Rafiq Tağının sui-qəsd nəticəsində ölümü tarixə ifadə azadlığına qarşı növbəti təcavüzlərdən biri kimi düşəcək. Ancaq bu hadisə ifadə azadlığı ilə yanaşı yazıçı-publisistin ardıcıl olaraq təbliğ etdiyi dünyəviliyə barışmaz münasibətin göstəricisi olduğu üçün olayı humanizmə qarşı təcavüz kimi də qiymətləndirmək olar.
Rafiq Tağı bizim ölkəyə 150 il öncə ayaq basan humanizm və aydınlanma hərəkatının yorulmaz təmsilçisi olub. İlk maarifçilərimizin dini fanatizm və feodal təfəkkürdən uzaq, insançılıq, rasionallıq və çağdaşlıqdan ibarət düşüncə uğrunda çalışmalarına Rafiq Tağının yaradıcılığında da rast gəlmək olar. Onun da missiyası öz sələfləri kimi universal dəyərlərin təbliği idi. Humanizmin isə tarixi qədim yunan fəlsəfəsindən fransız maarifçilərinədək uzanaraq, 19-cu əsrdə yeni insan və yeni ictimai dəyərlər mövzusu ilə gündəmə gəlmişdi.
Rafiq Tağının ölümü bir şəxsin, ailə və ya nəsilin deyil, hazırda formalaşma dönəmini yaşayan sivil bir toplumun faciəsidir. Bu hadisə ölkəmizdə humanizmin siyasi, iqtisadi maraqlar, milli-dini ehkamlarla yanaşı ibtidai dəyərlərə də uduzmasının təzahürüdür. Hələ də insanların baxışları, yaşam və hərəkətlərində irrasional dəyərlər, sosial kimliklərində isə cəmiyyətdən əldə edilmiş xüsusiyyətlər deyil, doğuşdan qaynaqlanan bioloji amillər yayğındır. Bir sözlə bizim insanlarımız humanizmi tamamilə mənimsəməyıb, hələ də ibtidai insanlar kimi sosial konfliktləri zorrakılıqla çözməyə meyllidir.
İnsanların dini inanclarının təhqir olunması və ələ salınması yolverilməzdir. Ancaq bütün dini inanclar, hərəkət və baxışlar tənqid və təftiş üçün açıqdır. Rafiq Tağı da mühafizəkar dini baxışlar və yaşam tərzinin tənqidçilərindən idi. Onun islam barədə qeyri-dini yanaşmaları qaraguruhla qarşılanırdı və polemika əvəzinə, hədələr və təhqirlərə məruz qalırdı. Nə yazıq ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi başda olmaqla hansısa dini icmanın Rafiq Tağı və onun həmfikirlərinin iştirakı ilə nəzəri-fəlsəfi toplantı keçirdiyini xatırlayırıq...
Rafiq Tağının ölümünə görə siyasi hakimiyyətin cavabdehliyinə dair ortada yetərli faktlar var. Onun bıçaqlanması sıradan bir cinayət deyildi; baş vermiş terrora hakimiyyət dərhal siyasi münasibət bildirməli, olayı nəzarətə götürməliydi. Elə uzun əməliyyatdan sonra xəstəyə Klinik Tibbi Mərkəzdə göstərilən xidmət bu laqeydlin göstəricisi deyilmi? Axı, tibbi xidməti həyata keçirənlər hansısa özəl klinikanın deyil, dövlət müəssisəsinin işçiləri idi...
Rafiq Tağıya barışmaz münasibət bəsləyənləri hakimiyyətin azadlıq və humanizm dəyərlərinə uzun illər göstərdiyi müqavimət ürəkləndirmişdi. Biz Rafiq Tağı kimi fərqli düşünən, dini-milli ehkamlara fərqli münasibət bəsləyən insanlarımızı geniş teleməkanda görmədik. Bu insanlarla onların əksfikirliləri arasında açıq ictimai müzakirələrin şahidi olmadıq. Nə televiziyalar, nə də radiolar fərqli ictimai, siyasi, ədəbi-mədəni baxışları üçün efirıni ayırdı. Hakimiyyət öz nəzarətində olan efir məkanını humanist və dünyəvi baxışlar üçün qapadı, bu cür baxışları qaraguruha qarşı mübarizədə himayəsiz qoydu; öz qeyri-humanist davranışları və hərəkətləri ilə Rafiq Tağının əleyhdarları üçün təhlükəli presedent yaratdı. Göründüyü kimi, humanizm üçün əsas təhlükə hakimiyyətin yaratdığı ictimai mühitdir və belə bir şəraitdə heç bir fikir adamı mühafizəkarların hücumlarından sığortalanmayıb.
Əfsus ki, hakimiyyətə alternativlik iddiasında olan siyasi qüvvələr də ölkədə getdikcə artan dini təməlçiliyə ehtiyatlı münasibət bəsləyir. Təbii ki, bunu dindar elektorat və ya dini icmaların dəstəyini itirməmək marağı kimi izah etmək olar. Ancaq bu ölkə hələlik şəriət qaydaları ilə idarə olunmur və ölkəmiz də islam respublikası deyil! Kimsə bu ölkənin prezidenti, baş nazir və ya deputatı olmaq iddiasındadırsa, humanizmin yanında durmalı, şəriətçi, dini təməlçi və milli ehkamlara söykənən baxışalara qarşı cəsarət nümayiş etdirməldir. Hakimiyyətə alternativlik bütün siyasi davranışlar və baxışlarda olmalıdır.
Ümumiyyətlə, Rafiq Tağının ölümünə siyasi çevrələrdəki münasibəti ölkədə humanizmin böhranı adlandırmaq olar. Məsələn, YAP-çı millət vəkili Siyavuş Novruzov indiyədək onun hər hansı yazısını oxumadığını deyərək, bunu sıradan bir cinayət hadisəsi adlandırıb. Novruzovun bu cür heyrətli açıqlaması türk yazarı Əziz Nesinlə bağlı bir olayı xatırladır. Moskvadan Türkiyəyə geri dönərkən, Əziz Nesin özüylə Nazim Hikmətin bir sıra əlyazmaları və plastinkalarını gətirir. Türk jandarması sərhəddə bütün əşyaları, o cümlədən plastinkaları saf-çürük edir. Plastinkalarda Nazim Hikmətin öz dilindən səslənən şeirlərini dinlədikcə, Əziz Nesin ağlayırmış. Bu mənzərəni istehza ilə seyr edən jandarma polisi soruşur ki, nədən ağlayırsan. Nesin bir xeyli susduqdan sonra cavab verir – sən mənim nədən ağladığmı bilsəydin, heç zaman jandarma polisi olmazdın...
Və nəhayət, əgər 20-ci əsrin əvvəllərində Rafiq Tağı kimi bir yazar bıçaqlansaydı, o dövrün əksər siyasi liderləri, o cümlədən Rəsulzadə, Nərimanov, Topçubaşov və Xoyski ilk gündən həmin yazarın ailəsi və dostlarının yanında olardı...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.