Keçid linkləri

Təcili xəbərlər

Əlvida Steve Jobs...


Amerikada təhsil alan çinli tələbələr Steve Jobsu anarkən
Amerikada təhsil alan çinli tələbələr Steve Jobsu anarkən
«Apple» Korporasiyasının banisi, dünyaya iPod, iPad, iPhone və Macintosh kömpüterləri bəxş etmiş Steve Jobs 56 yaşında vəfat edib.

Jobsun ölümü ilə bağlı ilk xəbəri «Apple» çərşənbə axşamı günorta yayıb.

Müasir dövrün novator-biznesmeni kimi tanınan Steve Jobs bir neçə il idi ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi.

«Steve Jobsun vəfat etməsi ilə Amerika görkəmli yenilikçilərindən birini itirib. Onun ixtiralarında Amerika ruhu təcəssüm olunurdu». Bunu Jobsun ölümündən təəssüflənən ABŞ prezidenti Barak Obama deyib.

Rusiya prezidenti Dmitry Medvedev isə Twitterə yazıb ki, Steve Jobs kimi insanlar bizim dünyamızı dəyişirlər.

Jobs «Apple»i tələbə yoldaşı Steve Wozniakla birlikdə 1976-cı ildə qarajda yaratmağa başlayıb.

İLK ADDIMLARINI QARAJDA ATAN “APPLE”

Şirkət Apple II ev kompyuterləri ilə şöhrət qazanmağa başladı, daha sonra bu uğurun dalınca Macintosh gəldi.

Steve Jobs və Wozniakın yaratdığı ilk «Apple»
Steve Jobs və Wozniakın yaratdığı ilk «Apple»
2005-ci ilin iyununda Kaliforniyada Stanford Universitetində çıxışında Jobs həmin illərin xatirələrinə qayıdır:

“Wozniak və mən «Apple»i valideynlərimiz qarajında yaratmağa başlamışıq. O zaman mənim 20 yaşım var idi. Biz çox çalışırdıq və 10 il ərzində iki nəfərin qarajda yaratdığı «Apple» 2 milyard dollarlıq və 4 min işçisi olan bir şirkətə çevrildi”.

1985-ci ildə Jobs bu şirkətdən uzaqlaşmışdı, iş yoldaşları və icraedici direktor John Sculley ilə aralarında toqquşma olmuşdu.

O zamanlar Jobs iki şirkət ilə - kompyuter istehsalçısı Next və kompyuter-animasiya studiosu Pixar ilə əməkdaşlıq edirdi.

“iMAC”, “iTUNES”, “iPHONE”, “iPAD”

1996-cı ildə yenidən “Apple” qayıdan Jobs bu şirkətin istehsal qrupunu rəhbəri oldu. Məhz bundan sonra “Apple” çox uğurlu layihələrə imza atdı, musiqi və mobil telefon sənayesini oyatdı.

Jobsun rəhbərliyi altında “Apple”ın ilk yeni məhsulu parlaq rəngli, plastik “iMac” oldu. 1998-ci ildə bazara daxil olan “iMac” ilk ilində 2 milyon ədəd satıldı.

2001-ci ildə şirkət kompyuterin iş stolunda rəqəmsal musiqi və video faylların oxumasını, musiqi və televiziya şoularını yükləməyi həyata keçirən “iTunes” yaratdı. Daha sonra şirkətin yaratdığı “iPod”la 1000 mahnını “bir cibə sığışdırmaq” mümkün oldu.

2007-ci ildə isə hissiyyatlı ekranı olan “iPhone”lar bazara çıxarıldı və 4 il sonra Apple dünyada 100 milyon “iPhone”nun satıldığını açıqladı.

2010-cu ildə isə cəmiyyətə “iPad”ı təqdim etdi, hissiyyatlı bu kompyuterlə kitab oxumaq, şəkil və ya videoya baxmaq, oyun oynamaq, internetə girmək mümkündür.

Satışı ilə irəliləyərək “Apple” “Microsoft”u da geridə qoydu və 2010-cu ilin mayında ikinci ən dəyərli şirkətə çevrildi və qısa müddətdən sonra bu siyahıda birinci olan “Exxon Mobil”ı da keçərək 2011-ci ilin avqustunda lider oldu.

Steve Jobs isə bütün bu uğurların sadəcə ayrılmaz bir hissəsidir

“TEZLİKLƏ ÖLƏCƏYİMLƏ BAĞLI DÜŞÜNCƏ….”

2004-cü ildə məlum oldu ki, Jobs xərçəng xəstəliyindən əziyyət çəkir. 2009-cu ildə qaraciyətində əməliyyat olundu.

6 həftə öncə isə Jobs “Apple”in icraedici director postunu tərk edib.

2005-ci ildə Stanford Universitetində çıxışında ölümlə bağlı Jobs demişdi ki:

“Tezliklə öləcəyimlə bağlı düşüncə mənim həyatda böyük seçimlər etməyimə kömək edən ən vacib alətdir. Çünki hər şey – bütün zahiri ümidlər, iftixar hissi, bütün özünü itirmə və müvəffəqiyyətsizliklə bağlı qorxular – bütün bunlar ölümlə üzləşəndə yox olub gedir”.

Ailəsinin dediyinə görə, Steve Jobs ailəsinin əhatəsində son nəfəsini verib. Ailəsi xəstə olduğu müddətdə Steve dua edən, ona sağlamlıq arzu edən hər bir kəsə təşəkkürünü bildirib.

Steve Jobs həyat yoldaşı Laurene və 4 uşağı ilə birgə yaşayırdı.
XS
SM
MD
LG