Keçid linkləri

Təcili xəbərlər

İlham Əliyev «hə» deməyə vaxt tapacaqmı?


Vladimir Putin
Vladimir Putin
Bu yaxınlarda 8 MDB ölkəsinin azad ticarət zonası yaratmaq haqda nazirlər səviyyəsində verdiyi qərar bəlkə də bir o qədər diqqət çəkməzdi, Putin ilin sonuna qədər daha üç ölkənin, o cümlədən də Azərbaycanın bu ittifaqa qoşulacağı haqda bəyanat verməsəydi. Ümumiyyətlə, Rusiyanın Baş naziri başqalarının adından danışmağı sevir. Bunu ilk dəfə Qəbələ RLS ilə bağlı məşhur təklif zamanı görmüşdük. Onda İ.Əliyev özünü elə göstərdi ki, guya bu məsələ ilə bağlı Rusiya rəhbərliyi əvvəlcədən onunla razılaşıb. Amma bu əslində belə idimi? Məsələnin detallarını araşdırmağı tarixçilərin öhdəsinə buraxaq, çünki jurnalistlər bircə günün tarixçisi olmaq aqibəti ilə barışmağa məhkumdurlar.

İndi elə vəziyyət yaranıb ki, ilin sonuna iki aydan bir qədər çox vaxt qalıb. Amma böyük qurumlar, böyük dövlətlər bunun fərqinə belə varmadan bir çox suallara bu ilin sonuna kimi cavab istəyirlər. Amma cavab olacaqmı? İndi hamı bunu aydınlaşdırmağa cəhd edir.

Rusiyanın təklifi MDB adlı qurumun sıradan olan təşəbbüslərindən biri kimi yozula bilərdi, amma bir çoxu bunda faktiki olaraq SSRİ-nin bərpa edilməsi cəhdini görürlər. Bu, ola bilsin ki, şişirtmədir. Fəqət, V.Putinin yenidən siyasət olimpinə istiqamət götürməsi hər halda hamını ehtiyatlandırır. Putin SSRİ-ni hansısa formada bərpa etmək planlarını heç vaxt gizlətməyib. Amma bu məsələnin qorxulusu Putin deyil, daha çox Rusiyanın timsalında özlərinin son istinad nöqtələrini itirmək istəməyən bəzi siyasi rejimlərdir.

Biz bir vaxtlar fərdlər səviyyəsində özünüidentifikasiyadan danışırdıq. Amma tale elə gətirdi ki, fərdlər bunu bir çox siyasi qüvvələrdən və hökumətlərdən tez etdi, hökumətlər isə hələ ki bu prosesi yubadır. Onların arxasında güclü cəmiyyətlər dayansaydı, bəzi problemlər olduğundan ciddi və qorxulu görünməzdi.
İlham Əliyev və Vladimir Putin, 9 noyabr 2006
İlham Əliyev və Vladimir Putin, 9 noyabr 2006
Amma belə cəmiyyət varmı? Təəssüf. Məhz elə bu səbəbdən azad iqtisadi zona təklifi də qorxulu görünür, Putinin qayıdışı da, eləcə də digər məsələlər də...

AZƏRBAYCANLILAR BU DƏFƏ PARİSƏ GEDƏ BİLƏCƏKMİ?

Bir vaxt ölkənin problemi onda oldu ki, sonradan M.F.Axudovun personajı olan Şahbazlar Parisə gedə bilmədi. İndi isə Paris yenə də özü bu tərəflərə gəlmək istəyir və özünün müsyö Jordanlarını biri-birinin ardınca bölgəyə göndərir. Bəli, bu ilin sonuna kimi Avropanın da Azərbaycanda gözləntiləri var: «Nabucco», assosiativ üzvlüklə bağlı danışıqlar...

Yaxın keçmişdə bir siyasi zərb – məsəl vardı: Azərbaycan Avropadan nə qədər uzaqdırsa, elə o qədər də Rusiyaya yaxındır... Amma budur, artıq Avropa uzaqda deyil. Hər ay onun bir nümayəndəsi Bakıya təşrif buyurur. Başqa ölkələri demirəm. Amma Türkiyə AB-yə üzv olmaq üçün nə qədər çalışdı! Azərbaycana belə təklif təxmini olsa da edilir. Təbii ki, söhbət tam üzvlükdən getmir. Lakin AB təmsilçiləri bildirir ki, yaxınlaşma prosesinin sürəti həm də Azərbaycandan asılıdır. Amma yenə də bir faktor mane olur: yerli hakimiyyətin cari marağı, onun hələ də, necə deyərlər, özünüidentifikasiya edə bilməməsi.

Polşadakı son Avropa sammitində ölkə Şərqi Avropa ölkəsi statusu alsa da, hökumət hələ də özü üçün bu statusu ala bilməyib, onların bir avropalı hökumət kimi qəbul edilməsi yolunda müəyyən problemlər var:
İlham Əliyev və Nikola Sarkozi, Bakı, 7 oktyabr 2011
İlham Əliyev və Nikola Sarkozi, Bakı, 7 oktyabr 2011
siyasi islahatlar, azad və demokratik seçkilər, azad mətbuat, seçkili hökumət, ictimai nəzarət altında olan güc strukturları. Hiss olunur ki, hökumət, məsələn, BMT istiqamətində daha fəaldır, nəinki Avropa strukturları ilə təmasda. Bəli, hökumət dünyanın əsas siyasi nöqtələrinə çıxış axtarır, amma bunu elə istiqamətlərdə aparır ki, özünün maraqları üçün problem yaranmasın. BMT istiqamətində bu maneə və problem yoxdur, çünki hətta Afrikanın və Asiyanın bəzi avtoritar rejimləri belə Nyu-Yorkdakı binada özlərini çox rahat hiss edirlər. Amma Avropanın müvafiq strukturları haqda bunu demək olduqca çətindir.

NÖVBƏTİ PREZİDENT KİM OLACAQ?

Seçkiyə hələ 2 il qalsa da, bu sual yerli hakimiyyət üçün indi ən aktualdır, o bu suala cavab axtarır. Cavabsa daha çox xaricdən gəlməlidir. Bu günlərdə müsahibələrinin birində İ.Əliyev üçüncü dəfə seçilmək haqqında hələ qərar qəbul etmədiyini dedi. Siyasətlə səmimiyyət heç də həmişə qovuşmur. Ona görə də bunu ürəkdən deyilmiş bir etiraf kimi qəbul etmək olduqca çətindir, çünki dərhal sual yaranır: üçüncü dəfə seçilmək istəmirdinsə Konstitusiyanı niyə dəyişirdin? Təbii, məsələ tamam başqa cürdür. Avropa, Rusiya, eləcə başqa ölkələr İ.Əliyevdən cavab gözlədiyi kimi, İ.Əliyev də onlardan cavab gözləyir, xüsusən də Avropadan. İ.Əliyevin sərəncamında cavab üçün iki ay varsa, Avropanın hələ iki il vaxtı var. Necə deyərlər, başqa məsələlər kimi elə vaxt məsələsində də rəsmi Bakı xəsislik etmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG