Keçid linkləri

Təcili xəbərlər

Eks-tarix


Milli Məclis
Milli Məclis
Bu yaxınlarda payız sessiyasına başlayan Milli Məclis azacıq da olsa, diqqəti özünə cəlb edə bildi. Məclis rəhbərliyi eks-prezidentlərin statusu və siyasi partiyalar haqqında qanunların artıq müzakirəyə tam hazır olmasa da, komitələrdə müzakirə edildiyini bildirdi. Qanunlar sırasındaca təbii ki, maraq kəsb edənlərdən biri eks-prezidentlərlə bağlı qanundur. Bu işlə məşğul olan deputatlar həmin qanunun hətta siyasi həmrəylik yaratmaq iqtidarında olacağını düşünürlər.

Bu həqiqətən də belədirmi? Məsələnin tək siyasi tərəfinə gəlsək eks-prezidentlər haqqında qanun kiminsə həqiqətən də prezident olmasını təsdiq etmək üçün deyil. O, prezident olmuş şəxslərin sonrakı dövrlərdə təminatlarını müəyyən edən bir dövlət aktıdır. Təəssüf ki, ölkədə vəziyyət elə hala gəlib ki, bir çox insanlar, xüsusən də eks-prezident olmuş şəxslərin yaxınları buna prezidentliyi təsdiq edən bir akt kimi yanaşır və uzun müddətdir ki, həmin qanunun qəbul edilməsinə çalışırlar. Məsələni bu aspektdən çözəndə, görürsən ki, bu, daha çox eks-tarix məsələsidir və onun obyektiv etirafı ilə bağlıdır. Əslində, normal siyasi situasiyada belə bir hal yaranmamalı idi. Amma nə edəsən ki, Əliyevlərin həm də tarixlə konflikt aparmağa həvəsi var. İstər ötən əsrin əvvəlində və istərsə sonunda cərəyan edən proseslər qəsdən təhrif edilir, faktları unutdurmağa cəhd olunur.

YENİ TARİX BİRCƏ NƏFƏRIN ADI İLƏ BAŞLAYIR VƏ ONUNLA BİTİR

İndi ölkənin müstəqilliyinin 20-ci ildönümüdür. Amma bununla bağlı dəlillər və faktlar olduğu kimi nəzərdən keçirilirmi? Təəssüf, bunu təsdiq edə biləcək bir cavab verə bilmirik.
Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
​Mən tarix kitablarına da ötəri bir nəzər saldım. Yeni tarix demək olar ki, bircə nəfərin – H.Əliyevin adı ilə başlayır və onunla bitir. Digərlərinin hətta prezident olması faktı da diqqətdən yayındırılır. Ona görə də, həmin eks-prezidentlərin yaxınları ümid edir ki, eks – prezident statusu tarixə də özünün təsirini göstərəcək. Ümid edək ki, belə də olacaq. Amma o məsələ daha çox maraq kəsb edir ki, bu qanunun, ümumiyyətlə, bir təsiri və əhəmiyyəti olacaqmı? Bir məsələ aydındır ki, belə qanun mütləq olmalıdır, ölkədə prezidentlik institutu varsa, eks-prezidentlər haqda da qanun olmalıdır. Ən azı nəzəri cəhətdən bu, aydındır. O da var ki, ölkədə elə durum olmalıdır ki, insanlar prezident postunu tərk etməyə ehtiyat etməsinlər. Amma Azərbaycanda prezidentliklə bağlı ikidəfəlik məhdudiyyətin aradan götürülməsi faktı da var. Və bu fakt bir daha göstərir ki, bu ölkədə prezident postunu tərk etmək haqda düşünmürlər. Onda bu qanun kimə lazımdır?

HƏLƏLİK DƏYMİRİK, SONRA TUTARIQ...

Məsələ bundadır ki, ölkədə eks-prezident də cəmi bir nəfərdir, o, da ölkə xaricində yaşayır. Həmin adam da Ayaz Mütəllibovdur. Ona görə də, qanunun bir xeyri olsa, ondan indiki dövrdə ancaq Mütəllibov faydalana biləcək. Zira bunun belə olacağına da ümidlər azdır, çünki qanunun A.Mütəllibova, eləcə də Əbülfəz Elçibəyə şamil edilməsi məsələsi mübahisəlidir, bəzi deputatlar onları eks-prezident kimi tanımaq istəmir. Elə Elçibəylə bağlı da mübahisələr var və bəziləri onun da prezident olması faktını şübhə altına almaq istəyir. Zira Elçibəy bu hakimiyyətə Mütəllibovdan, necə deyərlər, bir köynək yaxındır.

Ayaz Mütəllibov
Ayaz Mütəllibov
​Amma Elçibəyin yaxınlarına da qanunun qəbulu elə bir divident vəd etmir, çünki onun da uşaqları böyüyüb, 18 yaşını keçib, o, özü dünyasını dəyişib. Elə Mütəllibova da qanun böyük imtiyazlar vəd etmir. O da eks-prezident kimi qəbul olunsa, ancaq qocalıq çağlarını Azərbaycanda keçirmək hüququ əldə edəcək. Necə deyərlər, etiraf çox gecikdi... Qanun Elçibəyə sağlığında, Mütəllibova isə bir neçə ilə bundan əvvəl lazım idi.

QANUNLAR SƏRGİ ÜÇÜN LAZIMDIR, YOXSA...

Adama elə gəlir ki, bu ölkədə bəzi qanunlar sərgilənmək üçün qəbul edilir və daha çox dekorativ xarakter daşıyır. Qanunlar insanların xarakterini də əks etdirir. Bu hakimiyyətin adamlarının hansı imtiyazlara, sərvətə sahib olması yetərincə bəllidir. Lakin onlar kiməsə babat aylıq maaşı, üçnəfərlik mühafizəni və bir diplomatik pasportu da çox görürlər. Ona görə də, qəbul ediləcəyi hər halda fərz edilən qanun heç kimə lazım deyil, o, bir qeyd üçün lazımdır ki, bəli, bu ölkədə belə qanun da var. Normal bir ölkə olsaydı, o, artıq gələn il lazım ola bilərdi, çünki köhnə Ali Qanuna görə, növbəti ildə indiki prezidentin ikidəfəlik müddəti bitir. Amma o, eks-prezident olmaq fikrində deyil və təzə Qanun da onun bu istəyini nəzərə alır, çünki Qanunun özü də onun istəyi ilə dəyişdirilmişdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG