Keçid linkləri

Ölkə hələ də Fransa Senatının qəbul etdiyi məşhur qanunun təsiri altında yaşamaqda davam edir. İnsanlar səfirlik qarşısında etiraz aksiyaları keçirir, kəskin bəyanatlarla çıxış edirlər. Hətta hakim partiyanın təmsilçiləri də çox kəskin bəyanatlar səsləndirməkdən çəkinmədilər. Amma bu da onları ciddi tənqid mənbəyi olmaqdan xilas etmədi. Bəs, bu tənqid nə qədər əsaslıdır?

1. Dövlət və partiya rəsmiləri prosesin əvvəlində öz bəyanatlarına bir qədər kəskin ton versəydilər daha yaxşı olardı. Çünki artıq, necə deyərlər, qatar gedib və gedən qatarın ardınca qaçmaq səmərəsiz məşğuliyyətdir.

2. İki dövlətə – Azərbaycana və Ermənistana münasibətdə balanslı bir siyasətdən söhbət gedirsə, Fransa bunu heç bir vaxt gözləməyib. Hələ Fransa «erməni soyqırımı»nı tanıyarkən dövlət rəsmiləri onun Minsk Qrupunda həmsədrliyinin məqsədəuyğunluğunu nəzərdən keçirməli idilər.

3. Amma bütün tənqidlərə və iradlara baxmayaraq, mən bir məsələni qeyd etməyə bilmərəm. İndi hakimiyyət ciddi addımlara təhrik olunur. Amma belə addımlar atmaq nə qədər məqsədəuyğundur? Təminat varmı ki, bir çoxunu təəccübləndirən aktı qəbul edən Fransa Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılandan sonra daha böyük sürpriz etməyəcək – Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaq?

Təəssüf ki, belə təminat yoxdur. Fransa çox böyük ehtimalla o addımı da ata bilər. Ona görə mən bu məsələdə hakimiyyətin ünvanına səslənən kəskin tənqidlərə bir qədər pessimist yanaşıram. Fransa ilə bir qədər mülayim münasibətlər saxlamaqla ölkəni onun bu addımından bir növ hifz edə bilərik.

Nəzərə almaq lazımdır ki, N.Sarkozy mürəkkəb, qəliz siyasət yürüdür. Bəziləri deyir ki, onun bu addımının qarşısını ABŞ alacaq. Amma kiçik bir detalı unutmayaq. ABŞ Gürcüstanın NATO-ya üzv olmasını arzu edir, lakin Fransa və Almaniya bu ölkənin NATO-ya üzvlük məsələsini əsl problemə çevirib, faktiki olaraq onun qarşısını alıb.

NƏDƏN BELƏ OLDU?

N.Sarkozy
N.Sarkozy
Ən çətini elə bu suala cavab verməkdir. Məşhur İnsan və Vətəndaş Haqları Bəyannaməsi də fransız siyasi təfəkkürünün məhsuludur. Həmin sənəddə deyilir ki, fikrin və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir!

Hələ başqa detal da var. Qəbul edilən qanun ölkənin əsas qanunun 34-cü maddəsinə də ziddir. Bunun təsdiqi o oldu ki, Konstitusiya komitəsi Senatın müzakirəsinə çıxarılan aktın ölkə konstitusiyasına da zidd olduğunu bəyan etdi.

Hələ başqa detallar da var. Soyqırımı bir hüquqi anlayış kimi ilk dəfə 1943-cü ildə işlədilib. Genosid haqda ilk hüquqi sənəd – konvensiya isə 1948-ci ilə təsadüf edir. Bunlar kifayət qədər məlum faktlardır. Amma bütün bunlar N.Sarkozy’ni belə bir addım atmaqdan çəkindirmədi. Bəs səbəb nədir?

1. Birmənalı fikir yürütmək çətindir. Deyirlər ki, Sarkozy öz seçkisi ərəfəsində erməniəsilli vətəndaşların səsini qazanmaq istəyir. Amma erməniəsillilərin Fransa elektoratında xüsusi çəkisi bu qədərmi çoxdur?

2. Çox güman ki, N.Sarkozy'nin erməniəsillilərin səsinə yox, maddi dəstəyinə ehtiyacı var. Liviya prezidenti M.Qaddafi N.Sarkozy'nin seçki kampaniyasını maliyyələşdirdiyini bəyan etmişdi. O vaxt fransızlar bu bəyanatı araşdırmadı və bəlkə bununla son illərin ən böyük siyasət qalmaqallarından birinin üstü açılmamış qaldı.

Biz çox vaxt böyük siyasəti insan xarakterlərinin fövqündə olan bir hadisə kimi araşdırırıq. Amma təəssüf ki, belə deyil.

FRANSAYA NECƏ MÜNASİBƏT BƏSLƏMƏLİ?

Əvvəl necə münasibət olubsa, elə həmin münasibəti də saxlamaq lazımdır. Mən burada kiçik bir haşiyə çıxmaq istəyirəm, yəqin oxucular bunu da üzrlü hesab edər.

İstanbulda Fransa əleyhinə etirazlar, 23 dekabr 2011
İstanbulda Fransa əleyhinə etirazlar, 23 dekabr 2011
2000-ci il idi. Müxalifət seçkidə triumfal qələbə qazanmış, gəl, onu təsdiq edə, qoruyub saxlaya bilməmişdi. Mən bir neçə günlüyə əyalətə çəkildim.

Rayonda üz qabığı artıq cırılmış qalın bir kitab keçdi əlimə. O, Huqo'nun «Səfillər»i idi. Mən əvvəllər də bir neçə dəfə bu əsəri oxumuşdum. Yenidən oxumağa başladım. İlahi, bu əsər məni necə də valeh etdi!

İndi bu haqda yazarkən yadıma sevdiyim fransız adları düşür: Voltaire, Marat, Danton və nəhayət Napoleon! İndi mən bundan sonra Fransaya necə pis münasibət bəsləyim? Qanunlar əbədi deyil, hətta onlar da dəyişir. Ola bilsin ki, bir gün elə həmin Fransada həmin qanunun dəyişməsi üçün kampaniya başlayacaq və bunun da təşəbbüsçüsü elə türkəsilli fransalılar olacaq!

Kim bilir? Dünya deyilən qəliz məkanda nələr olmur ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG