Keçid linkləri

Təcili xəbərlər

Belarusla «qonşu» olmaq təhlükəsi


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
Polşanın paytaxtı Varşavada Avropa Birliyinin «Şərq tərəfdaşlığı» Proqramının zirvə toplantısı işinə başlayıb. Avropa Birliyinin 27 ölkəsinin və «Şərq tərəfdaşlığı» Proqramına üzv dövlətlərin lider və nümayəndələri bir araya gəliblər. Sammit işinə yenicə başlasa da, yekun deklarasiyanın mətni artıq bəllidir. Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus Şərqi Avropaya aid edilib. Başqa sözlə, buna qədər yalnız Ukrayna, Moldova və Belarus Şərqi Avropa sayılırdılarsa, indi bu siyahıya Cənubi Qafqazın 3 ölkəsi də daxil edilib. Bunun Azərbaycan üçün nə demək olduğunu yaxın illər göstərəcək.

RƏSMİ BAKININ İKİ SEÇİMİ VAR

Avropa Birliyi «Şərq tərəfdaşlığı» Proqramı çərçivəsində ölkələrlə fərdi müqavilələr və anlaşmalar imzalanır. Brüssel bu sənədlər əsasında əməkdaşlığın indeksini ölçəcək. Gələcəkdə məhz bunun əsasında bu və ya digər dövlətin Avropa Birliyinə üzvlüyünə baxılacaq. Yəni, assosiativ anlaşmada bir çox bəndin göstərilməsinə baxmayaraq, hər hansı dövlət bunları yerinə yetirməzsə, Avropa Birliyi hədəfindən uzaqlaşacaq. Hazırda bu istiqamətdə nisbətən Ukraynanın irəlidə olduğunu vurğulamaq mümkündür. Ukraynanın ardınca Moldova və Gürcüstan da Avropa Birliyi üzvlüyündə israrlıdırlar və islahatların dərinləşdirilməsi və qanunvericiklərini Avropa standartlarına yaxınlaşdırmaq məqsədilə öhdəlikləri yerinə yetirməyə çalışırlar. Bu ölkələr Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı da müvafiq anlaşmalar imzalayıblar.

Azərbaycan yenə geridədir. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu (José Manuel Barroso) bu ilin yanvarında Bakıya gəlmişdi. Barrozu ilə İlham Əliyev iki memoranduma («Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair anlaşma», «Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə anlaşma»)
Joze Manuel Barrozu və İlham Əliyev
imza atdılar.

BRAYZA BELƏ DÖZMƏDİ

Bu memorandumlar Azərbaycanla Avropa Birliyi arasındakı məsafəni qısaltmağa xidmət edir. Ancaq imzalanma mərasimindən keçən 8 ayda hər hansı bir iş görülübmü? «Şərq tərəfdaşlığı» Proqramına üzv ölkələr qarşısında ən vacib şərtlərdən biri Ümumdünya Ticarət Təşkilatına üzvlükdür. Rəsmi Bakı bu məsələdə də israrlı görünmür, çünki bu quruma üzvlük açıq rəqabət, şəffaf mal dövriyyəsini diktə edir. İki seçim var - ya iqtisadiyyat üzərində indiki oliqarxik sistem davam edir, ya da bu sistemdən qurtulub Ümumdünya Ticarət Təşkilatına üzv oluruq. Rəsmi Bakı hələ ki, birincisi seçib. Ona görə də yerimizdə sayırıq. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) belə dözməyərək belə bir ifadə işlədib ki, Qərb şirkətləri Azərbaycanda kiminlə işləmək seçimində çətinlik çəkirlər. Yəni, nazirliklərə və iri şirkətlərə eyni adamlar və ya onların əlaltıları başçılıq edirlər. Bu halda qeyri-neft sektoruna iri investisiyaların cəlbi problematikdir.

AVROPA BİRLİYİ YALNIZ NEFT VƏ QAZ DEYİL

Rəsmi Bakı çox istərdi ki, Avropa Birliyi-Azərbaycan dialoqunun ana xəttini enerji resurslarının istismarı təşkil etsin. Əlbəttə, Brüssel bu istiqamətə önəm verir, «Nabucco»nu hərəkətə gətirməyə də çalışır. Ancaq Avropa Birliyi əməkdaşlığın digər sahələrini, o cümlədən bəşəri dəyərləri neft və qaza qurban verməz. Bakıda müxalifətin 2 aprel və 18 aprel aksiyalarının dağıdılmasına ən kəskin reaksiya Avropa Birliyindən gəldi. Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycan rəsmilərini münasib yerlərdə dinc aksiyalara icazə verməyə, demokratiya və insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə hörmət etməyə çağırdı. Avropa Parlamenti də oxşar bəyanatla çıxış etmişdi.

Azərbaycanın hakimiyyət mənsubları ölkənin müsbət imici haqqında düşünürlərsə, «Şərq tərəfdaşlığı» Proqramı çərçivəsində üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətindədirlər. Əks halda, bu proqramın sıralamasında da sonuncu yerlərdən birini tutacaq, Belarusla «qonşu» olacağıq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG