Keçid linkləri

Təcili xəbərlər

Cənab Heydərova 10 sual


Azərbaycanın FN naziri, ABF-nın prezidenti Kəmaləddin Heydərov
Azərbaycanın FN naziri, ABF-nın prezidenti Kəmaləddin Heydərov
Azərbaycanın Fövqəladə Hallar naziri, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Newsnight (BBC) televiziya proqramında səslənən fikirləri böhtan adlandırıb, ona ünvanlanan ittihamları rədd edib.

Bir həftə öncə Newsnight 2012-ci ildə keçiriləcək Olimpiya oyunlarında Azərbaycanın iki qızıl medalı əvvəlcədən «satınalması» ilə bağlı şübhəli korrupsiya olayından bəhs edib. Orada nazirin də adı hallanırdı. Cənab Heydərov deyib:

«AİBA-nın və ABF-nin əlində lazımi faktlar var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil».

ABF-nın prezidenti Azərbaycanın uğurlarına sevinməyib, «xarici mətbuatın yalanlarına» qoşulan yerli müxalifət mətbuatından narazı olduğunu bildirib.

Kəmaləddin Heydərov deyib:

«Kimlərinsə yalan sözünə əsasən, qeyri-ciddi informasiyanı dünya ictimaiyyətinə ötürmək yaxşı hal deyil».

Hörmətli cənab Heydərovun bu son fikri ilə tam razıyam. Düşünürəm ki, yalançı və böhtançıların cavabını vermək lazımdır. Müxalif deyil, müstəqil bir jurnalist və publisist kimi, bu məsələ ilə bağlı bir neçə sualıma cavab almaq istərdim:

1. İngilis dilini pis bildiyi deyilən və İsveçrə investisiya şirkəti vasitəsilə WSB-yə 9 milyon dollar sərmayə yatıran azərbaycanlı iş adamının adı, ünvanı, telefonları nədir?

2. Həmin biznesmenin kapitallarının həcmi, biznes maraqları dairəsi barədə məlumat almaq çox yaxşı olardı. O, başqa hansı investisiya fondları və şirkətlərlə işləyir, daha haralara pul yatırır? Bu yatırımların həcmi nə qədərdir?

3. Newsnighta əsasən, WSB-nin icraçı direktoru İvan Xodabaxş Tapdıq Əmiraslanova məktub yazıb, pulun tezliklə köçürülməsini istəyib. Tapdıq Əmiraslanov kimdir, harada işləyir? Kimi təmsil edir?

XVI Dünya boks çempionatının açılışı. Bakı. Azərbaycan
4. Hörmətli cənab Heydərovun Newsnight televerilişini və ya birbaşa BBC-nin özünü məhkəməyə vermək fikri, niyyəti varmı?

5. Washington Post qəzeti prezident İlham Əliyevin ailə üzvlərinin adları, təvəllüdləri və ünvanları ilə tam üst-üstə düşən şəxslərin on milyonlarla dollara Dubayda mülk alması haqda məqalə verib. Cənab Heydərovun 2 il öncə dərc olunan bu məqalədən xəbəri varmı?

6. Bu məqaləni Azərbaycanın hakim dairələri «şər-böhtan» adlandırsa da, prezident Əliyev onu dərc edən Washington Post qəzetini məhkəməyə verməyib. Hörmətli cənab Heydərov bu barədə nə düşünür?

7. Cənab Heydərovun dediyi «Məsələ Azərbaycanın imicindən gedirsə, iqtidar-müxalifət söhbəti olmamalıdır» sözlərindən belə qənaətə gəlmək olarmı ki, Boks Federasiyasının prezidenti, hökumətin adı ilə bağlı olan bu sayaq yazıların bütövlükdə Azərbaycanın nüfuzuna xələl gətirdiyini düşünür? Əgər belədirsə, niyə beynəlxalq təşkilatların rəhbərləri, Qərb ölkələrinin liderləri Azərbaycandakı seçkiləri, insan haqlarının pozulmasını və korrupsiyanı tənqid edəndə, cənab fövqəladə hallar naziri onları beynəlxalq səviyyədə təkzib etməyə nədən çalışmayıb?

8. «Newsnight-ın «satınalma medallar»ı barədəki məlumatı hətta təsdiqlənməsə belə, azərbaycanlı biznesmenlə İsveçrə investisiya fondu arasında vasitəçilik etməsi Azərbaycan Boks Fеderasiyasının rəhbəri kimi Heydərovun adına kölgə düşür» fikri ilə Kəmaləddin müəllimin özü razıdırmı? Xəbərin təsdiqlənmək ehtimalını nəzərə alsaq, daha pis... Yoxsa hörmətli cənab Heydərov hesab edir ki, medalları hamı bu yolla qazanır, amma üstünün açılmaması üçün işi daha məxfi və məharətlə görmək lazımdır?

9. Cənab Heydərov müstəqil və müxalifət jurnalistlərinin də iştirakı ilə axırıncı dəfə nə vaxt mətbuat konfransı keçirib?

10. Hörmətli cənab Heydərovun Newsnight, ya BBC və dünyada tanınan başqa medialara müsahibə verib, onların istənilən suallarını cavablandırmaqla olaya aydınlıq gətirmək, bütün əsassız böhtan, şübhə və şayiələrə son qoymaq fikri varmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG