Keçid linkləri

Elə suallar var, insanlar ona təkrar-təkrar müraciət etməyi sevirlər. Bəlkə bu, tərəddüddən doğur. Amma ən adi şeyləri periodik olaraq təftiş etməlisən ki, onun bir daha səmərəli və doğru olmasına əmin olasan. Hər halda, əsrin düşüncə adamlarından biri K.Popper belə buyururdu.

Yox, bizim burada ən sadə bir problemi – demokratiyanın perspektivini araşdırmaq niyyətimiz və məqsədimiz yoxdur. Ən azı ona görə ki, bu cəhddə bulunanlar gec-tez iki böyük ingilisin fikri ilə barışmalı olurlar.

Onlardan birincisi U.Çörçill olub. O, özünün məşhur Fulton nitqində deyib ki, demokratiya heç də ən ideal siyasi sistem deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapmayıb. Bu fikrin müəllifi – U.Çörçill siyasətçilər arasında demokratiyadan bəlkə ən çox ziyan çəkən olub.

1945-ci ildə çox məşhur parlament seçkisinin nəticəsini öyrənən zaman o, hamamdaymış. Tarixçilər bu an Çörçillə iki böyük aforizmi aid edirlər. Bir versiyaya görə o, deyib ki, özünün böyük oğullarına qarşı sayğısızlıq böyük millətlərin xüsusiyyətidir. Başqa bir versiyaya görə isə, onun reaksiyası çox lakonik olub: «Demokratiyadır! Məgər bizlər bunu istəmirdik?».

Demokratiya ilə bağlı ironiya bundan o tərəfə keçməzdi, əgər başqa bir ingilisin – B.Şounun bir fikri olmasaydı: «Demokratiya ən ədalətli quruluşdur, ən azı ona görə ki, o, heç kimə layiq olduğundan fərqli hökumət qismət etmir».

Heydər Əliyev İstanbulda
Heydər Əliyev İstanbulda
Bu, iki tezisdən bir nəticə çıxır və bu da odur ki, demokratiya heç də bütün problemlərin nəinki həlli deyil, hətta sosial rifah-demokratiya məsələsi bir çox hallarda gərgin diskussiyalar doğurur. Amma mən burada digər bir diskursun – demokratiya və millətin «böyük oğulları» probleminin də izini görürəm.

«Böyük oğullar» millətə xeyir gətirir, yoxsa əksinə inkişafını ləngidir, onu gerilədir? Hə, sovet tarixşünusalığının süqutundan sonra bu sual bir qədər primitiv görünür. Tarixdə «xalq kütlələri»nin yerini «böyük şəxsiyyətlər» tutandan sonra hamı deyər ki, bu, nə sualdır, «böyük oğullar» əlbəttə ki, milləti irəli aparır! Amma bu, həqiqətən də belədirmi?

BÖYÜK CƏMİYYƏT OLMAYAN YERDƏ...

Bilirsiniz, biz bir detalı unutmamalıyıq. Dövlət müstəqilliyinin 20 ilinin düz 18 ili H.Əliyevin və onun yaratdığı partiyanın vaxtına təsadüf edir. Bəli, onu bir siyasətçi kimi qiymətləndirmək həm asandır, həm də çətin. Sonrakı prezident seçkilərinin nəticələri böyük mübahisə, etiraz doğursa da, etiraf etməliyik ki, H.Əliyev iki dəfə həqiqətən də bu millətin özü tərəfindən seçilmişdi. Birinci dəfə bu, Naxçıvanda, ikinci dəfə isə 1993-cü ildə Bakıda olmuşdu. Bunu mən ona görə yada salıram ki, bəzən deyirlər ki, bizim millətə seçim imkanı heç vaxt verilməyib. Amma belə deyil.

H.Əliyev sözsüz ki, bir neçə parametrə görə, ən azı siyasi təcrübəyə görə digərləri ilə müqayisədə qat-qat üstün idi. Yəni, o, ən azı sovet keçmişli azərbaycanlı toplumun, necə deyərlər, «böyük oğlu» idi.

Eduard Şevardnadze, 2003
Eduard Şevardnadze, 2003
Güman edirəm ki, bu tezis ciddi bir mübahisə doğurmaz. Amma bu, millətə nə verdi? Azərbaycanın bu günü B.Şounun aforizmini təsdiq edir, ya yox? Burada onu qeyd edim ki, azadlıq və demokratiya vərdişləri baxımından öyünə bilməyən millətlərin hamısının belə «böyük oğullar»ı olub və bu oğullar milləti ən azı on illər geri salıblar.

Bir daha qeyd edim ki, Çörçill öz məğlubiyyətini çox sakit qəbul etdi, çünki böyük ingilis cəmiyyəti vardı. Bir az yaxına gələk.

«Qızılgül» inqilabı bitəndən sonra E.Şevardnadze müsahibələrinin birində dedi ki, bizim inqilab ən gözəl inqilab idi! O, niyə belə dedi? Ona görə ki, gürcülər cəmiyyət kimi özünün ən «böyük oğullar»ından belə böyük idi. Azərbaycan cəmiyyətisə bunu hələ də sübut edə bilməyib.

Ona görə də azadlıq onun üçün bir ilğıma dönüb, uzaqdan o, özünü azad görür, amma yaxınlaşanda, ondan istifadə etmək istəyəndəsə, məlum olur ki, dünyanın ən hüquqsuz toplumlarından biridir.

Bəlkə YAP funksionerləri müstəqilliyin bütün çələnglərini H.Əliyevin adı ilə bağlayanda düz edirlər, çünki Azərbaycan cəmiyyəti axıra qədər bu yükün altına çiyin vermədi, özünü avtoritar liderə təslim etdi.

İndi eks-prezident adlandırılanlar, A.MütəllibovƏ.Elçibəy də bu missiyanı öz üzərlərindən atdılar, bunu da etiraf etmək lazımdır.

Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992
Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992
Ona görə də bugünkü qüsurlara görə elə də pəjmürdə olmağa dəyməz, Şou yaxşı deyib: demokratiya layiq olduğundan fərqli bir hökumət qismət etmir. Təbii ki, seçki, hətta ən ədalətli seçki belə indilər müasir demokratiya kimi yozulmur. Lakin nə edəsən ki, bəzi ölkələrdə seçki hələ ən böyük demokratiya kimi qəbul edilir...

ONLAR BƏRABƏR DOĞULMUŞDU...

Demokratiya təcrübəsinin ən gözəl təsvirini A.Tokvill verib. Onun Amerika haqda bir fikri heç vaxt yadımdan çıxmır. O, amerikalılar haqda demişdi ki, bəli, onların bərabər olmasına ehtiyac yox idi, çünki onlar əzəldən bərabər doğulmuşdu! Bu rakursdan da baxanda mən Azərbaycanı başa düşmürəm.

Sovet rejimi düz 70 il insanların beyninə bərabərlik hissini təlqin etməyə cəhd etmişdi. Necə oldu bu? İndi sutkada 8 saat əvəzinə 16 saat işləməyə hazır olan, öz məvacibini aylarla ala bilməyən orta statistik azərbaycanlı nə üçün öz yaddaşını qurdalamır, ona bir vaxt verilmiş hüquqları yada salmır?

Mən də bu sualın cavabını bilmirəm, elə bütün digər suallar kimi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG