Soyuq müharibənin oğlan çağında, 1982-ci ilin iyununda Sovetlərin əsas qaz kəmərlərinin birində güclü partlayış baş verdi. Sonradan məlum oldu ki, qaz kəmərinin elektron idarəetmə sistemində istifadə olunan proqramları sovet casusları Kanadadan oğurlayıblar. Əslində isə proqramlar məhz sovet casusları üçün nəzərdə tutulmuş, işə düşəndən bir müddət sonra qaz kəmərlərində güclü partlayış yaratmaq üçün hazırlanmışdı. Başqa sözlə, Qərb kəşfiyyatı Sovetlərə qarşı «elektron silah» işlətmişdi.
100 İL ƏVVƏL BAŞLAYAN MÜHARİBƏ
Elektron müharibənin tarixini nəzərdən keçirənlər, başlanğıc kimi məhz 80-ci illərə, kompüterlərin kütləvi istehsalının başlanğıcı dövrünə müraciət edirlər.
Amma dünya tarixinin ilk «elektron» hücumunun izləri bundan da qabağa, ötən əsrin əvvəllərinə gedib çıxır. Hələ 1905-ci ildə, Rus-Yapon müharibəsi zamanı ruslar Yapon ordusunun teleqraf siqnallarına maneə törətməklə düşmən hissələri arasında rabitəni pozmağa can atırdılar.
KİBER MÜHARİBƏ TƏHLÜKƏSİ
Bir əsr sonra, 2008-ci ilin avqustunda Gürcüstanla müharibədə edən Rusiya hərbi həmlələrlə yanaşı genişmiqyaslı haker hücumları da təşkil edərək Gürcüstanın internet şəbəkəsini iflic etmişdi.
Əlbəttə, bu misalların yanvarın 16-da Azərbaycanda gündəmə gələn «haker» (hacker) hücumu anlayışı ilə əlaqəsi bəlkə də 100 ildən artıq tarixi məsafədən də böyük görünə bilər. Amma düşməndən ancaq quruda, suda və havada deyil, texnoloji məkanda da qorunmaq zərurəti artıq bütün dövlətlərin müdafiə qayğılarının az qala əsas hissəsidir, daha çox kiber müharibə kimi ifadə olunur. Dünyanın ən güclü ordularının cəbbəxanasında isə artıq müxtəlif ənənəvi hücum silahları ilə yanaşı kiber silahlar da var.
Gəlin son dövrün ən çox yadda qalan kiber hücumlarını yada salaq.
ESTONİYA HÜCUMU TƏHLÜKƏNİN CİDDİLİYİNİ GÖSTƏRDİ
2007-ci ilin aprelində Estoniyanın internet şəbəkəsi sıradan çıxdı. Dövlət orqanlarının saytları açılmır. Məmurlar internetə qoşula bilmirdilər. DoS (Denial of Service – Xidmət göstərməkdən imtina etmək) tipli bu hücumlar zamanı yüz minlərlə kompüter hədəfə yönəldilərək onun normal fəaliyyətini mümkünsüz edir. Rusiya hakerlərinin həyata keçirdikləri Estoniya hücumu problemin nə qədər ciddi olduğunu bir daha qabartı. Bir sıra dövlətlər təcili şəkildə xüsusi qurumlar yaradaraq özlərini belə hücumlara hazır vəziyyətə gətirdilər. Estoniyanın da üzvü olduğu NATO yeni yaratdığı kiber hücumlardan müdafiə xidmətinin qərargahını məhz Estoniyada yerləşdirmək qərarına gəldi.
«SYXYMU» HÜCUMU «FACEBOOK» VƏ «GOOGLE» DA SIRADAN ÇIXARIR
2008-ci il Rusiyanın Gürcüstana qarşı tətbiq edtiyi «Syxymu» hücumu ilə yanaşı (Syxymu adlı bloqqerin adından göndərilən nəhəng Spam dalğası ancaq Gürcüstandakı internet ünvanlarına deyil, dünyanın aparıcı Sosial Şəbəkələri və texnologiya şirkətlərinin xidmətlərinə də təsir etmişdi), İsrail və Fələstin hakerləri arasında gedən genişmiqyaslı hücumlarla da yadda qaldı.
İRAN VƏ ŞİMALİ KOREYA
2009-cu ilin ən güclü hücumları kimi İranda müxalifətyönlü hakerlərin ölkənin rəsmi saytlarına hücumlarını qeyd edirlər. Eyni ildə, Şimali Koreya haker hücumu həyata keçirərək dünyanın müxtəlif yerlərindəki 50 min kompüteri Cənubi Koreya və ABŞ şirkətlərinin saytlarına qarşı hücuma cəlb edə bildi.
AVRORA ƏMƏLİYYATI
2010-un əsas haker hadisəsi Avrora adı alan kiber hücum sayılır. Çin hakerləri «Google»un e-mail sistemini sındıraraq jurnalistlərin və insan haqları müdafiəçilərinin elektron ünvanlarını ələ keçirmişdi. İlk baxışdan ideoloji intiqam kimi görünən bu hücumların, əslində daha təhlükəli bir hadisə olduğu «Google» şirkəti öz araşdırmasının nəticələrini açıqlayandan sonra bəlli oldu. Məlum oldu ki, Avroranın qurbanları arasında ABŞ-ın bir sıra şirkətləri arasında ABŞ-ın hərbi sifarişlərini həyata keçirən firmalar da var.
WIKILEAKS ƏTRAFINDA HAKER DÖYÜŞLƏRİ
2011-ci il əsas kiber müharibəsi qalmaqallı WikiLeaks ətrafında baş verirdi. Jullian Assange-ın tərəfdarları bu saytla əməkdaşlığı kəsən internet provayderlərinə, dövlət qurumlarına və banklara qarşı şiddətli hücumlar təşkil edirdilər.
ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN
Azərbaycandakı haker fəallığı əsasən Ermənistanla aparılan «yerli əhəmiyyətli döyüşlər» və «Azadlıq» qəzetinə olan hücumlarla məhdudlaşırdı. Yanvarın 16-da baş verənləri öz nəticələrinə görə olmasa da, həcminə görə kifayət qədər böyük hücumların sırasına aid etmək olar. Hücum nə qədər genişdirsə, onun mənbəyini tapmaq bir o qədər asanlaşır.
Belə bir məşhur ifadə var, 3-cü dünya müharibəsi Kiber Müharibə olacaq. İndi hamı Azərbaycan rəsmilərindən cavab gözləyir 16 yanvar hücumu hardan qaynaqlanırdı? Bu cavabı verməklə Azərbaycan ekspertləri həm də ölkənin Kiber müharibəyə nə dərəcədə hazır olduğunu nümayiş etdirə bilərdilər.