövründə öz gələcəklərini görmürlər, belə bir ehtimala hazırlaşmırlar və bu səbəbdən də müstəqil ictimai ideya sahibi deyillər. Müxalifət üçün də bəzi nəticələr çıxarmaq olar. Belə görünür ki, hazırkı siyasi elitanın içində elə bir adam yoxdur ki, Azərbaycan müxalifəti onunla hər hansı bir siyasi islahatın zəruriliyi mövzusunda ciddi danışıqlara gedə bilsin. «Necə idarə etmək» sualı ilə maraqlanmayan birilərini məhz həmin mövzuda dialoqa çəkmək cəhdləri xoş niyyətli amerikalıların ara-sıra məni beysbol barədə söhbətə tutmaq cəhdlərinə bənzəyir. Əzizlərim, axı məni o mövzu qəti maraqlandırmır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG