Keçid linkləri

Təcili xəbərlər

Demokratiya: 19 il bundan əvvəl və indi


Ə.Elçibəy və İ.Əliyev, 1992
Ə.Elçibəy və İ.Əliyev, 1992
Dünyada maraqlı tədqiqatlar olub. A.Toynbee bəşəriyyətin bütün tarixi boyu 21 sivilizasiya və bunların əsasında 21 cəmiyyət növü müəyyən etmişdi. Lakin bu qədər cəmiyyət tipindən o, cəmi ikisini əsl «qərb cəmiyyəti» tipinə aid etmişdi. İlk dəfə bu haqda oxuyanda S.Huntington'un sivilizasiyaların və mədəniyyətlərin toqquşması haqdakı nəzəriyyəsi qeyri-adi görünmədi –bu qədər müxtəlif sivilizasiya və cəmiyyət tipi varsa, deməli, daim onlar arasında bir qarşılıqlı təsir hadisələri də olmamış deyil. Bizəsə çox vaxt elə gəlir ki, bütün cəmiyyətlər öz tarixi inkişafında identik olaraq o biri qabaqcıl cəmiyyətlərin yolunu keçir. Çox vaxt da düşünürük ki, harada müsbət şey varsa, dərhal o bizdə olmalıdır. Lakin olmur... Səbəbi də budur ki, hələ ki biz başqayıq, onlar kimi deyilik...

Mən bunları nədən qeyd etdim? Bu günlər ABŞ-da əski sovet respublikalarının müstəqilliyinin 20 ili ilə bağlı bir tədbir keçirilirdi. Orada həm də demokratiyaların vəziyyəti haqda danışmalı idilər. Bircə anlığa özümü həmin tədbirdə təsəvvür etdim. Mən nə deyərdim? Bəli, cavab tapa bilmirəm.

Bu ölkədə 20 ilin cəmi bircə ili demokratik idarəçilik olub - bu, məlumdur. Lakin o da məlumdur ki, bu da bir şərtilikdir – həmin o bir il ona görə demokratik idarəçilik dövrü adlandırılmamışdı ki, o dövrdə həqiqətən də demokratiya vardı. Ona görə belə adlandırılmışdı ki, o vaxtlar hakimiyyətdə özlərini demokrat adlandıran insanlar idi. Həmin insanların da demokratiyaya töhfəsi bir illik hakimiyyət dövründə deyil, 18 illik müxalifət dövründə oldu – təəssüf ki, bu, acı bir reallıqdır...

20 ilin qalan dövrünü isə mən «qarışıq dövr» adlandırardım – bu dövrdə hakimiyyət bütün vasitələrlə demokratiyanı məhdudlaşdırmağa, cəmiyyət isə azacıq da olsa bu prosesin qarşısını almağa çalışdı və bu proses bu günə qədər davam edir.

Maraqlısı budur ki, qeyd etdiyim tədbirdə belə fikir səslənib ki, əski sovet ölkələrini daha «keçid dövrü yaşayan gənc dövlətlər» adlandırmaq olmaz,
SSRİ-nin xəritəsi
SSRİ-nin xəritəsi
bunlar artıq oturuşmuş müstəqil dövlətlərdir. Bu fikri bir-iki il bundan əvvəl ən yüksək səviyyədə Azərbaycan rəsmiləri də bəyan etmişdilər. Amma onlar buradan çıxan nəticəni nəzərə almamışdılar. Nəticə isə budur ki, bunlar da daha «keçid dövrü yaşayan dövlətlər» deyilsə, deməli, dövlət quruculuğu prosesi zamanı tez-tez baş verən siyasi improvizasiyalara artıq son qoyulmalıdır. Bəs bu improvizasiyaların mənbəyi haradandır? Nədən onlar belə ölkələrin təcrübəsində tez-tez təzahür edir?

ƏNƏNƏLƏR VƏ DEMOKRATİYA

Biz çox vaxt ənənələrin rolunu nəzərə almırıq. Bizə elə gəlir ki, onların ömrü haradasa bir neçə on ildir. Amma indi baxanda görürsən ki, 70 illik sovetlər elə bir ənənə yarada bilmədi, əksinə müxtəlif milli ənənələr bu idarəçiliyin süqutunu sürətləndirdi. Ənənələr qanunlardan irəlidə olur. Qanunlar onlara söykənəndə isə daha işlək, daha effektiv olurlar. Lakin vay o günə ki, ənənə özündə mülki cəmiyyət, azadlıq elementləri, fərdiyyətçilik ehtiva etməyə! O halda demokratiyanı bərqərar etmək çox çətin olur. Bəli, elə ənənələr tipləri var ki, onlar güclü cəmiyyət formalaşdırmırlar. Məsələn, Azərbaycanın əsrin əvvəlindəki demokratik təcrübəsini Qərb tədqiqatçıları bir qrup ziyalının və mütərəqqi insanın eksperimenti adlandırır. Biz bunun qarşısına güclü əsas və arqument qoya bilərikmi? İnanmıram.

Bəs nə etmək olar? Arxeoloq yeri qazıb orada bir mədəniyyət nişanəsi, bioloq mikroskopa baxıb bir həyat və üzvi proses əlaməti axtaran kimi biz ənənələrin içində azadlıq, demokratiya və fərdiyyətçilik rüşeymləri axtarmalı və inkişaf etdirməliyik. 20 il ərzində demokratiya sahəsində elə bir irəliləyiş yoxdursa, bunlara təəccüb etməyin. Zira görün toy dəsgahı və yas mərasimləri sahəsində nə qədər «irəliləyiş» var! Toylar kulinariya sərgisini, qəbiristanlıqlar isə lap muzeyi
İ.Əliyev və F.Əliyev, sentyabr 2005
İ.Əliyev və F.Əliyev, sentyabr 2005
xatırladır!..

GÜCLÜ DÖVLƏT VƏ ZƏİF CƏMİYYƏT

Güclü dövlət – zəif xalq və zəif cəmiyyət deməkdir. Amma milli dövlətçiliklə bağlı təsəvvürlərdə bu amil nə qədər nəzərə alınır? Alınmır. Kimi dindirirsən deyir ki, güclü dövlət yaratmalıyıq, bizə güclü dövlət lazımdır! Şərq despotik üsulları öz qaynağını bu fəlsəfədən götürür. Amma mülkiyyət institutları və mülki cəmiyyət elementləri dövlətə münasibətdə ilkin xarakter daşıyırsa, o halda Qərb idarəçilik modeli alınır. Son 20 ildə Azərbaycan etibarlı iqtisadi model yarada bilibmi? Qətiyyən yox. Vəzifəni itirdin mülkiyyətini də itirdin! – nomenklatura, məmur kapitalizminin fəlsəfəsi budur.

Dövlət məmurun əsl mülkiyyətidir –Azərbaycanda mövcud olan iqtisadi – siyasi sistemi belə xarakterizə etmək olar. Beləliklə, maraqlı nəticə alınır. Bizə elə gəlir ki, dövlətə daha çox şey verməklə onu gücləndiririk, əslində isə güclənən elə məmur-nomenklatura eşelonudur. Mülkiyyət qiymətli daşa çevrilib – o elə bu əldən o biri ələ keçməkdə davam edir, hər vəzifə dəyişikliyi mülkiyyətin yeni bölgüsünə gətirib çıxarır. Məgər bu, normal haldırmı? Buna sözün elə əsl mənasında güclü dövlət demək olarmı? Dövlət o vaxt güclü olur ki, o, mülkiyyət toxunulmazlığını təmin edir, ədalətli iqtisadi rəqabəti qoruyur və mülkiyyət də «yüngül əxlaqlı qadın» kimi bir əldən başqa ələ keçmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG