Keçid linkləri

Təcili xəbərlər

«Allahu-əkbər» kimin yadına nə vaxt düşür?


Liviyada üsyançılar Ras Lanuf şəhərində döyüşlərə fasilə verib, namaz qılırlar. 4 mart 2011
Liviyada üsyançılar Ras Lanuf şəhərində döyüşlərə fasilə verib, namaz qılırlar. 4 mart 2011

Bu günlərdə «Xəzər» Universitetində Ağalar Məmmədov bizlərin – Rəhman Bədəlovun, Zeynal Məmmədlinin, Nəriman Qasımoğlunun, Toğrul Cuvarlı və Cəmil Həsənlinin Türkiyədən gəlmiş prof. Əhməd Arslanla görüşünü düzənlədi. Əhməd bəy İslam fəlsəfəsi üzrə uzman olsa da bizə baxanda İraqa, Liviyaya, Misirə, Suriyaya daha yaxın ölkədən, yəni Türkiyədən gəldiyi üçün bəzi siyasi durumlarla bağlı düşüncələrini bilmək istədik. Düşüncələr birdən aparıb ərəb kimliyinə çıxardı.

Bu yerdə milli kimlik məsələsinin başlıca açımı

Avropada və hərdən bizdə də «milli identiklik» deyimini işlədirlər. Milli eynilik anlamını verən bu deyimdə «ərəbin «eyni» sözü həməncə tanımanı, bilməni bildirmir. Ona görə də düz tərcümə kimi görünmür. İngilis və başqa Avropa dillərində isə «identik» identifikasıya etmək aktının, eləminin yanında gəzdirdiyi üçün tanımaq, ona görə də anlamaq, bilmək eyləmlərini sezdirir.

Doğrudan da mən nə zaman bilirəm ki, filankəs yaxşı adamdır? O zaman ki bu filankəsi davranışlarına görə «yaxşı adam» anlayışı ilə eyniləşdirirəm. «Yaxşı adam»-dır deyimindəki bu axmaq səslənən «dır/dür» şəkilçisi bilməklə bağlı azman eyləmi, aktı anladır: sən nəyisə nə iləsə bir edəndə, birləşdirəndə, identifikasiya edəndə o nəyinsə nə olduğunu, nəliyini bilirsən.

Bizim «filankəs kimlərdəndir» sualı elə bu eyniliyi tapmaq üçündür. Belə sayılır ki, qızın kimilərdən olduğunu biləndə, yəni hansı ailə, nəsillə bir, eyni olduğunu biləndə qızın evlənməyə layiq olub-olmamasını bilirsən. Əslində bu konkret örnəkdə çoxlu yanıltmaclar var, bunu «Avara» hind filmi yaxşı açaraq göstərmişdi ki, nəcib ailədən avara da çıxa bilər.

Ərəblərin mentalitetindən bir neçə kəlmə

Bu girişdən sonra Əhməd bəyin düsturunu yazımıza gətirək: ərəb kimliyinin əsasında İslam durur. Yəni ərəb özünü yalnız İslamla identifikasiya edəndə milləti ilə ilgili başlıca bilgini alır.

Bir vaxtlar bizdə azərbaycanlının özünə millət kimi «müsəlman» deməsi o idi ki, ulusumuzu İslamla identifikasıya edirdik (elə də təəccüblənməyək, gürcülərin də özlərini millət kimi Pravoslaviya ilə belənçi eyniləşdirməsi var). Ancaq hər halda 19-cu yüzilin axırı, 20-ci yüzilin erkənlərində Ağaoğlu və Hüseynzadədən tutmuş Mirzə Cəliləcən düşünərlərimizin işi sonucunda «Türk» və «Azərbaycan» ideyaları identifikasiya edici araclara çevrildi. Beləcə, bizim milli kimliyimizdə İslamla yanaşı başqa başlanğıclar da yer aldı.

Çox güman ki ərəbin milli kimliyi də tam «qatışıqsız» deyil, onun yanında misirli, liviyalı və s. də var. Sadəcə, bu qatışıqda İslam birincidir, bizdə və farslarda isə deyəmmərəm.

Bir İslam «ziddiyyəti»

Bir maraqlı situasiya sualımdan sonra mənə aydın oldu. Ərəb Yaz Devrimi başlayanda Batıda sual gəzirdi ki, bu hərəkat nə qədər İslamçı, nə qədər dünyəvi hərəkatdır. Və bu vaxt meydanlarda, küçələrdə cins geymiş oğlanların «Allahu-əkbər» qışqırması identifikasiya prinsipində düşüncə yaradırdi ki, «Allahu-əkbər» deyənlərdəndirlərsə, islamçıdırlar.

Bax, o zaman mənim ağlıma gəldi ki, bəlkə ərəb üçün «Allahu-əkbər» tam, teyxa dini deyim deyil?! Bəlkə onlarda savaş, dalaşma hallarında «Allahu-əkbər», sadəcə, bərabər olur uduş, vuruş hayqırtılarına?! Anadolu türklərinin «ya Hu» deyimində «ya» nəsə müraciətdir «Hu» isə «O»dur, konkret, «Allah»dır. Deməli, bizdəki «ya Allah» onlarda «yahu»dur. Ancaq türkdə «yahu» çox hallarda təəccüb, qınayış nidaları kimi səslənir.

İndi bəlkə Gaddafini «Allahu-əkbər» hayqırtıları altında çırpan liviyalılarda və İraqda şiələrin arasına girib özünü partlatmazdan qabaq «Allahu-əkbər» qışqıran əl-kaidəçi ərəbdə də o ünlü İslam deyimi vəcd qışqırtısını bildirirdi?!

Absurd deyilmi…?

Zaman keçdi, bu düşüncələrimi yazıya salmağa gecikdim. Əhməd bəylə söhbətdə isə həmin düşüncə məndə bu sorunu diriltdi: Siz deyirsiniz ki, Liviya, Misir ərəbinin milli kimliyi İslamdır. Ancaq biz, görürük ki, çox ərəbin Milli kimliyində İslam totallığı olduğu üçün də Gaddafini öldürən ərəblər də «Allahu-əkbər» qışqırırlar, onların düşmənləri gaddafiçilər də «Allahu-əkbər» qışqırırlar. Saddam Huseyn də «Allahu-əkbər» deyirdi, onu asanlar da deyirdi.

Nə əcəb bu, ərəblərin milli kimliyində böhran yaratmır? Axı, onlar görürlər ki, özləri də tam ürəkdən «Allahu-əkbər» deyirlər, qanlı düşmənləri də. «Allahu-əkbər» deyiminin ərəb dünyasında bu «kökə» düşməsi, axı, ərəb bilincini, şüurunu pis kökə salmalı idi?! Bunu bilərək Peyğəmbər müsəlman qanını tökməyi müsəlmana haram buyurmuşdu ki, iki müsəlmanın bir-birini eyni «Allahu-əkbər» altında öldürmək kimi absurd yaranmasın? Ancaq bir çox hədislərlə ilgili olduğu kimi bu hədis buyuruğu da dünyamızda pozuldu.

Cavabında prof. Əhməd Arslan maraqlı bir nəsnə söylədi: ərəbin özünü, düşüncələrini bildirmək məsələsində əsas dili İslamdır. Bizlər, tutaq ki, sosial hiddətimizi narazılığımızı siyasi dillə, psixoloji anlayışlarla bildiririk. Onlar üçünsə bu məsələdə birinci dil İslamdır.

Ancaq sualım yenə suallığında qalır: axı, İslam vuranın da vurulanın da bərabər səviyyədə arqumenti olursa və bu, min dəfə təkrarlanırsa, böhran yaratmalıdır?! Gözəl bir insan, az qala hər gecə xəstələrin dadına çatmış Rafiq Tağını sifariş edənlər «Allahu-əkbər» deyib bunu ediblərsə və bu dostumuzun ölümünə kədərlənən bizlərin də çoxunun ürəyində «Allahu-əkbər» varsa, bu absurdu necə çözək?! Bəlkə də indi sualın cavabını Rafiq bilir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG