Keçid linkləri

Təcili xəbərlər

Hürməyə qoymurlar və ya mənə kompot verin!


Lətifədən- anektoddan- Azərbaycan türkcəsində desək, gülməcədən heç xoşum gəlmir. Bircə uşaqlıqda Molla Nəsrəddin lətifələrini xoşlayardım. O zamanlar Molla əmi çox dəbdə idi. Ətrafımızdakılara gülməyə qorxanlar Molla Nəsrəddindən misal çəkərdilər. Evimizdə vərəqləri oxunmaqdan cırıq-cırıq olmuş “Molla Nəsrəddin lətifələri” vardı. Oxuyub uğunub keçirdim.

Gülməcə söyləmək - istedaddır!

Amma müasir, çağdaş gülməcələri sevmirəm. Bir köhnə iş yoldaşım var. Hərdən bizə zəng vurub, özü demişkən, “xoruzquyruğu” lətifələr danışır. Mən də məcburən dinləyib gülürəm. Həmən də unuduram. Daha onu kimə isə söyləyə bilmərəm. Çünki gülməcə söyləmək, yaşatmaq, onu dadlı-duzlu çatdırmaq bir ayrı istedaddır- deyə düşünürəm.

Amma... Hər işin bir əmması var axı...

Bu həftə eşitdiyim iki gülməcə kefimi yaman açdı. Və onu saytımızın oxucuları ilə bölüşmək istədim.

Birinci gülməcə- Hürməyə qoymurlar...

Əhvalat vaqe olur bizim allı-güllü Vətənimizdə. Toppi adlı bir köpək (mənim Toppi haqqında yazdıqlarım yadınızdadırmı? Elə o üzdən köpəyi Toppi adlandırdım) Londondan Bakıya köç edir. Aeroportda onu saxlayırlar. Niyə gəldiyi ilə maraqlanırlar. Məlum olur ki, Toppi yaşamaq üçün Londonu Bakıya dəyişib.

Hamı təəccüblənir. Deyirlər, əşi, hamı əksinə edir, sənin burda nə işin var?

Toppi deyir: Yox, ey, mən ömürlük Azərbaycanda yaşamaq istəyirəm, kefim belə istəyir.

Məcbur olub buraxırlar onu...

Aradan bir xeyli müddət keçir. Toppi yenə Bakı hava limanında görünür. Xoş-beş-onbeş, baxırlar ki, Toppi kökəlib, yaxşılaşıb, kefi də yerindədir. Soruşurlar ki, hardan gəlib-hara gedirsən?
Deyir, Londona qayıdıram.
Deyirlər, bəs sən deyirdin ömürlük gəlmişəm, niyə tez gedirsən?
Toppi deyir: Azərbaycan çox gözəl ölkədir. Hər şey əladır. Yaxşı yeyib-içdim, gəzdim.
Deyirlər, bəs onda niyə gedirsən?
Toppi qayıdır: Hər şey yaxşıdır, amma hürməyə qoymurlar!

İkinci gülməcə- Mənə kompot verin!

Bir işsiz-gücsüz gənc Azərbaycan müəllimi xarici təşkilatda işə düzəlmək istəyir. Gəlir sənəd verməyə. Onu hörmətlə qarşılayırlar. Yer göstərirlər və soruşurlar:
- Çay, kofe?
Gənc və işsiz müəllim həmən dillənir:
- Kompot!!!

P.S. Qarışıq dünyada həftəsonu üçün bu iki gülməcədən məzəli heç nə tapmadım. Xoş həftə sonları!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG