Keçid linkləri

Süleyman Dəmirəl Bakıda nələri demədi?


Prezident İlham Əliyev Bakıda Türkiyənin IX prezidenti Süleyman Dəmirəli qəbul edir, 10 oktyabr 2011
Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Bakıya gəlməmişdən (O, oktyabrın 10-da Bakıda başlayan ikigünlük Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün Azərbaycana gəlmişdi - red.) öncə Ankaradakı evində “ANS” televiziya kanalına geniş müsahibə verdi. Dəmirəlin müsahibədə söylədiklərinin ana qayəsi bu idi ki, Əbülfəz Elçibəy milli ruhlu, xoş bir insan, ancaq dövləti idarəetmə keyfiyyəti olmayan siyasətçi idi. Heydər Əliyev isə əksinə tam bir dövlət adamıydı və Naxçıvandan Bakıya gəlib Azərbaycana rəhbərlik etməyi mərhum dövlət başçısına Dəmirəl tövsiyyə etmişdi. Dolayısılyla belə çıxırdı ki, vaxtilə Elçibəy hakimiyyətinin yıxılması Dəmirəli rahatsız etməyib, tam tərsinə. 87 yaşlı Dəmirəlin Bakıdakı açıqlama və görüşləri də müsahibədə söylədiklərinin məntiqi ardıcıllığı idi.

Birinci epizod: “Dəmirəl real gücün yanındadır”

Çox nadir hallarda olur ki, Bakıya səfərə gələnin rəsmi statusu yoxdursa, Azərbaycan dövlət başçısı beləsi ilə həm gələndə, həm də gedəndə təkbətək görüş keçirsin. Süleyman Dəmirəl bu şərəfə nail oldu. Dəmirəl təriflərini əsirgəmədi.

Əlbəttə, bu epitetləri tək Dəmirəl söyləmir, Bakıya gələn rəsmilərin və digər qonaqların çoxu Bakının sürətlə dəyişən simasından, inkişaf və tərəqqidən söz açır. Ancaq önəmli olan qonaqların bağlı qapılar arxasında nələr söyləməsidir. “WikiLeaks” saytındakı yazışmalar göstərir ki, bağlı qapılar arxasında bəzən tərəflər bir-birinə demədikləri söz qoymurlar qalsın.

Süleyman Dəmirəl də danışıqlar ustası sayılır və bəzən türklər demişkən “lafı çox uzatmadan” mətləbə keçir. Ancaq bağlı qapılar arxasında qarşı tərəfə zəruri ismarıcı olan siyasətçi sözünü ictimaiyyətə də bir yolla ötürməyə borcludur. Bu yoxdursa, demək ismarıc da yoxdur.

Vaxtilə Heydər Əliyevə “Sən Bakıya getməlisən” deyə bilibsə və bunu 18 il sonra açıqlayıbsa, demək keçmiş dəftərlərdə başqa mövzular da var. Yaxşı yadımdadır, Süleyman Dəmirəl 1992-ci ildə prezident seçkisi öncəsi Bakıya gəldikdə Türkiyə səfirliyinin eyvanına çıxaraq prezidentliyə namizədlər Əbülfəz Elçibəylə Yaqub Məmmədovun əllərini göyə qaldırmışdı. Dəmirəl bununla bir növ Azərbaycandakı qüvvələri birliyə çağırırdı. Dəmirəl səfirlik binasından çıxaraq Azərbaycan Xalq Cəbhəsinin qarşı tərəfdəki binasına keçərək hərəkat rəhbərləriylə fikir mübadiləsi aparmışdı.

Dəmirəl o zaman real qüvvə ilə hesablaşırdı. Həmin illərdə isə real qüvvə AXC idi və baxmayaraq ki, onun hərəkat binasına gəlişi namizədlərdən birinin dəstəklənməsi mənasına gəlirdi, bu Dəmirəli az narahat edirdi. Dəmirəl indi də real qüvvə ilə hesablaşır. Hərəkatda olan insanlar bu gün də siyasətdədirlər, sadəcə Dəmirəl onları keçilmiş tarix saydığından müxalifət liderlərindən hər hansı biri ilə görüşə ehtiyac duymadı.

İkinci epizod: “Dəmirəli Arabulun taleyini yaşayanlar narahat etmir”

Süleyman Dəmirəl Bakıda ona ayrılan iqamətgahda Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) rəhbər heyəti ilə görüşüb. Dəmirəl ATİB-in fəxri üzvüdür. Bu görüşdə də Azərbaycanın inkişafından, uğurlardan ağızdolusu danışılıb.

Türkiyə-Azərbaycan iqtisadi-ticarət münasibətlərində xeyli sualların olduğu elə həmin ATİB üzvlərinə də yaxşı bəllidir. Məsələ burasındadır ki, onlardan bir qrupu yerli oliqarxların qulluğunda dayandığından problemləri olan həmkarlarının məsələlərini gündəmə gətirməkdə maraqlı deyillər.

Məsələn, Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana son səfərində onun iştirakı ilə Bakıda türk işadamlarından birinin sənaye müəssisəsi açılmışdı. Həmin iş adamı müəssisəyə yüz milyonlarla dollar yatırmağı planlaşdırırdı. Ancaq son məlumatlara görə, həmin iş adamı yerli oliqarxlardan birinin “bölüşməlisən” tələbini yerinə yetirmədiyindən qoyduğu sərmayəni geri almadan ölkədən qovulub.

Məgər Süleyman Dəmirəllə görüşən ATİB nümayəndələrinin bu kimi hallardan məlumatları yoxdur?

Elə “Barmek” başçısı Hüseyn Arabul vaxtilə məhz Süleyman Dəmirəlin xeyir-duası ilə Bakıya gəlmişdi. Onun da necə “yola salınmasını” hamıdan yaxşı elə Dəmirəl bilməlidir. Ancaq bu, Dəmirəli və ATİB-i az narahat edir.

Üçüncü epizod: “Dəmirəl “bu təmir niyə bu qədər uzanır” sualını vermədi”

Süleyman Dəmirəl “Şəhidlər xiyabanı”nda Türk zabitlərin və əsgərlərin uyuduğu məzarı ziyarət etdi. Bir az aralıda türk məscidi yerləşir. “Təmir” adı ilə illərdir qapıları qıfıllanan həmin məscid Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü durumunu tərənnüm etdirən mənfi amilə çevrilib.

Vaxtilə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Bakıya səfərində “Şəhidlər Xiyabanı”nı ziyarət etdikdə həmin qapalı məscidə də baş çəkmişdi. Qapalı məscidi ziyarət Azərbaycan hakimiyyətinə bir növ xatırlatma idi. Özündə enerji tapıb iki məzarlığı ziyarət edən Dəmirəl də iki addımlıqdakı məscidi ziyarət edə bilərdi. Bu addım rəsmi Bakıya növbəti yumşaq xəbərdarlıq ola bilərdi ki, məscidin qapalı qalmasından narahatlıq azalmayıb. Belə bir addıma da ehtiyac duyulmadı.

Nə deyirik, “hər şey iyi, hər şey güzel” söyləyən cənablar! Təriflərinizi əsirgəməyin, ancaq onu da unutmayın ki, problemlər haqqında ciddi müzakirələr açmadıqca və bu haqda ictimaiyyətə ismarıclar verilməyincə iki ölkə arasındakı strateji münasibətləri daha çox uçuruma yuvarlandırısınız.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG