Keçid linkləri

On illər ərzində davam edən İran böhranı özünün düyün nöqtəsinə çatıb. Ən yaxın günlər üçün nə baş verəcəyini demək çətin olsa da, böhran özünün bir final mərhələsini yaşayır. İndi bəlkə də daha bir yeni İsgəndər lazımdır ki, öz qəti hərəkəti ilə bu məsələyə yekun vursun. Amma məsələnin bu tezliklə həll ediləcəyi şübhəli görünür. Bunun bir neçə səbəbi var.

1. Bu vaxta qədər də bir neçə dəfə ABŞ-ın İrana zərbələr endirəcəyi haqda xəbərlər olub. Amma bunlar özünün təsdiqini tapmayıb. ABŞ-da da heç də hamı İranla müharibəni asan təsəvvür etmir. Mən bu vaxta qədər bütün bizə çatan açıqlamalara diqqət yetirmişəm. Prezidentlərdən başqa, demək olar ki bütün yüksək rütbəli ABŞ rəsmiləri müxtəlif vaxtlarda İranın hələ ki nüvə və yaxud da başqa kütləvi qırğın silahı hazırlamadığını bəyan ediblər. Elə yaxın günlərdə bir neçə ABŞ yetkilisi ölkəsini İranla savaşdan çəkindirməyə səy etdi. Onların arqumenti budur ki, İran son vaxtlar bir neçə ciddi hərbi addım atıb, öz silah arsenalını xeyli zənginləşdirib. Elə əksər hərbi ekspertlər də o fikirdədir ki, İranla savaş «Səhrada tufan» əməliyyatı tək asan olmayacaq. O vaxt rəqib bir qədər az resurslara malik idi. İranın sərəncamında isə fanatik həddə çatdırılan canlı qüvvə və ortabab raket texnikası var.

2. İndi hər şey ona hesablanıb ki, neftə yasaq qoyulandan dərhal sonra İran Hörmüz boğazını bağlayacaq. Amma birdən bağlamadı? Birdən onun buna cəsarəti çatmadı? Onda nə olacaq? Hər halda, bu perspektivi istisna etmək olmaz.

3. ABŞ digər kanallarla da hərəkət edir. Bu yaxınlarda İranın dini rəhbərinə o bir məktub da göndərdi. Bu məktubda nə yazılmışdı? Bunu heç kim bilmir. İran ordusunun hərbi təlimləri, 2011

İran ordusunun hərbi təlimləri, 2011

Ola bilsin, diplomatik ismarışlar son vaxtlar reallıq hissini itirmiş İran elitası üçün bir növ «soyuq vanna» rolunu oynasın.

4. İran Hörmüz boğazını bağlayacağı təqdirdə ABŞ hərbi müdaxilə üçün yeni mandat almalı olacaq. Bu mandatı ona dünya birliyi verməlidir. Son vaxtlar Avropa Birliyi ilə ABŞ-ın siyasətində bir sinxronluq hiss olunur və onlar bir-birini tamamlamağa cəhd edir. Amma Çin və Rusiya kimi də dövlətlər var. Onlar bu müdaxiləyə razılıq verəcəkmi? Bu, da ciddi sualdır.

QARŞIDURMA LOKAL XARAKTER DAŞIYACAQMI?

Bunu demək çox çətindir. Son müharibələrin təcrübəsi göstərir ki, ABŞ özü hərbi müdaxilə edərkən canlı insan itkisinə az yer verir. Amma İranın özü bu ssenarini poza bilər. Artıq dəfələrlə İran rəsmiləri bəyan ediblər ki, ABŞ hərbi müdaxiləyə əla atacağı təqdirdə İran onun regiondakı müttəfiqlərini də müharibəyə cəlb etməyə çalışacaq və hətta onları hədəfə götürəcək. İndi hamı bilir ki, regionda ABŞ-ın ən yaxın müttəfiqi İsraildir. Bəlkə də elə ona görə ABŞ bu yaxınlarda İsraildə 9 minlik hərbi kontingent yerləşdirmək və onun müdafiəsini gücləndirmək istəyir. Elə İsrail özü də lap yaxın günlərdə min kilometr məsafədə yerləşən hərbi hədəfləri vurmaq iqtidarında olan bir neçə müasir sualtı qayıq alıb.

MÜMKÜN QARŞIDURMANIN HUMANİTAR NƏTİCƏLƏRİ

ABŞ donanması Hörmüz boğazında, 2011

ABŞ donanması Hörmüz boğazında, 2011

Münaqişə hərbi baxımdan olmasa da, humanitar baxımdan regionun başqa ölkələrinə də təsir etmək iqtidarındadır. Neftin bahalaşacağı təqdirdə yalnız «dollar yağışı»nın artacağını güman etmək və indidən bunu hesaba vurmaq prosesi ifrat dərəcədə sadələşdirmək demək olardı. Burada elə Azərbaycanı yaddan çıxarmaq mümkün deyil. Ölkənin regiondakı bütün mümkün inkişaf ssenarilərini nəzərə alan strateji konsepsiyası varmı? Şəxsən mən belə bir konsepsiyanın mövcudluğuna inanmıram. Bəs bu vaxta qədər təcrübə nə göstərib? Ərəb ölkələrində, Liviyada proseslər baş verərkən qonşu ölkələri qaçqın axını bürümüşdü! Bütün bunları nəzərə almaq iqtidarında olan bir konsepsiyaya ehtiyac duyulur. Bəzən hərbi münaqişənin humanitar nəticə və fəsadları heç də onun hərbi məzmunundan az əhəmiyyət kəsb etmir, bir çox hallarda humanitar fəlakətlər daha uzunmüddətli xarakter daşıyır və bir qədər ağır xarakterli olur. Ümid edək ki, hələ ki münaqişə olmayacaq, olsa belə lokal xarakter daşıyacaq. Amma siyasət ümidlərlə yox, konkret tədbir və planlarla iş görür. Ümid etmək isə prosesdən kənarda qalan və ona təsir etmək üçün heç bir imkanı olmayan insanların işidir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG