Keçid linkləri

Təcili xəbərlər

Mövhumat əsr tanımırmı?


Qairədə səsvermə, 28 noyabr 2011
Qairədə səsvermə, 28 noyabr 2011
Öz inqilabları ilə hamımıza həyəcanlı və maraqlı anlar yaşadan ərəb ölkələri indi də keçirdikləri seçkilərlə diqqəti cəlb edirlər. Bir növ əvvəlcədən güman edilən və ehtimal olunan hadisələr baş verir. Hamı bu ssenariləri gözləsə də, ən son anda onların baş verməyəcəyinə ümid edirdi. Bir çox müşahidəçilər diqqətlə etiraz aksiyalarının gedişini izləyir, orada dini şüarların, çağırışların olub – olmamasına diqqət yetirirlər. Yaxud da tutaq ki, Misirdə H.Mubarak'ın vaxtında qeyri-leqal fəaliyyətə keçmiş dini qüvvələrin siyasi proseslərə nə dərəcədə təsir edib-etməməsini araşdırırlar.

Nə qədər təəccüblü olsa da, əvvəl prosesin dini çətir altında baş verməməsi təəssüratı yaranırdı. Amma budur, digər ərəb ölkələrinin ardınca Misirdə də parlament seçkisinin ilk turunda mandatların çoxu mötədil və mühafizəkar dini qüvvələrə nəsib oldu. Artıq belə fikir dolaşır ki, gələcək parlamentdə mandatların ən azı 65 faizi dini qüvvələrin əlində olacaq. İlkin razılaşmalara görə, hökumətin formalaşması məsələsi hərbçilərin səlahiyyətində olsa da, artıq indidən ən çox mandat toplayan siyasi qüvvə - «Müsəlman qardaşları» hökuməti də özlərinin formalaşdıracaqlarını bəyan edir. Təsadüfi deyil, bəzi analitiklər «yeni İran»ların yaranmasından bəhs edir.

Ərəb ölkələri, xüsusən də onların liderlərindən biri olan Misir hansı yolu tutacaq? Yoxsa teokratik dövlətlərin sayı indi də ərəb ölkələrinin hesabına artacaq və biz də ən yeni teokratiyaların yaranmasının şahidləri olacağıq? İndi böyük siyasətə azacıq belə dəxli olan ölkələr bu suallara cavab axtarır, çünki prosesin regionda ən azı sülh və müharibə məsələsinin taleyini həll edəcəyi şübhəsizdir.

TÜRKİYƏ, İRAN, YOXSA SƏUDİYYƏ ƏRƏBİSTANI?

Misir seçkilərinin ümid verən tərəflərindən biri budur ki, daha çox mandat mötədil islamçılara – «Müsəlman qardaşları»na qismət olub. Onlar radikal islamçılarla müqayisədə dünyəvi qanunları tanıyır və dünyəvi idarəçiliyi də qəbul edirlər. Bu qüvvə bir qədər Türkiyənin AKP-sinə bənzəyir.
R.T. Ərdoğan Misirdə, 13 sentyabr 2011
R.T. Ərdoğan Misirdə, 13 sentyabr 2011
Prosesin əvvəlində də islam amilinin qaçılmaz olduğu ehtimal edilirdi, amma belə bir ümid vardı ki, ərəb dövlətlərinin bir qismi öz inkişafında Türkiyə modelinə üstünlük verəcək. Türkiyənin proseslərdəki iştirakı da bu ümidləri artırırdı.

Amma indi ərəb ölkələrində, o cümlədən də Misirdə təsir üstündə üç dövlət – Türkiyə, İran və Səudiyyə Ərəbistanı mübarizə aparır. Bəlkə də Səudiyyə Ərəbistanının bu sırada qeyd olunması bir qədər qəribə görünə bilər. Lakin onun ərəb dünyasına böyük təsiri var. Xüsusən də nəzərə almaq lazımdır ki, teokratik monarxiya olan Səudiyyə Ərəbistanı çox güclü iqtisadi resurslara malikdir və bu resurslar digər ərəb ölkələrini cəzb etmək iqtidarındadır.

İndi ərəb ölkələrinin konkret inkişaf təmayülü haqda söz demək çox çətindir. Biz Misiri təsadüfən seçmədik. Misir digər ərəb ölkələri ilə müqayisədə daha çox dünyəvi inkişaf praktikasına malik dövlət idi. Amma seçkinin ilkin turu nəyi göstərdi? Misirdə seçkilərin ilkin turunda dünyəvi partiyalar demək olar ki, mandat qazana bilmədilər. Avropa ilə təmasları azı min illərdən çox olan və avropalıların daim can atdıqları bu ölkə, necə deyərlər, ümidləri doğrultmadı və prosesləri izləyənlərin çoxunu məyus etdi.

Üç amil var ki, onlar müəyyən bir ümid üçün əsas saxlayır. Birincisi, ən çox mandat mühafizəkar islamçılara deyil, mötədillərə qismət olub. İkincisi, mötədil islamçılarla mühafizəkarları ayıran çoxlu məqamlar ki, bunlar onların birliyini istisna edir.
Hərbçilər seçkidə asayişi qoruyurlar, 5 dekabr 2011
Hərbçilər seçkidə asayişi qoruyurlar, 5 dekabr 2011
Üçüncüsü də budur ki, ordu ölkədə hələ də həlledici amillərdən biri kimi qalır. Amma bu seçkinin nəticələri ən çox o aspektdən maraq kəsb edir ki, yaxın vaxtlarda Misirin yeni konstitusiyası qəbul edilməlidir. O, necə olacaq? Özündə nələri ehtiva edəcək? Bəlkə də yaxın gələcəyə aid olan bu sualların cavabı məhz indiki seçkilərdə verilir...

QƏRBİN DİNİ – SİYASİ PRAKTİKASI

Ərəb ölkələrində, xüsusən də Misirdə cərəyan edən hadisələrə baxanda, elə ağla gələn ilk fikir bu olur ki, bunun Qərb analoqunu tapasan. Təəssüf, belə analoq yoxdur. Qərbdə dinin siyasətdə və dövlət işlərində hamını qane edə bilən modeli tapılıb və bu model artıq neçə illərdir özünü praktikada sınayır.

Hələ ki problem yoxdur. Qərbdə də xristian-demokrat partiyaları var. Bəli, onlar platformalarında xristian dəyərlərinə üstünlük verdiklərini bəyan edir, amma bu digər etiqad sahibləri üçün hər hansı problem yaratmır. Eyni sözü Qərbin mühafizəkar partiyaları haqda da demək olar. Amma Şərq riyaziyyat həvəskarlarına bəlli olan «qəribə attraktor» tək islam dəyərlərinin ətrafında dövr etməklə məşğuldur. Çox maraqlıdır ki, bu ölkələr öz tarixi inkişaflarının bir hissəsini qədim teokratiya dövlətində – xilafətdə keçiriblər. Doğrudanmı, xilafət bu xalqların şüurunda bu qədər xoş izlər buraxıb?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG